06 may 2024 15:39
248

Azərbaycanın multikultural dəyərləri təşviq edən qlobal ideyaları bəşəriyyətin mənafeyinə xidmət göstərir

Azərbaycanın ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib. 

Dünyanın 30-dan çox ölkəsindən dini liderlərin qatıldıqları tədbirdə dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi, dindən sui-istifadə olunması hallarının qarşısının alınmasında birgə səylərin artırılması, müasir dünyanı, sülhü və əmin- amanlığı təhdid edən amillərə, xüsusilə müharibələrə, qarşıdurmalara, dinlərarası ixtilaflara qarşı müxtəlif sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyi, iqlim dəyişikliyi və ekoloji böhran problemlərinə dinlərin münasibəti, media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin, ictimai və siyasi xadimlərin birgə fəaliyyəti və digər məsələlər müzakirə olunub, çağırışlar edilib, təkliflər səsləndirilib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədr müavini Rəşad Əliyarlının moderatorluğu ilə keçirilən Bakı görüşündə açılış nitqi ilə çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyanın nüfuzlu beynəlxalq qurumları – UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ICESCO və Dünya Turizm Təşkilatını tərəfdaş kimi cəlb edən yeganə platformadır. Azərbaycan Prezidentinin müəllifi olduğu, 2008-ci ildən mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlərin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, dini liderlər, nüfuzlu alim və ekspertlər arasında səmərəli fikir mübadilələrinin aparılmasına əlverişli imkan yaradıb.

Qeyd edilib ki, dünyanın humanitar ideya mərkəzlərindən biri kimi çıxış edən Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əhəmiyyətli Zirvə görüşlərinə uğurla ev sahibliyi edir. Azərbaycanın multikultural dəyərləri təşviq edən qlobal ideyaları bölgənin, həmçinin bütün bəşəriyyətin mənafeyinə xidmət göstərir. 

Zoya  Caniyeva,
265 № li tam orta məktəbin ibtidai sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü