07 may 2024 23:45
275

Qərbin Gürcüstan planı

Son günlər Gürcüstanda cərəyan edən mürəkkəb və ağrılı proseslər daxili məsələ kimi görünsə də, əslində hadisələrin ana xətti bir növ Qərb və Rusiya arasında seçim kimi də xarakterizə oluna bilər. Ukraynadakı müharibə dövlətlər qarşısına yeni öhdəliklər- öz mövqeyini göstərmək kimi məcburiyyət qoydu desək, yanılmarıq. Bu baxımdan da Qərbə inteqrasiya etməkdə maraqlı olan Gürcüstan neytral olmaq imkanından məhrum edilir, bu məqsədlə də anti-Rusiya təbliğatının qurbanına çevrilmək istənilir. Bundan əlavə, Rusiyaya qarşı yeni cəbhə kimi istifadə üçün təhrik edilir. Hətta Avropa Şurasına üzv dövlət kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalır. Yəni, Gürcüstan Avropaya inteqrasiya etmək istəyirsə, o Avropa Şurasının son qiymətləndirmələrinə, monitorinq hesabatlarına, həmçinin Avropa liderlərinin tövsiyələrinə əməl etməlidir. Bu da Gürcüstanın böyük ölçüdə azadlığını, milli maraqlarını məhdudlaşdırır və onu yaxınlığında olan Rusiya ilə üz-üzə qoyur. Bundan əvvəl isə oxşar ssenari 2004-cü ildə Gürcüstanda artıq tətbiq olunmağa çalışıldı. Belə ki, vaxtilə Mixeil Saakaşviliyə şirin vədlər verildi və ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya təhrik edildi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. Rusiya qoşunları isə Tbilisiyə daha da yaxınlaşdı. Vədlərinə və verdiyi sözlərə əməl etməyən, Gürcüstan hökumətini avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı və itirən tərəf isə ölkə cəmiyyəti oldu.

Ukraynada istəyinə nail olaraq uzunmüddətli müharibə planını həyata keçirən Qərb hələ ki, Gürcüstan vasitəsilə buna müvəffəq olmayıb. Lakin öz məqsədlərinə doğru ciddi cəhdlə hərəkət edir, əhalini isə istəkləri uğrunda istifadə edir. Baş verən hadisələr fonunda demək olar ki, Gürcüstan hökuməti öz mövqeyində haqlıdır. Çünki bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti ilə oxşarlıq təşkil edir. Aksiyalar, iğtişaşlar ABŞ başda olmaqla Qərbin gürcü xalqına, gürcü dövlətinə qarşı təxribatı kimi görünür. Ona görə də 2004-cü ildə olanlardan nəticə çıxaran Gürcüstan hökuməti və xalqı indi təhlükəni görür və avantüraya getmir. Əslində bu gün baş verənlər də tarixi yanlışlıqlarla bilavasitə əlaqəlidir. Çünki ötən illər ərzində Qərb Gürcüstana nüfuz edərək QHT-lər, media nümayəndələri və müxtəlif siyasi şəxslər vasitəsilə özlərinə dayaq yaratdılar. Bu məqsədlə də ölkədə fəaliyyət göstərən 25 minə yaxın QHT-nin böyük hissəsi maliyyələşdirilir və öz maraqlarına uyğun şəkildə istifadə edilir. Bunun nəticəsidir ki, Gürcüstan cəmiyyətində çox ciddi dəyişikliklər baş verdi, ölkədə narkomaniya daha çox yayıldı, milli-mənəvi dəyərlərə zərbə vuruldu, cinsi azlıqların hərəkatı isə geniş vüsət almağa başladı.

Ümumiyyətlə, ABŞ-ın, Avropanın demokratiya, insan haqları, dövlətin gələcəyi adı altında hansısa ölkəyə gətirmək istədiyi ideyalar öz məqsədinə xidmət edir və çox ağrılı, böyük qurbanlar hesabına ərsəyə gəlir. Biz bunu bəzi ərəb ölkələrində, bu gün isə Ukraynada müşahidə edirik ki, Qərbin vədlərinə inanaraq və əhali ilə hökuməti üz-üzə qoyaraq sabitliyə böyük təhdid yaradılır, uzunmüddətli münaqişələrlə dövləti zəiflədib, öz maraqlarını təmin edirlər. Ona görə də son hadisələrin belə inkişaf etməsi ən pis halda Gürcüstanın yeni Ukraynaya çevrilməsi ilə nəticələnə, yaxşı halda isə gürcü xalqı milli identikliyi olmayan topluma çevrilə bilər.

Elmir Səftərov,
siyasi şərhçi