10 may 2024 12:55
241

“Şahdəniz” yatağına bu il 900 mln. dollardan artıq vəsait xərclənib

Bu ilin birinci rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilib.

Bu barədə “İki sahil” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Beləliklə, bu ilin yanvar-mart aylarında “Şahdəniz” üzrə ümumi xərclər təqribən 920 mln. dollar təşkil edib.

“Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub”, - hesabatda qeyd olunur.

Sənədə əsasən, rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (“BOTAŞ” şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

“İlin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edib”, - hesabatda bildirilir.

Vurğulanır ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 79,5 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.