10 may 2024 12:34
287

Azərbaycan və Slovakiya münasibətlərində yeni səhifə

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmdə mühüm rol oynamış, dünyanın bir çox ölkələri ilə geniş əlaqələr qurmuşdur. Bu əlaqələr əsasən, dinc yanaşı yaşamaq, sülhün, təhlükəsizliyin qorunması, iqtisadiyyatın inkişaf etdirilməsi kimi prinsiplər üzərində qurulmuşdur. Son illərdə ölkəmiz Avropa İttifaqına daxil olan dövlətlərlə də bu müstəvidə geniş əlaqələr qurmuşdur. Bugün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhvəsini verən fəal faktor və Qafqazda regional güc kimi qəbul edilməktədir. Eləcə də bir çox ölkələrin Respublikamızla əlaqələr qurulmasında da maraqları vardır.

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında da geniş əlaqələr mövcuddur. İki ölkə arasında münasibətlər bir çox sahələri əhatə edir və dinamik olaraq inkişaf edir. Slovakiya ilə dövlətimizin oxşar cəhətlərindən biri keçən əsrin 90-cı illərində müstəqillik əldə etməsidir. İkitərəfli əlaqələrimiz də məhz müstəqilliyimiz bərpa edilməsindən sonra başlamışdır. Slovakiya Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. Ölkələrimiz arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. 1 Oktyabr 2019-cu ildən Azərbaycanda Slovakiya Respublikasının səfirliyi fəaliyyət göstərir.Azərbaycan Respublikasının isə Slovakiyada səfirliyi 28 iyul 2023-cü ildən fəaliyyət göstərir. Milli Məclisdə 13 dekabr 2005-ci ildə Azərbaycan-Slovakiya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasındakı münasibətləri daim inkişaf etdirir, bu əlaqələr etibarlı tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə söykənir. 18 Mart 2004-cü ildə İlham Əliyev Slovakiyaya işguzar səfəri zamanı Bratislavada keçirilən beynəlxalq konfransda çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünü, ərazimizin işğal edilməsini bir daha qeyd etmişdir. Slovakiya o dövlətlərdəndir ki, daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bugün də işğaldan azad olmuş ərazilərimizin minalardan təmizlənməsində, bərpa-quruculuq işlərində yaxından iştirak edir. Bugünlər Slovakiya-Azərbaycan münasibətlərində yeni mərhələ başlanmışdır. Slovakiya respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri baş tutdu, geniş tərkibdə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Slovakiya respublikası ilə çox sahəli əməkdaşlıq sahəsində atılan addımlar və onların uğurlu nəticələrini qeyd etdi. İki ölkə arasında  “Azərbaycan Respublikası və Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi, texniki əməkdaşlıq sahəsində anlaşma memorandumu”, “ Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” kimi mühüm sənədlər imzalandı. Bu sənədlər gələcəkdə də Azərbaycan-Slovakiya əlaqələrinin daha da genişlənəcəyindən xəbər verir.

Ölkəmiz bugün beynəlxalq aləmdə böyük nüfuz qazanmış, geniş iqtisadi imkanlara, təbii sərvətlərə malik bir dövlət kimi tanınır. Azərbaycanla əlaqələrin genişləndirilməsi Slovakiya üçün də olduqca maraqlıdır. Hazırda Azərbaycan 8 Avropa ölkəsinə təbii qaz ixrac edir. Azərbaycanın təbii qazından bəhrələnən 9-cu Avropa ölkəsi Slovakiya olacaq. Həmçinin Balkan yarımadasına çıxarılacaq elektrik enerji xətti Slovakiyanı da əhatə edəcək. Dövlətlərimiz arasındakı əməkdaşlıqda kənd təsərrüfatı, ətraf mühitin qorunması, tikinti-inşaat sahəsində birgə fəaliyyət nəzərdə tutulmuşdur. İşğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində Slovakiya şirkətləri ilə  razılıq əldə edilmişdir. Məhz Ağdamın Qərvənd kəndinin yenidən bərpasında Slovakiya şirkəti çalışacaq və inşaat mütəxəssisləri yaxından iştirak edəcək.

Ölkələrimiz arasında əməkdaşlıq sahəsində diqqət çəkən məqamlardan biri hərbi müdafiə, Müdafiə Sənayesi sahəsində əməkdaşlıq haqqında razılaşmadır. Bir vətəndaş olaraq bu məqam bizdə böyük qürur yaradır. Çünki, 44 günlük müharibə Vətənimizin hərbi gücünü, əsgərləmizin döyüş bacarığını bütün dünyaya göstərdi. Bugün bir çox ölkələr bizimlə hərbi sahədə, birgə müdafiə sahəsində əməkdaşlıqda maraqlıdır. Eləcə də Slovakiya Respublikası ilə bu sahədə mühüm saziş imzalandı. Müdafiə Sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması nəzərdə tutulmuşdur. Nəzərə alsaq ki, Slovakiya NATO ölkəsidir, bu əməkdaşlıq ilə Müdafiə Sənayemizdə yeni texnologiyaların tətbiqində böyük nailiyyətlər əldə olunacaq ehtimalı böyükdür. İki ölkə arasında keçirilən bu görüş əməkdaşlığın perspektivlərini müəyyən edərək daha geniş əlaqələr qurulacağını bir daha təsdiqləmiş oldu və bundan sonra da hər iki ölkə qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcəyindən xəbər verir. Bütün bunlar Azərbaycanın  dövlətlər arası münasibətlərdə uğurla irəlilədiyini bir daha göstərmiş oldu..

Xalidə Muradova,
Bakı şəhəri, Xətai rayonu, İlqar Cəfərov adına  260 N-li tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü