01 may 2024 18:00
579

Karavan və kiçik evlər sərgisində 45 MİN ZİYARƏTÇİ

Altıncı “CNR Camp & Caravan, Tiny House” İstanbul Sərgisi çox sayda ziyarətçi və 200 milyon dollarlıq iş həcmi ilə sona çatdı.

“Yenikapı-Avrasiya” Performans və İncəsənət Mərkəzində keçirilən, 37 ölkədən 45 mindən çox ziyarətçi ilə qatılan sərgi başa çatıb. Zəlzələ narahatlığı,  uzaqdan işləmək imkanı, bahalaşan mənzil və kirayə qiymətləri ilə tələbatın sürətlə artdığı, kiçik evlərin və karavanların böyük marağa səbəb olduğu yarmarkada 200 milyon dollarlıq biznesin əldə edildiyi bildirilib.

Maraq çoxdur

“CNR Holdinq”in baş direktoru Can Özatay məlumat verib ki, sərgidə qiyməti 250 min TL ilə 8 milyon TL arasında dəyişən karavanlar, 750 min TL ilə 3,6 milyon TL arasında dəyişən kiçik evlər sərgiləndi: “80-dən çox brend 5 min kvadratmetr sahədə yeni və ən gözəl məhsullarını nümayiş etdirib. Son zamanlar insanlarımız xüsusilə tətil və hobbi üçün kiçik evlərə, karavanlara, çadırlara maraq göstərirlər. Artıq 6 ildir ki, sərgimizin texnoloji cəhətdən inkişaf etdiyini və ildən-ilə marağın artdığını görürük. “Yay fəslinə qədəm qoyduğumuz zaman kiçik evlər və karvanlar həm ailələrin, həm də gənclərin böyük marağına səbəb olur.”

Mersində 2-ci sərgi

Son illərdə istehlakçı gözləntilərinin dəyişməsi və qiymət artımı ilə əlaqədar alternativ tətil və yaşayış yerlərin axtarışları səbəbi ilə karavanlara, kiçik evlərə və düşərgələrə tələbatın artdığını ifadə edən C.Özatay qeyd edib ki, sərgidə gözləntilərdən daha çox ziyarətçi iştirak edib: “İştirak edən şirkətlər tələbatdan razıdırlar. 24-27 oktyabr tarixlərində Mersində ilin 2-ci “Camp & Caravan və Tiny House” sərgisini təşkil edəcəyik. Şirkətlər artıq Mersin satış-sərgi yarmarkasına hazırlaşmağa başlayıblar.”

Orxan Vahidoğlu, “İki sahil”