03 may 2024 21:46
1396

FATEHLİK VƏ XİLASKARLIQ ALLAHIN ƏMRİDİR

Reallıq və tamlıq portreti

Müasir Azərbaycan xəritəsi daxilində itən sərhədlərin vardan yox olmasının qarşısını və qisasını aldı O!

Yüz illərdir ki, türkü nişangah edən fövqəldövlətlərin – BMT-nın mötəbər kürsüsündən “Türkiyə yoxdur, mən burdayam”, deməklə əsrlərin şüuraltı məkrlərinin və kələklərinin üstünü açdı O!

Siyasi dünyagörüşü, elmi, ötkəmliyi, səviyyəsi, mərdliyi ilə dünyanın məkrli siyasətində “manevr”lər edərək son iki yüz ildə heç bir müsəlman dövlətinin qalib olmadığı müharibədə qalib oldu O!

Türklərlə irqi savaş aparan, sərsəm düşüncələrlə ərazi iddialarında olan, genetik kodlarına və müəmmalı tarixlərinə qondarma “soyqırımları” yazdırıb dünyanın ürəyini bulandiran, “velikaya armeniya” xülyası ilə yaşayan ermənilərin xəstə təxəyyüllərini və yaratdıqları saxta “mif”i  ifşa və məhv etdi O!

Azərbaycanın əzəli və qədim torpağı olan Qarabağ bölgəsində ikinci qondarma erməni dövləti yaradılmasını dəstəkləyən fövqəlgüclərin “tülkü siyasət”lərini diplomat  gedişlərlə azdırıb qarşısını aldı və ən ali məqsədinə çatdı O!

Erməni lobbiçiliyinin bəşəriyyət üçün qisasçı və terrorçu  mahiyyətini - onların təxribatlarını dünya ictimaiyyətinin nəzər-diqqətinə və müzakirəsinə vermək üçün fantastik maliyyə imkanlarından istifadəyə bədxərclik edmədi O!

Acgöz və qarətçi dünya liderlərinin Azərbaycana olan nəfsinin qarşısını almaq, ən qorxulusu onların əli ilə törədilə biləcək terror hadisələrinin törədilməməsi üçün gizlinləri açılmayan riskli gedişlərin müəllifidir O!

Dünya düzənində Türkiyənin geosiyasi qonşu və qardaş köməyinə ehtiyacı olan - 1813-cü il “Gülüstan” müqaviləsindən bu günə qədər müstəmləkəçilik və imperiya siyasəti aparan Rusiya ilə dil tapmaq üçün R.T.Ərdoğanın və Ulu Öndər Heydər Əliyevin nüfuzlarından yararlanıb müstəqilliyimizi və sabitliyimizin qorumaq qarantını aldı, O!

Dünya tarixinə adını yazdıran, min illər keçsə də, yaddaşlarda qalan fatehlərin və xilaskarların davamçısı kimi adını tarixə yazan İlham Əliyev haqqında danışmaq bəlkə də adi görününr. Lakin zaman keçdikcə bu adilik böyük bir tarixi epoxanın əsas simvoluna çevrilir. Saysız-hesabsız elmi işlərin mövzusu, yazılacaq  yeni tarix kitablarının ideya məzmunu və dünya tarixinin ən təzadlı bir dövrünün uğurlu şəxsiyyəti kimi təbliğ və təqdir olunur.

O, canlı sərkərdə  zamanında Şərqdən Qərbə kimi, ovaxtkı dünyanın yarısına sahib olan, özünün Teymurilər sülaləsini yaradan Əmir Teymur kimi qılıncı ilə deyil, svilizasiyanın tələb elədiyi müasirliyi, sözü, siyasi savadı, iqtisadi gücü və müasir dövrün neft strategiyası ilə lll minilliyin-yeni eranın elektron müharibəsinin ilk Qalib Sərkərdəsi oldu.

O,  İslam dini daşıyıcısı olduğu üçün Şərq mühitində yalançı siyasi və din xadimlərinin “xilaskar”lıq missiyasının  türk dünyasına sülh və xoşbəxtik  gətirəcəyinin yalnız xəyallar olduğunu bilərəkdən özündə güc tapıb xristian səlib yürüşünün bizə yönələn aqresiyalarının qarşısını aldı. Əslində O, mülturakultiralizm mövqeyi sərgiləyərək dünyanın Azərbaycana baxış bucağını dəyişdi.

O, nə özünü Il minilliyinin əvvəllərində dünyanın yarısına sahib оlan Qara-Kitay türk dövləti yaratmış Çingiz Xana, nə rəhbəri olduğu Massagetlərlə II Kirin üzərində qələbə çalan Tomrisə, nə Şərqdən Qərbə kimi, ovaxtkı dünyanın yarısına sahib olan Əmir Teymura, nə də hakimiyyəti Adriatik dənizindən Hind çayına qədər uzanan Makedoniyalı İskəndərə oxşatmaq fikrində deyil. Lakin O, ərazicə balaca bir müsəlman-türk ölkəsi olan Azərbaycanı məhv etmək istəyən güclərin qarşısında qoxmayaraq apardığı müharibənin labüdlüyünə, miqyasına, formatına, strategiya və taktikasından əndişələnməyib, əksinə cəngavər kimi gözlərini də qırpmadan 30 illik səbrinə güc gəlib müharibə başlanılması əmrini verdi.

Müharibənin nə qədər fəlakətli, dəhşətli olmağının ağrı-acısını yaşayan xalqımız  Ali Baş Komandanın bu qətiyyətinin və məsuliyyətinin nə ilə qurtaracağına varmadan ölüm-qalım savaşına girişdi. İçi dünya dövlətləri qarışıq buna barmaqarası, məzhəkə və yaxud şou kimi baxanlar da sonda Sərkərdəliyini göstərən İlham Əliyevin və Azərbaycan xalqının döyüşkən  mübarizəsi önündə mat və pat qaldılar. Bütün bunlar həqiqət və reallıqdır, cənablar. Dünya bu günləri bizimlə birlikdə yaşadı. Bu, danılmazdır. 

"Suveren dövlətlər mövcud olduqca müharibə qaçılmazdır!..”- deyən Albert Eynşteynin bu dahiyanə fikri əyani şəkildə özünün doğruluğunu sübut etdi. Sanki məntiqi nöqteyi-nəzərdən müsəlman dövlətlərinə şamil edilən bu fikir həm də od-alov içində olan Azərbaycan üçün bir epiqraf kimi səsləndi.

Biz nəhayət ki, Qələbəmiz və döyüşkənliyimiz kimi öz Sərkərdəmizi də elan etməliyik. Çünki ölkə Qalibdirsə xalq da Qalibdir. Xalq Qalibdirsə, onun Sərkərdəsi də Qalibdir. Bəli, bəli, O, Qalibdir. Gəlin onu öz adı ilə çağıraq.

Yadıma İskəndərin son mənzilə yola salınarkən sağ əlindəki qızıl külçə və sol əlinin boş olması epizodu düşdü. İskəndərin müəllimi Diogenin təəbirincə desək, o, demək istəyirdi ki, “bu dünyada hər şeyə nail oldum, amma, əliboş gəlib, əliboş da gedirəm”.

Bu dünyadan heç kəs özü ilə heç nə aparmayacaq. Var-dövəti, cah-cəlalı da kara yetməyəcək. Qalan Adı və xalqına bəxş etdiyi qürur, mənlik və müstəqilliyi göz bəbəyi kimi qoruyan Vətəni olacaq! Fəqət, o, qorunan və qalib olan vətən Azərbaycandır!

Qazandığımız 2020-ci ilin qalib xronikasında bəzi faktları yadımıza salmağı özümə borc bildim.

1921-ci ilin may-iyun aylarında Dağlıq Qarabağı Ermənistana vermək cəhdləri ilə bağlı RK(b)P MK-nın Qafqaz Bürosunun hüquqi baxımdan qanunsuz qərarları və 1988-ci il dekabrın 28-də Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi, 1989-cu il  mayın 6-da SSRİ Xalq deputatlarının Moskvada keçirilən 1 qurultayında  ermənilərin maraqlarına uyğun qərarlar qəbul edilməsi, 1989-cu il iyulun 6-da Xankəndi yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan qəsəbəsinin yandırılması və 1989-cu il iyulun 8-də ermənilərin Xankəndində "Miatsum" hərəkatının təsis yığıncağını keçirərək Robert Koçaryanı hərəkata sədr seçməsi planı əslində Daqlıq Qarabağın Azərbaycandan qoparılaraq zəbt olunması məndə siyasi əxlaq dəyərlərinə fərqli yazıçı mövqeyi qənaətini yaratdı. Bu cür baxışlar sistemində fikirlərimi lider və şəxsiyyətlərin rolu və oynadıqları siyasi gedişlərin  tarixi əhəmiyyətini göstərməyə çalışacağam. Daha doğrusu, Rusiya, Ermənistan, İran, Fransa və Türkiyə liderləri ilə müqayisədə işğala məruz qalmış Azərbaycanın və onun  Prezidenti İlham Əliyevin siyasi əxlaq kredosunu önə çəkmək istəyirəm. Mən bu metodu antik tarixin atası Plutarxın  qədim Yunanıstanın və Romanın böyük şəxsiyyətlərinin həyatı və əməllərinə həsr etdiyi 3 böyük cilddə toplanmış "Müqayisəli tərcümeyi hallar" əsərindən götürmüşəm. Plutarx öz əsərində iki xalqın və iki epoxanın—Yunanıstanla Romanın qarşılıqlı olaraq əlli (50) tarixi şəxsiyyətini müqayisəli şəkildə üz-üzə qoyub. Burada kimin nə dediyi və ya nə etdiyi deyil, hansı əxlaqı üstünlüyə malik olduğu əsas götürülmüşdür. Bu 50 bioqrafiyanın içində hər bir oxucunun öz idealı olmağına şübhə etmirəm. Kimi mərd və dönməz Romul və ya Numa Poppolini, kimi fədakar Kamill və ya Kornolanı, kimi də özünü gah ora, gah da bura vuran Mari və ya Alkiviadı seçir. Lakin bu güc və zəka sahiblərinin içərisində elələri də var ki, onların tərcümeyi-halları tamamilə fərqlidir. Bunlar Makedoniyalı İskəndər və Qay Yulius Sezardır. Əgər İskəndər özü ilə daim Homerin qəhrəmanı Axillesin büstünü gəzdirirdisə, Sezar da özü ilə hər yerə İskəndərin kiçik heykəlini aparırdı. İskəndər Axillesə, Sezar isə İskəndərə bənzəmək istəyirdi. Bu iki dahi insanın taleyindəki oxşar cəhətlər bundan ibarət idi.

Bu paralellikdə mən Türkiyə Cümhuriyyətinin Cümhur Başqanı sayın R.T.Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin timsalında yaranan qırılmaz tarixi bağların, qardaşlığın, insanlığın aliliyini və bəşəriliyini qeyd etmək istəyirəm.

Mən heç də bu iki şəxsiyyəti mütləq mənada fetişləşdirmək fikrində deyiləm. Müasirləri ilə eyni yaşam dövründə onların mütləqliyi də nisbi qəbul ediləndir. Çünki mövqelər, baxışlar, həsədlər, sevgi və istəklər müxtəlif olduğu üçün siyasi yanaşmalar da hər bir kəsin iradəsi və şəxsi münasibətləri reallıq müstəvisində baş verir. Vaxtilə Şah İsmayıl Xətai haqqında olan müxtəlif fikirlilik onun heç də nüfuzuna xələl gətirməmiş, hətta bir müddət ötəndən sonra isə onun hansı mərtəbədə durduğu ictimai fikri birmənalı olaraq mütləq mənada öz xeyrinə dəyışdirmişdir.

İ.P.Petruşevski Şah İsmayıl Xətai haqqında  yazırdı: “Şah İsmayıl Xətainin şəxsiyyəti müasirləri tərəfindən müxtəlif cür qiymətləndirilirdi. Siyasi və dini meylindən asılı olaraq, bəziləri onun haqqında şövqlə danışır, digərləri isə ona qatı nifrət bəsləyirdilər. Belə şəraitdə müasirləri tərəfindən İsmayıla qarşı qərəzsiz münasibət gözləmək, belə bir münasibətə rast gəlmək çətindir. Lakin müasirləri onun hərbi istedadının etiraf olunmasında yekdildirlər. Tarixçi Xondəmir İsmayılın hərbi dühasını xüsusilə şişirdir… Şah İsmayılın böyük dövlət təşkil etmək uğrunda fəaliyyəti və mülki idarəçiləri seçmək bacarığı onun böyük siyasi xadim olduğunu göstərir”.

Mən şübhə etmirəm ki, Prezident İlham Əliyevə qarşı qərəzsiz münasibət olmasin. Əlbəttə, bu nəinki reallıqda, hətta fəlsəfi anlamda da doğru olmazdı. Lakin onun Azərbaycanın dövlət sərhədlərının bərpası istiqamətində apardığı Xilaskarlıq mübarizəsi və 1920-ci il sərhədləri daxilində daha böyük milli-azadlıq və istiqlal tamlığının bərpası idealı bütün təsəvvürləri tamamılə alt-üst edir. Bəzən hüquq çərçivəsində mən də çox şeylərdən narazıyam. Nəinki narazı, hətta nifrətim və qəzəbimin cilovunu belə yığışdıra bilmirəm. Məgər İnsan yaşayan məskənlərın bu çür çatışmamazlıqları yoxdurmu? Məgər İnsan dediyimiz əxlaqın bütün normaları siyasi və dini baxışlara görə Tanrının bəxş etdiyi formatlara uyğun gəlirmi? Bu nisbiliklər və cavabı heç vaxt düzgün verilməyən suallar həmişə bizi müşayiət edəcək. Özü da qəbr evinə qədər. Biz müəyyən mənada cavabını ala bilmədiyimiz sualların ötkəmliyi və bəzən də qəddarlığı ilə də barışmalıyıq.

Reallıqlar, səhvlər, zorakılıq və qanun boşluqlarının bütün zamanların hakimiyyət nöqsanları olsa belə Böyük idealın qələbəsi fonunda hər şey başa düşüləndir. Bunu heç də əsas strategiyanın ayağına yazmaq olmaz. Biz reallığı və həqiqəti qiymətləndirməliyik.

Makedoniyalı İskəndərin Hindistanlı bir filosofa verdiyi “həyat güclüdür, yoxsa ölüm?” sualına aldığı “həyat!” cavabının səbəbini “nə üçün?” soruşanda o, fikrini belə tamamlayır:

“...çünki  bu dünyanın oyunlarına yalnız həyatdır ki, dözə bilir...”

Biz özümüz bəzən öz düşüncələrimizin, oyunlarımızın və fiziki ehtiraslarımızın səhvini yaşaya-yaşaya günahlarımızın əsas səbəbini hakimiyyətə və rəhbərin üzərinə atmaqla onu “yumaq” istəyirik.

Mən Heydər Əliyevlə Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsi ilə bağlı çox söhbətlər eləmişəm. Onun özünə və bu işə mane olan azərbaycanlıların hansı oyunlardan çıxdığını və Moskvaya gedib anonim məktublar yazdığını, cadugərliklə məşğul olan tüfeyli firildaqçılara “cadu-piti” yazdıranların haqqında danışmaq istəmirəm. Təsəvvür edin, Heydər Əliyev dövlət rəhbəri kimi onu Vətənə gətirmək istəyir, elm, incəsənət, ədəbiyyat və ideologiya sahəsinin adamları buna mane olurlar.

Viktor Hüqonun “Səfillər” romanında bir fikri xatırlamaq lap yerinə düşərdi.  “...aşağıların yuxarıları günahkar və allahsız hesab etmələri heç də yuxarıların aşağılardan rəhimsiz, ağılsız, insafsız, bacarıqsız və Allahsız olduğunu görüntüsünü yaratmır.” (Ə.P.)

Biz elə bir tarixi məqama gəlib çatmışıq ki, əsrlər boyu türklərə və hətta türk “toponim”lərinə qarşı “soyqırımı” aparan dünyaya qarşı açıq və gizli savaşda, səhnə arxasında qalan Ərdoğan-Əliyev cütlüyü ən yüksək kürsülərdə bir “dəmir yumruğ”a çevrilməyi də bacardı.

Təsəvvür edin, dünyanı işğal etməyə, cahangirlik  ideyasını həyata keçirməyə çalışan Makedoniyalı İskəndər 3 dəfə istila yürüşünə çıxır. Birinci dəfə dövlətin büdcəsini sərf edir. İkinci dəfə xalqın vəsaitini xərcləyir. Nəhayət son kərə o, özünün qohum-əqrabasının varidatını yığaraq öz böyük məqsədini həyata keçirməyə çalışır. Bu insanın öz idealına bu qədər gerçək bağlılığı həqiqətən ibrətamizdir.

İnanıram ki,  Şah İsmayıl dönəmindən bu günə qədər itirdiyimiz ərazilərin geri qaytarılması uğrunda Xilaskarlıq yürüşünə çıxan İlham Əliyev öz idealına sadiq qalacaqdır. Qarabağ savaşında dünyanın siyasi güclərinə öz əxlaqını nümayiş etdirən İlham Əliyevin iradə və güclü strategiya planları yuxarıda adları sadalanan ölkələrə ibrət dərsi olmuşdursa, gizli və mənfur planlarla çirkin niyyətlərini Azərbaycan və Türkiyə nümunəsində qisasçı mövqe sərgiləyən digər Şərq və Avropa ölkələri də ( bilməlidirlər ki, qarşılarında 300 illik səbrin ordusu ilə üzləşiblər.) bundan nəticə çıxarmalıdılar. Şahmatda türk qambiti yoxdur. Maraqlı fikirdir, deyilmi? Amma əbəs yerə demirlər ki, şahmatda ən zəif bir piyada ən güclü fiqurdan da güclü gediş gücünə malik ola bilər.

Artıq dünya dəyişib. Dünyanın bölüşdürülməsi, coğrafiyaların və xəritələrin dəyişməsi prosesi bəlkə də tarixi təkamülün prosesinə çevrilib.

Ərazicə kiçik bir ölkə olmağımıza baxmayaraq hər tərəfimiz düşməndir. Mən coğrafi düşüncənin və coğrafi sərhədlərimizin hansı müstəvidə xəritələndiyi barədə danışmayacağam. Bu barədə qoy tarixçilərimiz və siyasətçilərimiz danışsınlar. Mən Azərbaycan hökumətinin qonşu dövlətlərlə əməkdaşlıq münasibətlərindəki mürəkkəb idarəçiliyindən, tənhalığından və təəssiflərindən də danışmayacağam. Qoy cavabdeh olan siyasilər danışsınlar. Mürəkkəbliyi və anlaşılmazlığı dərk etməliyik, cənablar!

Fars, erməni, rus, gürcü və Avropa dövlətlərinin marağında olan Dağlıq Qarabağı İlham Əliyev lll minilliyin ilk astanasında erməni qəsbkarlarından təmizləyib Böyük Qələbəni təmin edibsə inanıram ki, Zəngəzuru, İrəvanı və ən sonda Cənubla – Şimalın birləşməsinə də nail olacaq. Bütün bunlar bir ilin, beş ilin məsələsi deyil. Yadınıza 50-100 illərlə gedən müharibələrin xronikasını salın. Qələbə bir  günün, bir ilin məsələsi deyil. Amma ola da bilər. O, yaranmış tarixi şəraitlə bağlıdır.

Siyasi danışıqlar, və müttəfiqlər tapmaq sizə elə də asan gəlməsin. Çətin məsələdir. Danışıqlar aparmaq lazımdır. Bu həm də iqtisadi gücdən asılıdır.

Üç yüz ildən çox sərvətlərinə və varlığına əl qoyulan bir məmləkət nə vaxtsa səsini çıxarıb öz haqqını tələb eləməli idi. Tanrı elə bir Sərkərdə yetirməli idi ki, əsrlərlə mənəviyyatı və varlığı təzyiqlər altında olan Azərbaycanı zülm və istibdaddan xilas edə bilsin. Əsrlərlə dünya güclərinin Azərbaycana yönələn işğalçı siyasətinə “dur” desin , onlardan tarixi qisasını ala bilsin. O gücü, o qüdrəti ancaq Tanrı kiməsə verə bilərdi. Başqa heç kəs!

Bu insan Tanrının sevdiyi İlham Əliyev idi. O, orta əsirlərin vəhşi siyasəti deyil, yeni eranın və yeni əsrin sivil qaydalara söykənən İlahi ədaləti uğrunda öz mübarizəsini aparır. Onun heç kəsin və heç bir məmləkətin torpaqlarında gözü yoxdur. Əksinə, O, dünyaya Sülh və Barış uğrunda mübarizəyə qatılıb. O, yalnız və yalnız öz tarixi sərhədlərinin bərpası istiqamətində cahangirlik edir.

Bu əsrlər boyu əzilən və sərvətləri istismar edilən bir xalqın, bir məmləkət başçısının Haqq-Ədalət, Azadlıq və Demoktatiya uğrunda “peyğəmbər” cildinə girmiş istila və işğalçılara qarşı apardığı haqq müharibəsidir. Çünki böyük və qədim dövlətçilik ənənələri, dini etiqadı, inancı və Tanrıya bağlılığı olan bir xalq heç vaxt axıra qədər “yırtıcı” dünyanın köləsi ola bilməzdi. Nə vaxtsa bu xalq və Tanrının göndərdiyi bir Sərkərdə ayağa qalxıb öz tarixi mücadiləsini aparmalı idi və tarix boyu tökülən qanların və tarmar olunan  yeraltı və yerüstü sərvətlərinin haqq-hesabını çəkməli, iztirabların, maddi və mənəvi zərərlərin  təzminatlarını geri almalı idi. Bu yol hələ yenicə başlayıb, cənablar! Bu uzun bir yoldur. Yolumuz mübarək!

Azərbaycan bu yola - haqqını tələb eləməyə yenicə başlayıb. Dünyanın təcavüzkar dairələri mütləq bunun fərqində olmalıdır və bilməlidir ki, bir gün bu xalqa cavab verməli olacaqlar.

İndi hər bir vətəndaşdan birlik, əzm və sevgi tələb olunur. Əsl Qələbəni göz bəbəyi kimi qoruyub saxlamalıyıq. Öldü var, döndü yoxdur. Yalnız və yalnız irəli…!

Əmir Pəhləvan