06 may 2024 16:01
342

COP29 dönəmində savaşların dayanması ilə bağlı çağırış Azərbaycanın qlobal liderliyinin təsdiqidir - EKSPERT/ÖZƏL

Azərbaycan indiyədək bir çox qlobal məsələlərin həllində tam güclü və ləyaqətli bir dövlət prinsipindən çıxış edərək ədalət və hüququn təmin edilməsi məsələsinə böyük önəm verib. Buna qədər Azərbaycan dünyada istər koronavirus vaxtı vaksin millətçiliyi olsun, istər beynəlxalq ətraf mühit məsələləri olsun, istərsə də bütünYer kürəsini narahat edən məsələlərdə qlobal tendensiyaların, çağırışların önündə yer alan dövlət olub. Bugünədək məhz Azərbaycanın ədalətli mövqeyi və həmçinin dünya miqyasında beynəlxalq təşəbbüsü ələ almağı fonunda bu gün Azərbaycan Fransa neokolonializmi də daxil olmaqla beynəlxalq münasibətlər sistemindəki bir çox nizamsızlığa qarşı müqavimətin önündə yer alır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi. 

Ekspert qeyd etdi ki, Azərbaycanda keçiriləcək COP29 tədbiri bütün yer kürəsini narahat edən məsələlərin müzakirə ediləcəyi bir platformaya çevriləcək. Artıq ölkələr öz şəxsi ambisiyalarını kənara qoymalıdırlar. Çünki Yer kürəsi bütün ölkələrin, bütün dünya insanlarının yaşadığı planetdir. Bu gün ətraf mühitlə bağlı məsələlərdə siyasi ambisiyalar, şəxsi düşmənçiliklər kənara qoyularaq vahid müzakirə aparılmalı və çıxış yolları məsələsi ortaya qoyulmalıdır. Bu baxımdan Azərbaycan COP29 kimi beynəlxalq əhəmiyyətli və çox vacib bir tədbirə ev sahibliyi edən ölkə olaraq yenə qlobal əhəmiyyətli bir təşəbbüsə imza atıb.

Tural İsmayılov bildirdi ki, dövlətimiz savaşların dayanmasını və COP29 dönəmində hər kəsin diqqətinin bütün dünyanı narahat edən məsələlərə yönəlməyini istəyir. Bir daha qeyd edirəm ki, Azərbaycan hər bir məsələdə olduğu kimi, belə vacib, həssas bir məsələdə də qlobal liderliyə malik olan bir ölkə kimi COP29 məsələsində dünyada savaşların bitməsini, atəşkəs bağlanılmasını və hamının ətraf mühit məsələlərinə fokuslanmağını istəyir. Hesab edirəm ki, Azərbaycanın bu çağırışı və addımı kifayət qədər təqdirəlayiq və dünya tarixinə iz salacaq addımlardan biridir. 

Cavid Əkbər, “İki sahil”