08 may 2024 14:35
575

SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini AÇIQLADI

Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 18 min metrə yaxın qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 2 milyard kubmetr qaz hasil olunub.

SOCAR-dan "İki sahil"ə verilən məlumata görə, ölkə üzrə qaz hasilatı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq, 12,6 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, ilin birinci rübü ərzində Azərbaycanda 7,3 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3,9 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 2,3% artaraq 6,5 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 4,9 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artıb.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,7 milyon tona yaxın neft, 923,7 milyon kubmetr qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 3,6% artıb.