10 may 2024 00:14
323

Qərb Paşinyanın xəyanətinə niyə göz yumur?

Ermənistanın baş naziri Avropanın Rusiyaya yönəlik sanksiyalarını pozmaqla milyardlar qazanır

May ayının 8-də Rusiyanın dominantlıq etdiyi Avrasiya İqtisadi  İttifaqının (Aİİ)  növbəti iclası keçirilib. İclasda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib.  Eyni zamanda səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Nikol Paşinyanın görüşü də baş tutub. Görüşdə Rusiya Prezidenti bəyan edib ki, Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə 7,3 milyard dollardan çox olub. O, xüsusi vurğulayıb ki, 2015-ci ildən bəri  Ermənistanın Aİİ ilə ticarət dövriyyəsi 14 dəfə  artıb. Yəni, bu, o deməkdir ki, Ermənistanın indiyədək  Rusiya ilə belə yüksək həcmdə ticarət dövriyyəsi olmayıb və bu ölkənin  Rusiyaya ixracı kəskin şəkildə artıb.

Məhz bu iqtisadi faktlara görə, rusiyalı ekspertlər bildirirlər ki,  Aİİ ölkələri ilə heç bir sərhədi olmayan Ermənistan bu təşkilatın ən böyük qazanc götürənidir. Demək buradan anlaşılır ki, Ermənistan əslində Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları vecinə almadan onunla iqtisadi və ticari əlaqələrini genişləndirir.

Burada bir məqama diqqət yetirmək lazımdır ki, əslində Ermənistan özünü Qərbpərəst göstərsə də Rusiyaya qarşı sanksiyalara nəinki, qoşulmur, əksinə ikili oyun oynamaqda davam edir. Faktlara və real geosiyasi mənzərəyə diqqət edin: 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Ermənistan Rusiyanın Qərbin  tətbiq etdiyi  sanksiyalardan qorunmasında ciddi rol oynamağa çalışıb. Hətta Ermənistanın bütün enerji strukturu Rusiyanın əlində olmasına rəğmən bu ölkə ilk dəfə Rusiya ilə ticarət dövriyyəsində müsbət saldo «əldə edib» – yəni,  Rusiyaya ixracı idxalını üstələyib.

Burada sual yaranır: Ermənistan ixracda «müsbət saldoya» necə nail  olub ? İqtisadçıların araşdırmalarına görə, Ermənistan əsasən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ), həmçinin Çin və Avropadan idxal etdiyi sanksiyalar altındakı malları Rusiyaya ixrac etməklə belə «uğurlar» qazanıb. Yəni, buna görə Rusiyaya ixracı son bir ildə 5 dəfəyə yaxın artıb, eyni zamanda, BƏƏ və Çinlə ticarəti 2 milyard dolları aşıb.

Ermənistanın iqtisadi inkişafında da təzadlı məqamlar mövcuddur. Yəni, bu ölkənin iqtisadiyyatı inkişaf edir, illik artım 12 faizin üstündədir, ancaq enerji istifadəsi 6 faizə yaxın azalıb. Belə bir iqtisadi pozğunluq heç yerdə görünməyib. Başqa sözlə,  indiyədək heç bir ölkədə  belə hal qeydə alınmaıyb ki,  iqtisadiyyatında artım baş verdiyi halda enerji sərfiyyatı xeyli azalsın. Bu anormallıq yalnız Ermənstanda baş verə bilər. Ona görə ki, bu ölkə özünü Qərbin dostu və tərəfdaşı adlandırsa da əslində Rusiyaya qarşı yönəlmiş iqtisadi və hərbi sanksiyların reallaşmasına mane olur. 

Digər diqqətçəkən tükürpədici  məqam odur ki, Rusiya Ukraynanı atəşlər içərisində yandırmaq üçün hazırladığı raketlərin  elektron avadanlıqlarını da Ermənistandan idxal edir. Təbii ki, bunu bütün Avropa bilsə də Ermənistana hələ də «qaşın üstdə gözün var» deyən olmayıb. Bütün bu hadisələrin fonunda Nikol Paşinyanın Rusiya səfəri başa çatmamış Ermənistan XİN rəsmən bəyan etdi ki, İrəvan KTMT-nin maliyyələşməsini dayandırır! Onlar bu açıqlamanı Paşinyan hələ Moskvada olarkən və Putinlə görüşə hazırlaşarkən yaydılar. Yenə də Ermənistan Qərblə ikili və hətta deyərdik ki, çirkli oyununu davam etdirmiş oldu.

Qeyd edək ki, Qərb  Ermənistan rəhbərinin  Rusiya səfərini  diqqətlə izləyirdi. Pərdəarxası siyasi oyunların ümumi mənzərəsi belə görünürdü ki, Paşinyan sanki Rusiya ilə razılaşmış formada Qərbə göstərməyə çalışırdı ki, mən sizinləyəm və Rusiyanın hərbi qüvvələrini Ermənistandan çıxarmaqla məşğulam. Bununla da Qərbə etdiyi xəyanətin üstünü «malalamağa» çalışırdı.

Ermənistan baş nazirinin Rusiyaya  bu gözlənilməz  səfəri və Putinlə görüşü, hətta Kreml rəhbərinin  ona qarşı yumşaq davranışları bir daha açıq şəkildə göstərdi ki, Paşinyan Rusiydan qopmağa meyilli görüntüsü yaratmağa çalışsa da bu bir illüziyadır. Çünki indiki vaxtda  ərazisində Rusiya ordusu olan və bütün enerji strukturları bu ölkənin  əlində cəmləşən, hətta qazı Rusiyadan alan Ermənistan üçün bu mümkünsüzdür. Xüsusi qeyd edilməlidir ki,  hazırda  Ermənistana ən böyük sərmayə qoyanlar rusiyalılardır. Hətta Ermənistanın ən böyük istehsalat müəssisələrinin sahibkarları  rusiyalı iş adamlarıdırlar. Bir sözlə, onun xarici ticarət dövriyyəsinin az qala 70 faizi də Rusiya ilə bağlıdır. Bütün bunlara rəğmən demək olar ki, Paşinyan  ikili oyun qurub və bu fırıldağı sayəsində külli miqdarda pul qazanır.

Elçin Zaman, «İki sahil»