09 may 2024 11:23
277

"Heydər Əliyev - tarix yaradan şəxsiyyət"

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təşəbbüsü ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev - tarix yaradan şəxsiyyət" adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.

Sonra Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar rəsm sərgisinə baxılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Yeganə Əsgərova, Şamaxı rayon Veteranlar şurasının sədri Ağarza Bayramov Ulu Öndərin zəngin siyasi irsindən, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizədən danışıblar. Bildiriblər ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıb. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan və xalqımız zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxıb. Azərbaycanı məhv olmaqdan qurtararaq işıqlı sabaha çıxaran, dövlətin ideoloji-siyasi əsaslarını yaradan Ümummilli Liderin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillər üçün unudulmaz tarixdir.

Tədbirdə bir qrup partiya fəalı fəxri fərmanlar, təşəkkürnamə ilə təltif edilib. Partiya sıralarına yeni qəbul olanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə bədii hissə ilə yekun vurulub.