01 may 2024 15:50
335

Muxtar Babayev: Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmaq prioritetlər sırasındadır

Azərbaycan hazırda dünyanın prioritet kimi qəbul etdiyi “yaşıl keçid”in əsas iştirakçılarından biridir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev VI Ümumdünya Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda keçirilən iclasda deyib.

“Bu prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir. Eyni zamanda bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kənd təsərrüfatı sahəsi böyük əhəmiyyət kəsb edir.