02 may 2024 01:38
348

Yeniyetmələr, elektron siqaretdən uzaq durun!

Nebraska Universitetinin alimləri yeniyetmələr arasında elektron siqaretin təhlükəsini təsdiqləyən araşdırma aparıblar. Məlumatlar “Tobacco Control” elmi jurnalında dərc olunub.

Tədqiqatda 13-17 yaş arasında olan 200 nəfər iştirak edib. Yeniyetmələrin sidik testləri göstərib ki, gündə ən azı səkkiz dəfə e-siqaret çəkənlərdə qurğuşun və uran səviyyələri veypdən uzaq duran və ya çox nadir hallarda siqaret çəkənlərə nisbətən müvafiq olaraq 30% və 50% yüksəkdir.

Qeyd etmək lazımdır ki, uran biomarkerləri daha şirin və ləzzətli elektron siqaretlərə üstünlük verənlərdə ən yüksək olub.

Alimlər elektron siqaret mayesinin tərkibində nikotin olmasa belə, kimyəvi maddələrlə dolu olduğuna diqqət çəkirlər. Onların arasında bəzən xrom, arsen, nikel, qurğuşun və uran da daxil olmaqla zəhərli metallara rast gəlinir.

Nubar Süleymanova, “İki sahil”