04 may 2024 01:14
298

Azərbaycan mediasının mütləq əksəriyyəti bizim fəaliyyətimizi bəyənir, dəstəkləyir və görülən işləri də təqdir edir

Dövlət başçısı İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında ölkəmizdə azad mətbuatın inkişafı istiqamətində atılan addımlara diqqəti yönəldərək bir daha bildirdi ki,  Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı

Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratik təsisatların inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin «Demokratiya bizim strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz» fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirdi ki, demokratikləşmə sadəcə bir şuar, niyyət deyil, Azərbaycanın gələcək inkişafının əsasıdır. Ölkəmizin demokratiya təcrübəsinin hazırda nümunə göstərilməsi də səbəbsiz deyil, reallığı özündə əks etdirir. Bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan ənənələri olan ölkədir. Ölkəmizdə demokratik təsisatların yaradılması və uğurlu inkşafı təqdir olunan məqamlar sırasındadır.

Cənab İlham Əliyevin bu günlərdə Almaniyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə, həmçinin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə  birgə keçirilən mətbuat konfransında da ölkəmizin demokratik inkişaf sahəsində gördüyü işlərə, həmçinin Azərbaycan Prezidentinin mətbuata açıq olmasına bir daha diqqət yönəldildi. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts bildirdi ki, biz, həmçinin vətəndaş cəmiyyəti, azad media haqqında da müzakirə apardıq. Sivil cəmiyyətdə demokratiyanın ayrılmaz hissəsi canlı tənqidin mövcud olmasıdır. Fikir azadlığı, mətbuat azadlığı mövcud olmalıdır. Dövlət başçısı İlham Əliyev ölkəmizdə media azadlığının təmin edilməsi ilə bağlı sualı cavablandırarkən bildirdi ki, Azərbaycanda media azadlığı təmin edilir. Ölkəmizdə  heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Bu mühüm məqam da xüsusi qeyd edildi ki, fərdi məsələlərə, hadisələrə gəldikdə isə təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir: «Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə,  Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də.»

Mətbuat konfransında jurnalistin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə bağlı  bir çox detalların şəffaf olmaması,  ictimaiyyətin, jurnalistlərin bu məlumatlara əlçatanlığının təmin edilməməsi ilə bağlı sualı təəccüb doğurmaya bilməzdi. Dövlətimizin başçısı da təəccübünü ifadə edərək bildirdi ki, çünki Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir.  Müharibə başa çatandan bu ilin sonuna qədər  Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz qabağındadır. Tender prosedurlarına tam əməl edilir. Dövlət başçısı İlham Əliyev bildirdi: «Yəqin ki, siz bunu hansısa dəqiqləşdirilməmiş mənbədən götürürsünüz. Amma azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Əgər sizin belə imkanınız olsaydı, görərdiniz ki, Ermənistan bizim torpaqlarımızı necə viran qoyub və azad edilmiş torpaqlara bu gün qayıdan vətəndaşlar hansı sevinc hissləri yaşayırlar.» Bu statistik rəqəm də diqqətə çatdırıldı ki, müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb, Proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq. Azərbaycan mediasının mütləq əksəriyyəti bizim fəaliyyətimizi bəyənir, dəstəkləyir və görülən işləri də təqdir edir.

Cənab İlham Əliyev bu fikirləri ilə Azərbaycanın demokratik inkişafına diqqəti yönəldərək mətbuat azadlığının təmin edilməsinin prioritetliyinin ölkəmizdə necə qorunduğunu açıqladı. Cənab Prezidentin çıxışlarına, müsahibələrinə diqqət yetirsək bu məqamın xüsusi qeyd edildiyini görərik ki, ölkənin davamlı inkişafında ictimai nəzərət əsas amillərdən biridir. Bu məsələdə mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyev çıxışlarında bu məqama da diqqəti yönəldir ki,  əlbəttə,  mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda  məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir: «Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir.»

Müstəqilliyimizin bərpasından ötən 32 ildən artıq  dövrə nəzər salsaq Azərbaycanda müstəqil mətbuatın inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu görərik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti bu sahədə də davamlı uğurlara yol açdı. Son 20 ildən artıq dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuatın inkişaf səviyyəsində də özünü aydın şəkildə göstərir. Mətbuat azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır.  Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün çətin, eyni zamanda, şərəfli yol keçib. Azərbaycanda media üçün yaradılan şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Təbii ki, qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.

Azərbaycan tarixi Zəfərə imza atdı. Şanlı Qələbəmizin reallıqları bütün sahələrdə, o cümlədən mətbuatda yeniliklərə, təkmilləşməyə yol açdı. «Media haqqında» yeni  Qanunun qəbulu bunun bariz nümunəsidir.  Qanunda postmünaqişə dövrünün reallıqlarının gerçəkləşməsinə medianın da töhfələri nəzərə alınaraq bu istiqamətdə görüləcək işlər xüsusi yer tutur. Azərbaycanın tarixi Zəfəri birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Döyüş meydanında Zəfər çalan Azərbaycan informasiya cəbhəsində mübarizəsini bu gün də uğurla davam etdirir. Artıq müharibə başa çatıb, yeni reallıqlar mövcuddur. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, islahatların məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşır, təkmilləşir, dəyişməz olan prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında əhəmiyyətli rol oynayır. Müasir texnologiyalar imkan verir ki, internet jurnalistikasının əhatə dairəsi də genişləndirilsin. Bu gün artıq həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələr, internet ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bunun üçün hər bir informasiyanın dəqiqlədirilməsi, mənbəyə əsaslanması mütləqdir. Hələ 2016-cı ildə  Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində dövlət başçısı İlham Əliyev bildirmişdir ki, belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və  müstəqillik dövründəki  nailiyyətlərimiz  media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir. Prezident İlham Əliyev bu çağırışı da etmişdir ki,  medianın rolu gündən-günə artır və bununla yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində  daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur. Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir: «Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq… Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir”.

Azad medianın tərəfdarıyıq. Doğru məlumata ehtiyac var. Dövlət başçısı İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində mətbuat konfrasında işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə bağlı jurnalistin səsləndirdiyi  heç bir məntiqə sığmayan, əsassız fikirlərə cavabında dediyi  «Mən sözün düzü bilmirəm, sizdə bu məlumat haradandır. Yəqin ki, siz bunu hansısa dəqiqləşdirilməmiş mənbədən götürürsünüz» fikirləri də hec bir mənbəyə söykənməyən informasiyaların belə əsasız yanaşmalara yol açdığını nümayiş etdirdi.

Azərbaycan tarixi Zəfərə imza atdıqdan dərhal sonra bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Ölkəmiz bu ərazilərdə aparılan işlərin fonunda dünyaya təkmil şəhərsalma təcrübəsini təqdim edir. Azərbaycan hazırda «ağıllı şəhər» və «ağıllı kənd» layihələri ilə dünyanın diqqətindədir. Günümüzün reallıqlarından biri də budur ki, hazırda paytaxt Bakı ilə yanaşı,  işğaldan azad edilmiş ərazilərimiz beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ağdamda və Zəngilanda Milli Şəhərsalma forumları  keçirilib. Bütün bunlar görülən işlərlə yaxından tanış olmaq imkanları yaradır. O da məlumdur ki, paytaxt Bakıda keçirilən  beynəlxalq tədbirlərin  iştirakçılarının da bu torpaqlara səfərləri təşkil olunur. Onlar həm erməni vəhşiliklərinə şahidlik edən  dağıntıları, həm də Azərbaycan xalqının qurucu xalq olduğunu nümayiş etdirən genişmiqyaslı bərpa-quruculuq işlərini yaxından izləyirlər. Digər tərəfdən cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin hər biri  bu işlərin təqdimatı olur. Cənab İlham Əliyev hər bir sıra sosial obyektlərin açılışı, həm də təməlqoyma mərasimlərində iştirak edir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışının nəzərdə tutulması da özündə bütün məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə səfərləri çərçivəsində keçirdiyi görüşlərdə, beynəlxalq tədbirlərdəki çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri məhz bu torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləridir. Dövlətimizin başçısı görülən işləri rəqəmlər əsasında diqqətə çatdırılır. Onu da qeyd edək ki, dövlət büdcəsindən bərpa işlərinə ayrılan vəsaitin məbləği də açıqlanır. Bunları inkar yolunu tutmaq qeyri-mümkündür.

Göründüyü kimi, bütün hallarda Azərbaycanda demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Dövlət başçısı İlham Əliyev bu reallığı hər zaman önə çəkir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə demokratik inkişafı ilə seçilir, iqtisadi inkişafı aşağı səviyyədədir. Lakin Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsində stimulverici amilə çevrilib. Dövlət başçısı İlham Əliyev daim xarici ölkələrə səfərləri çərçivəsində, həmçinin xarici mətbuata müsahibələrində ona ünvanlanan “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabında bildirir ki, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrlərdə bu istiqamətdə çox işlər görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir Cənab İlham Əliyev, həmçinin bildirir ki, inkişaf etdirilən istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etməliyik: “Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.» 

Ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Bu gün Azərbaycan beynəlxalq arenada nüfuza malik dövlətdir. Sözünün imzası qədər dəyərli olduğu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.

Yeganə Əliyeva, «İki sahil»