10 may 2024 13:01
297

Siyasi əlaqələrimiz yüksək səviyyədədir

Azərbaycan-Slovakiya münasibətləri əsasən hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. 31 dekabr 1992-ci ildə Çexiya və Slovakiya respublikaları bir-birindən ayrılıb və 1 yanvar 1993-cü ildə Slovakiya müstəqilliyini elan edib. Müstəqilliyin ilk illərində qarşılaşdıqları problemlər iki dövlət arasında əlaqələrin inkişaf etdirilməsini ləngidib. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir.  Azərbaycanın “qoca qitə”də tərəfdaşlıq münasibətlərini getdikcə daha da inkişaf etdirdiyi ölkələrdən biri də Slovakiyadır. Slovakiya Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində ikitərəfli münasibətlərin dinamikasından məmnunluq ifadə olundu və perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlərin müzakirəsi aparıldı, həmçinin təkbətək və geniş tərkibdə görüşlər, mətbuata birgə bəyanatlar verildi. Slovakiya Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu və iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı.

Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər açacaq. Dövlət başçısı İham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verildi.

Səfər çərçivəsində xüsusilə yadda qalan məqamlardan biri də Slovakiya şirkətləri tərəfindən Ağdamın Qərvənd kəndinin yenidən qurulması oldu. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Bununla da ölkə başçısı tərəfindən azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti təqdir edildi.

Ümumilikdə, Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar böyük nəticələrin əldə olunacağına əsas verir.

Nərmin Cəfərova, 
İ.Məmmədov adına 261№-li məktəb-liseyin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü