09 may 2024 12:03
389

Rəsmi səfər dövlətlərarası münasibətdə yeni mərhələ olacaq

Müstəqil dövlət kimi dünyanın əksər dövlətləri ilə ikitərəfli, çoxtərəfli siyasi, iqtisadi, mə­də­ni əlaqələri olam Azərbaycan bəşəri dövlət olaraq ehtiramlarla əhatələnib. Bunun nəticəsidir ki, dövlətlərarası münasibətlər sistemində Azərbaycan həmişə öncüllər sırasında olub. Azərbaycan-Bolqarıstan münasibətləri də bu baxımdan diqqəti çəkir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də Azərbaycana rəsmi səfəri də bu münasibətlərin daha da dərinləşəcə­yi­nin zəmanətidir. Bu səfər səmərəli siyasi dialoq kimi tarixləşdi. Qarşılıqlı inam və etimad əsa­sında formalaşmış Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji ­ və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin va­cib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər də bu tezis əsasında genişlənib, genişləndirilir. Bu iki dövlət arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də yaradılıb.

Səfər çərçivəsində xatırladıldı ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bol­qarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Apa­rılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfərində “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın güclən­dirilməsi haqqında Birgə Bəyannamə”, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” sənədləri imzalandı.

Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi isti­qa­mətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin hesab edilir.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri Azərbaycan-Bolqarıstan münasibətlərində yeni bir mərhələ kimi tarixləşəcək...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı