04 may 2024 00:11
1118

Şvabe, axı sən kimsən, kim?..

Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Frank Şvabe "X" hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib. Bu həmin Şvabedir ki, məhz onun  heç bir fakta əsaslanmayan qərəzli çıxışından sonra AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməmişdi. Nəticədə Azərbaycan nümayəndə heyəti qurumun zalında bəyanat verərək Assambleyada fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bildirmişdi. Bu həmin Şvabedir ki, onun siyasi məhbus anlayışına həm də Qarabağdakı separatçı rejimin keçmiş liderləri daxildir. Bu həmin Şvabedir ki, 2024-cü il fevralın 7-də keçirilmiş prezi­dent seçkilərinə AŞPA-nın müşahidəçilə­rinin dəvət olunmamalarından qeyzlənməklə yanaşı,  ATƏT-in seçkilərdəki müşahidəçilik missiyasına qısqanclıqla yanaşmışdı. Bu həmin Şvabedir ki, erməni lobbisinə və Fransa Prezidenti Emmanuel Makrona yaxınlığı ilə seçilir və onların diktəsi altında “fəaliyyət” göstərir. Görünür, ağaları ona növbəti tapşırıq verib. O da canl-başla onu yetirir.

Bu başabəla Frank Şvabe heç bir fakta əsaslanmadan hüquq müdafiəçisi Anar Məmmədlinin həbsini özünəməxsus “arqument”lərlə pisləyib. Bununla da Azərbaycanda guya insan hüquqlarına, qanunlara məhəl qoyulmadığını dilə gətirib. Üstəlik, bildirib ki, “Azərbaycanın nə indi, nə yanvarda Parlament Assambleyasına qayıtmağa yolu yoxdur”. Şübhəsiz, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərindən və orada keçirdiyi mühüm görüşlərdən, verdiyi bəyanatlardan, həmçinin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun ölkəmizlə bağlı səsləndirdiyi müsbət fikirlərdən sonra   Frank Şvabenin bu sayıqlamaları təəssüf doğurur. Yeri gəlmişkən qeyd edək ki, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləyən Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş spektrli iqtisadi əlaqələr qurmayıb. Bu mənada birmənalı demək olar ki, Şvabenin belə axmaq mövqe ortaya qoyması onun erməni lobbisinin əlaltısı olmasını bir daha təsdiq edir.

Bəri başdan qeyd edək ki, A.Məm­mədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. Yəni, göründüyü kimi, ortada konkret fakt var. Onunla bağlı son qərarı da məhkəmə verəcək. Şvabe bilməmiş deyil ki, kimsə məhkəmənin işinə qarışa bilməz. Bu isə o deməkdir ki, onun üçün Azərbaycan qa­nunvericiliyini pozaraq həbsə düşmüş şəxs anlayışı yoxdur. Qabağına  kim keçirsə, onu si­yasi məhbusa “çevirir”. Sonra da məsələni Azərbaycan əleyhinə kampaniya halına gəti­rir.  Bu, bir daha onu göstərir ki, insan hüquq və azadlıq­ları mövzusu həm Şvabe, həm də onu ortaya atanlar üçün yalnız və yalnız manipulyasiya­dır.  Şübhəsiz, Şvabenin “canfəşanlığı”  A.Məmmədli ilə bağlı deyil.  O, sadəcə, Azərbaycana qarşı növbəti dəfə hücuma keçmək məqsədilə bu kimi qondarma iddialardan yararlanmağa, ölkəmizi dünya birli­yinin gözündən salmağa cəhd edir. Amma bu zavallı hələ də anlamır ki, belə təxribatın heç bir perspektivi yoxdur və bundan əvvəlki cəhdləri də fiaskoya uğrayıb.

O ki qaldı onun “Azərbaycanın nə indi, nə yanvarda Parlament Assambleyasına qayıtmağa yolu yoxdur” fikrinə, Milli Məclisin deputatı, akademik Rəfael Hüseynovun bildirdiyi kimi, özünü ixtiyar sahibi, Parla­ment Assambleyası qapısının açarçası zənn edən Şvabenin Azərbaycanın Parlament As­sambleyasına nə indi, nə yan­varda geriyə yolu yoxdur kimi manyakal çığırtıları özünün de­yib özünün eşitdiyi üfunətli boş sözlərdən artıq bir şey deyil. Bu məqamda “Qatarda” televiziya tamaşasındakı çəkməçi olduğu halda özünü çox vəzifəli şəxs kimi təqdim etmiş, bununla da qatardakıları təngə gətirmiş şəxsin özünə verdiyi: “Ay yoldaş Dadaşov, axı sən kimsən, kim?” sualını yada salmamaq mümkün deyil. İndi onun sözü olmasın, Şvabe, axı sən kimsən, kim? Axı sən kimsən ki, Azərbaycanla bağlı belə bir hökm verəsən? Fikrimizcə, bu suala Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tutarlı cavab verib: özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçi. Amma bu da bir həqiqətdir ki, hazırda Şvabe sadəcə xanımların sevə-sevə istifadə etdikləri universal şvabradır. Amma ondan bir şvabra kimi xanımlar deyil, Azərbaycana qarşı qərəzli iddialarla çıxış edən Fransa Prezidenti Emmanuel Makron və digərləri istifadə edirlər. Nə yazıq ki, Azərbaycand əlikərimlilər də Şvabedən öz iyrənc məqsədləri naminə yararlanmağa çalışırlar.

Ümumiyyətlə, Avro­pa Şurası hər zaman ölkəmizə münasibətdə qərəzli olub, sırf ikili standartlar prizmasın­dan yanaşıb. Təkcə bir faktı xatırladaq ki, insan haqları sahəsində öncüllüyü bəyan edən bu təşkilat otuz ildə bir milyon azərbaycanlının qaçqın və məcburi köç­kün həyatı yaşamasına qiymət vermə­yib. Amma bir erməninin burnu qanayanda elə hay-küy salır ki, gəl görəsən. Bütün bunlar da erməni lobbisinin pul kisələrinə xidmət edən Şvabe kimilərin çirkin sifarişləri yerinə yetirmələrindən qaynaqlanır. Görünür, hazırda Şvabenin əli aşağıdır. Odur ki, bu kimi sayıqlamaları ilə əlini yuxarı qaldırmaq fikrindədir.

Yeri gəlmişkən qeyd edək ki, Ukrayna, Serbiya, Türkiyə, Gürcüstan, Macarıstan kimi ölkələr, o cümlədən Ərəb Parlamenti AŞPA-nı Azərbaycana qarşı atılan bu haqsız addıma görə qınayıblar və bununla bağlı qurumun rəhbərliyinə müraciət ediblər.

Qvami Məhəbbətoğlu, “İki sahil”