01 may 2024 00:24
452

Ulu Ləmbəlim

Mən 17.02.1959-cu  ildə Qərbi Azərbaycanın Noyemberyan (Barana) rayonunun Baqrataşen (Ləmbəli) kəndində anadan olmuşam. 1976–cı ildə Ləmbəli tam orta məktəbini bitirib Bakı şəhərində Azərbaycan Pedaqoji İnstitutunun texniki fənlər fakültəsində oxumuşam. 1982-ci ildən Zaqatala şəhərində müəllimlik edirəm. Bizim çox gözəl, mənzərəli kəndimiz var. Kənd Debed (Təvətey) çayının sağ sahilində yerləşir. Yamyaşıl kənd şaftalı və üzüm bağları ilə əhatə olunub.

Yaşlılardan eşitdiyimə görə, daşnak Viktor Hambarsumyan kəndin gözəlliyinə heyran olub köks ötürərək belə deyib: “Buralar Ermənistanın Koliforniyasıdır. Ancaq heyif ki bu torpaqlarda türklər yaşayır.” Həqiqətən də onlar bizə türk deyirdilər və hər məqamda nifrətlərini hiss etdirirdilər. Erməni vəhşiliyindən bəzi faktları mən özüm görmüşəm. 1976–cı il yanvar ayının 9 – da bir erməni dığası sinif yoldaşım Yaqub İsmayılovu atasının ov tüfəngi ilə güllələdi. Yalandan kəndə səs saldılar ki, erməni uşağı tutulub. Sonra məlum oldu ki, azyaşlı olduğu üçün hardasa gizlədiblər. Bizim kənddə böyük şərab zavodu var idi. Ermənilər kəndin qəbiristanlığını ağır texnikalarla dağıdıb zavodu böyüdürdülər. O zaman babam Məhəmməd Əfəndiyev Sibirdə sürgündə olub. Sürgündən qayıdanda görür ki, qəbiristanlığın yarısı yerlə-yeksan olub, işi dayandırır və təcili Moskva şəhərinə məktub göndərir. Moskvadan nümayəndə heyəti gəlir və qəbiristanlığın qalan hissəsinin dağıdılması dayandırılır. Əmim Əfəndiyev Söhrab Məhəmməd oğlu Politexnik İnstitutunu qırmızı diplomla bitirib Uzaq Şərqə işləməyə göndərilir.

Uzun müddət işlədikdən sonra vətənə qayıdıb Yuxarı Körpülü kəndində işləməyə başlayır. O, kənddə üç mərtəbəli böyük bir məktəb binasl tikdirir. Bunu ermənilərin gözü götürmədi və əmimi incitməyə, hətta dava-dalaş salmağa başladılar. Əmim “Mən ermənilərlə işləmirəm” deyib Bakı şəhərinə köçdü orada yaşadı. Bu, 1950-ci illərdən sonrakı dövrə təsadüf edir. Belə haqsızlıqlardan danışmaqla qurtarmaq olmaz. Məhəmməd Əfəndiyev Nəriman Nərimanov Zakfederasiyanın sədri olarkən Ləmbəli kəndinin çox hörmətli el ağsaqqalı, dayısı Alıisgəndər bəylə birgə onun qəbuluna getmişdi.

Əvvəllər Ləmbəli, Aşağı körpülü, Yuxarı körpülü, Ayrım , Şamlıq , Calaloğlu  Gürcüstana tabe olmuşdu. Sovet hökuməti qurulduqdan sonra bu ərazilər Ermənistana qatılmışdı. Onlar həmin yerlərin Borçalı mahalına qaytarılmasını xahiş edirdilər. O da cavabında : “Bilirəm, ermənilərdən çəkinirsiniz, qorxmayın. Bu qara Nəriman ölməyib ki... Şura hökuməti milli münasibətləri artıq həll etmişdir, bir də erməni- müsəlman davası düşən deyil. Bu xırda iş üçün Leninin yanına gedib xəritəni dəyişdirməyə dəyməz” – demişdir. Nərimanov onlarla çox mehriban səmimi bir yerli kimi söhbət etmişdir. Məhəmməd Əfəndiyev SSRİ yaranandan sonra Ermənistanın azərbaycanlılar yaşayan rayonlarında müəllimlik etmişdir. Noyemberyan Rayon Partiya Komitəsinin Azərbaycanlılarla iş üzrə komitəsinin sədri işləmişdi. Biz nə vaxtsa nənə babalarımızın uyuduğu o torpaqlara qayıdacağıq.

Rüxsarə İbrahimova,
Zaqatala şəhər Z.Murtuzəliyev adına 1 №-li tam orta məktəbin müəllimi