09 may 2024 15:20
598

Azərbaycanla Bolqarıstan arasında səmərəli əməkdaşlıq platforması formalaşıb - Kamran Bayramov

Dövlətimizin xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq, əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi prioritetdir. Tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu son vaxtlar özünü daha qabarıq şəkildə büruzə verir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 32-ci ildönümü qeyd olunacaq. İkitərəfli etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirdi.

K.Bayramov qeyd etdi ki, Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyub. Tərəflər  həm ikitərəfli formatda, həm də beynəlxalq səviyyədə   əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Bununla da həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirməyə nail olublar. Birgə Bəyannaməyə əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. Bu günə qədər iki ölkə arasında imzalanan 60-dan çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində  xüsusi əhəmiyyət kəsb edib. 

Deputat bildirdi ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Qarşılıqlı olaraq əlbəttə ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib. Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib.

Deputat onu da diqqətə çatdırdı ki, Prezidentlərin görüşündə, həmçinin mətbuata bəyanatlarında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr təqdir edildi. Cənab İlham Əliyev qeyd etdi ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bolqarıstana qaz təchizatımız artır. “Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək”.
Bu gün Azərbaycanın Bolqarıstan ilə münasibətləri hər iki ölkənin qarşılıqlı maraqları əsasında yüksəliş dövrünü yaşayır. Bu əlaqələr zamanla daha da genişlənir və güclənir. Cari ilin 8 may tarixində Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin  Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdikləri bəyanatlarında iki dost ölkə arasında kifayət qədər fəal siyasi dialoq qurulmasından məmnunluqlarını vurğuladılar. 

K.Bayramov əlavə etdi ki, dövlət başçımız  ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyinə diqqət çəkərək bildirib ki, Bolqarıstan və Azərbaycan, doğrudan da, strateji tərəfdaşlardır.  Azərbaycan qazının ildən-ilə Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılan hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Hazırda Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır.   Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Ölkəmizin bu sahədə potensialı kifayət qədər genişdir və bunu Avropalı tərəfdaşlar bilirlər. Göründüyü kimi, bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir.