08 may 2024 00:57
335

Qərbin "demokratiya"sı, yoxsa müstəmləkə "dəyənəyi"?...

Müharibə, milli münaqişələr, terror aktları, dini radikalizm, qaçqınlar, miqrantlar ordusu, rəngli inqilablar, xaos kimi anlayışlarla assosiasiya olunan bu «demokratiya» insanlara fəlakət gətirir

Dünya siyasətində Cənubi Qafqaz amili həmişə aktual, gündəmdə olub. Supergüclərin bölgədə toqquşan maraqları, bu ərazidə söz sahibi olmaq naminə güclənən rəqabət radikallıq baxımından daha da intensivləşib. Dünya dövlətlərinin maraq göstərdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasında əsas tərəflər olan Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyünün əməkdaşlığına xələl gətirmək üçün müxtəlif bəhanələrdən istifadə edən Qərbin bölgə dövlətlərinə qarşı ikili yanaşma siyasəti vəziyyəti daha da gərginləşdirir. 44 gün davam edən və Azərbaycanın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ermənipərəst dairələrin ölkəmiz əleyhinə təxribatlarını müxtəlif istiqamətlər üzrə gücləndirməsi bölgədə siyasi tarazlığı pozmaqla ikili standartların müxtəlif formalarda tətbiqini də sürətləndirir.

Bakı-Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərlərinin davamı olan Bakı-Tbilisi-Qars dəmir yolunun, Cənub Qaz Dəhlizinin tərəfdarlarının artması da günümüzün reallığıdır. TANAP və TAP layihələrini dəstəkləyən dövlətlərin sayının artması qlobal layihələrdən kənarda qalan Ermənistanın havadarlarını əvvəl olduğu kimi, bu gün narahat edir. 30 il Azərbaycan torpaqlarını başqalarının dəstəyi ilə işğal altında saxlayan rəsmi İrəvana hər cür yardım göstərməklə, artıq lənətlənmiş Minsk qrupunu formalaşdırmaqla ölkəmizə qarşı mənfur niyyətlərini həyata keçirən Qərb kimi ABŞ Administrasiyası da Vətən müharibəsindən sonra Azərbaycana qarşı təhdidlərini, təzyiqlərini inhisarlarında olan beynəlxalq qeyri- hökumət təşkilatları, KİV-lər vasitəsilə davam etdirirlər. Amma unudurlar ki, qonşu dövlətlərin birgə səyi ilə reallaşan enerji və nəqliyyat layihələrinin Azərbaycan və Gürcüstan iqtisadiyyatına verdiyi səmərəni hər iki ölkənin ictimaiyyəti, əhalisi gündəlik həyatlarında, məişətlərində hiss edir və ölkələrimiz arasındakı bu səmimiyyəti dəstəkləyirlər. Bölgənin və bəzi Avropa dövlətlərinin enerji resursları ilə təminatında əsas rolu olan Azərbaycan Gürcüstan iqtisadiyyatının, xüsusilə, qonşu ölkənin turizm və xidmət sektorunun inkişafında əvəzsiz rola malikdir. Ən nəhayət, Gürcüstan öz tranzit imkanlarından məhz Azərbaycanın müəllifi olduğu qlobal enerji və nəqliyyat layihələri hesabına istifadə edir. Ötən illərdə qış mövsümündə enerji çatışmazlığından əziyyət çəkən Gürcüstanın təbii qaz və enerji ilə təminatında dost yardımını əsirgəməyən Azərbaycanın fədakarlığını gürcülər bu gün də qardaş köməyi kimi yüksək dəyərləndirirlər.

Təbii ki, bu faktorları nəzərə alan hər iki xalq Qərbdə hazırlanan məkrli planların reallaşmasına heç vaxt yol verməməlidir. Cənubi Qafqaz regionunda sabitliyi təmin edən Azərbaycan kimi, Gürcüstan da belə məkrli gedişlərə qarşı birgə mübarizə aparmalı, əməkdaşlığa xələl gətirəcək siyasi oyunlardan istifadəyə yol verməməlidir. Bölgə dövləti kimi, «qara piar» kampaniyalarının əsl mahiyyətini düzgün qiymətləndirməklə münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməli, bu cür hallara qarşı etirazlar birgə rəsmi bəyanatlarla qərəzli dairələrin diqqətinə çatdırılmalıdır.

Son günlərdə qonşu ölkədə baş verənlər, davam edən aksiyalar göstərir ki, Cənubi Qafqazda sabitliyi pozmaq üçün «demokratik dəyərlər» pərdəsi altında təhdidlər vəd edən Qərb liberal ideyalar daşıyıcısı deyil. Qərbin başqa ölkələrə təsiretmə mexanizminin reallığı, gətirdiyi «demokratiya»” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur. Gürcüstanda «Xarici təsirin şəffaflığı haqqında»” qanun layihəsi ətrafında baş verənlər, ölkədə yaranan xaos təkcə Qərb-Rusiya qarşıdurmasının təzahürləri deyil, həm də qonşu ölkənin milli təhlükəsizliyinin, xalqın ləyaqətinin qorunması məsələsidir. Gürcüstan hakimiyyəti ölkədə xarici donorların fəaliyyətini məhdudlaşdırmaq istəyir. «Xarici təsirin şəffaflığı haqqında”» qanun layihəsinin Gürcüstan parlamentində 83 deputat tərəfindən birinci oxunuşda dəstəklənməsi ilə ölkədə siyasi gərginlik daha da güclənib. Cəmiyyətdə qanunun tərəfdarları və əleyhdarları arasında qarşıdurma yaranıb.

Xatırladaq ki, bu cür qanunların ən sərt nümunəsi Amerika Birləşmiş Ştatlarında illərdən bəridir ki, qüvvədədir. ABŞ-da qeyri-kommersiya qurumlarının və medianın xarici təsirlərdən qorunmasına yönələn digər sərt aktlar da mövcuddur. Bununla belə, ABŞ-ın və bəzi Qərb dövlətlərinin üçüncü ölkələrdə qeyri-kommersiya qurumlarını, medianı və siyasi partiyaları maliyyələşdirən xarici donorların fəaliyyətini məhdudlaşdıran istənilən qanunvericilik təşəbbüsünə qarşı çıxımaları təbii ki, qaranlıq məqamlardan qaynaqlanır. Gürcüstan hakimiyyəti haqlı olaraq ölkədə artmaqda olan xarici təsirləri azaltmaq üçün qanunvericiliyi dəyişmək niyyətindədir. Bu məsələdə ölkə Prezidenti ilə hökumət arasında ziddiyyətin yaranması isə vəziyyəti daha da gərginləşdirir. Ənənəvi qarşıdırıcılıq siyasətini Cürcüstanda maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları, media qurumları vasitəsilə davam etdirən, insanlar arasında ikitirəlik, xaos yaradan, hökuməti təzyiq və təsir altında saxlayan Qərb dairələri hələ də bölgədə sabitliyi pozmağa nail ola biləcəklərini düşünürlər. İllərdən bəri qrantlar, çirkli pullar vasitəsilə qonşu ölkədə həyata keçirdikləri qaranlıq, təhlükəli layihələrini davam etdirməyə çalışan Qərbə etirazını bildirən gürcü xalqı Ukraynanın taleyini yaşamaq istəmir. Əvvəlki illərdə ölkə iqtidarını avantüraya sürükləyən Qərbin xəyanəti nəticəsində Cənubi Osetiya və Abxaziyanı itirən gürcü xalqı bölgəyə aid olmayan mənfur dairələrin şirin vədlərinə etirazlarını bildirirlər. İnsanlar, aksiya iştirakçıları 25 minə yaxın QHT-ni əhatə edən Qərbin təxribat şəbəkəsinin cəmiyyətə verdiyi zərərlərin nəticələrini yenidən yaşamaq istəmirlər.

Azərbaycanın bölgədə güclənən liderlik mövqeyindən ehtiyatlanan ABŞ və Qərb başa düşür ki, rəsmi Bakının maraqları nəzərə alınmadan regionda sabitliyi pozmaq cəhdləri qeyri-mümkündür. Ermənistanda Avropa İttifaqının guya sülhyaratma missiyasını yerləşdirən, əslində işğalçını yeni müharibəyə təhrik edən, açıq-aşkar silahlandıran Qərb Azərbaycanın haqqa-ədalətə əsaslanan diplomatiyası qarşısında məğlub oldu. Yeri gəlmişkən qeyd edək ki, Gürcüstandakı fondları vasitəsilə təkcə rəsmi Tbilisinin iqtidarına deyil, Azərbaycan hökumətinə də təsir etməyə çalışan Qərbin mənfur niyyətlərinin qarşısı operativ şəkildə alınır. Xatırladaq ki, Fransanın bəzi MDB ölkələrində formalaşdırdığı agent şəbəkəsi ölkəmizin təhlükəsizlik orqanlarının apardıqları əməliyyat nəticəsində aşkar edildi. Azərbaycanda formalaşdırdıqları «Abzas Media»”, «Toplum TV»” kimi layihələri müdafiə edən Qərbin «demokratiya» pərdəsi altında həyata keçirmək istədiyi «islahatlar» da uğursuzluqla nəticələnir. Qonşu ölkədə baş verən hadisələrlə bağlı reallıq budur ki, yeni qanuna etirazı gürcü xalqı deyil, Qərbin maliyyələşdirdiyi yerli QHT-lər edir. Qərbin əsas məqsədi bir vaxtlar ssenarilərinə görə həyata keçirdikləri « qızılgül inqilabı»nı təkrarlamaq, Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaqdır.

Cənubi Qafqazın siyasi sabitliyi ilə tanınan, nadir ölkələrdən sayılan Azərbaycan dəfələrlə rastlaşdığı bu kimi mənfi halların qarşısını xalq-iqtidar birliyi ilə alıb. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər göstərdi ki, qüdrətl, müstəqil, suveren Azərbaycan heç vaxt qarşıdurma platforması olmayacaq. «Avropa-Qlobal Cənub istiqamətinə və həmrəyliyə gəldikdə, biz buna nail ola bilərik. Bunun üçün biz ürəkdən çalışmalıyıq, gündəliyimiz də buna köklənib» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, sülhü müharibə vasitəsilə təmin edən Azərbaycan bölgədə müsbət tendensiyanın yarandığı, sülhə doğru addımların atıldığı, sərhədlərin nəinki delimitasiyası, hətta demarkasiyasının başladığı bir məqamda bölgədə əlavə gərginliyin yaranmasına imkan verməyəcək. «Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik» söyləyən Prezident İlham Əliyev ədalət tərəfdarı olan, beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə əngəl olmaq istəyən Qərbə xəbərdarlıq edir: «Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın… Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır… Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz?»

Müstəqilliyinə qovuşmaq istəyən Yeni Koledoniya kimi başqalarına da dəstək göstərəcəyini bildirən Prezident İlham Əliyev ikiüzlü standartları tətbiq edən Qərbə, Avropa təsisatlarına Azərbaycan tolerantlığını nümunə göstərir. Ölkələr arasında əməkdaşlığa xələl gətirə biləcək amillərdən yararlanan qərəzli dairələrə riyakarlıqdan əl çəkməyi bu sözləri ilə tövsiyə edir: «Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək.» Bu körpülərin təməli isə qarşılıqlı hörmət və etimad, sabitliyi qorumaq prinsipləri əsasında əbədiləşir. Bəzən bölgədən uzaqda yerləşənlər ermənilərdən daha çox erməni kimi davrananlar bilməlidirlər ki, beynəlxalq ictimaiyyət yalnız praqmatizmə əsaslananan siyasəti qəbul edir. Prezident İlham Əliyevin «Biz ölkələr arasında körpülər qurmalıyıq. Mən dəfələrlə demişəm ki, tranzit olmaq istəyən hər bir ölkə, - hazırda görürük ki, tranzit ölkə olmaq istəyənlərin sayı getdikcə artır, - ilk növbədə, ölkələr arasında körpülər qurmalıdır. Çünki bilavasitə qonşu və qonşunun qonşusu ilə yaxşı münasibət qurmasan, heç vaxt tranzit ölkə olmayacaqsan. Onlar səndən yan keçəcək, səndən qaçacaqlar» sözləri Qərbə ustad dərsi, Lider tövsiyəsidir.

Xuraman İsmayılqızı, "İki sahil"