08 may 2024 01:14
372

Uğurlar bir-birini əvəz edir

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, biz anlayırdıq ki, münaqişənin sülh yolu ilə həlli mümkün olmasa, bunu hərbi yolla həll edəcəyik. Halbuki, uzun illər ATƏT-in artıq dəfn edilmiş Minsk qrupunun həmsədrlərinin üçü də bir ağızdan deyirdilər ki, guya münaqişənin hərbi yolla həlli yoxdur. Bununla onlar həm də Azərbaycana bir növ mesaj verirdilər ki, bu yolu seçsəniz, uğur qazana bilməyəcəksiniz. Amma dövlətimizin başçısı sübut etdi ki, münaqişənin həllinin hərbi yolu da var. Belə ki, 2020-ci ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənin növbəti təxribatlarına qarşı başladığı əks hücumla işğal altında olan torpaqlarımız azad olundu. Bu Zəfər buna qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını dinc yolla qaytarsın. Bütün bunlar da 10 noyabr Bəyanatı ilə rəsmiləşdirildi. Ötən ilin sentyabr ayında isə 23 saat davam edən lokal antiterror əməliyyatı ilə ölkəmiz öz suverenliyini tam bərpa etdi. Bununla da qarşıya qoyulan məqsədə nail olundu. Şübhəsiz, belə olmasaydı, uzun illər acı bağırsaq kimi uzanan Qarabağ münaqişəsi hələ də həll olunmamış qalardı.

Prezident İlham Əliyev bu günlərdə Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında demişdir ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik”.

Bütün bunlardan sonra Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı yenə danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Daha doğrusu, Azərbaycan torpaqlarını əsarətdən qurtarmaqla Hayastanı sülhə məcbur etməyə başladı. Bu mənada həmin əməliyyatları sülhə məcburetmə əməliyyatının ilk simptomları adlandırmaq olar. Hazırda heç bir vasitəçi olmadan Ermənistanla Azərbaycan arasında sülh danışıqları intensivləşib və bu istiqamətdə müəyyən irəliləyişlərə nail olunub. Sevindirici haldır ki, Azərbaycanın uğurla həyata keçirdiyi sülhə məcburetmə siyasəti artıq öz bəhrəsini verməkdədir. Məsələn, 2024-cü il aprelin 19-da heç bir vasitəçi olmadan Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin heç bir güllə atılmadan, itki verilmədən Azərbaycana qaytarılması barədə razılıq əldə edildi. Artıq 1991-ci il Almatı Bəyannaməsinə istinadən bu istiqamətdə delimitasiya və demarkasiya prosesi öz axarı ilə gedir. Bütün bunlar rəsmi Bakının beynəlxalq hüquq normaları çərçivəsində sülh məsələsində Ermənistana təzyiqinin kifayət dərəcədə güclü olmasını bir daha təsdiq edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə onun ermənistanlı həmkarı Ararat Mirzoyan arasında növbəti görüş Qazaxıstanın Almatı şəhərində mayın 10-da keçiriləcək. Bu tədbirdə Qazaxıstan hakimiyyəti vasitəçi rolunu oynamayacaq. Siyasətçilərin fikrincə, bu görüşün sülh danışıqlarına yeni nəfəs verəcəyi şəksizdir. Xatırladaq ki, Mirzoyan–Bayramov görüşü sonuncu dəfə bu ilin fevralında Almaniyanın xarici işlər naziri Annale­na Berbokun iştirakı ilə Berlində keçiri­lib. Həmin dialoq Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Münxen Təhlükəsiz­lik Konfransı çərçivəsində Prezident İl­ham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdən sonra təş­kil olunmuşdu.

Beynəlxalq hüquqa müraciət etsək görərik ki, Azərbaycanın apardığı işğala son və sülhə məcburetmə əməliyyatları tam legitim xarakter daşıyır. Yəni, bu addım BMT-nin Nizamnaməsinin müvafiq maddələri ilə tam uyğunluq təşkil edir. Xatırladaq ki, bu əməliyyatlar da BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanaraq aparılıb. Bildiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şürasının 4 qətnaməsi qəbul edilmişdir. Hazrıda da Azərbaycan məhz BMT-yə əsaslanaraq sülhəməcburetmə konsepsiyasını reallaşdırmağa çalışır.

Qvami Məhəbbətoğlu, “İki sahil”