04 may 2024 14:15
518

Dünyanın xilası dialoqdadır - ŞƏRH

Dialoq sülhü təşviq etməkdə, qlobal təhlükəsizliyi gücləndirməkdə və əməkdaşlığı möhkəmləndirməkdə önəmli rol oynayan vasitədir

Qədim dövlətçilik tarixinə malik Azərbaycanda ayrı-ayrı xalqların və etiqadların mənsubları yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayır, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətlərini, etnik-mədəni özünəməxsusluqlarını qoruyub saxlayırlar. Xalqımıza xas zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərin təbliği və təşviqi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün ölkəmizdə müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır. Şübhəsiz, bu, hər şeydən əvvəl ölkəmizin daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olmasının bariz nümunəsidir. 
Dünyəvi proseslərin dünya dövlətlərinin qarşılıqlı münasibətləri ilə tənzimləndiyini yaxşı dərk edən rəsmi Bakı və bu və digər tədbirlər keçirməklə dünyada sivilizasiyalararası münasibətlərin, mədəniyyətlərarası diaoloqların inkişafına mühüm töhfələr verir. Prezident İlham Əliyevin bildirdiyi kimi, mədəniyyətlərarası dialoq elə bir məfhumdur ki, biz onu güclü şəkildə təşviq edirik.

Mayın 1-2də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Bakıda keçirlən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bunu bir daha sübut etdi. Bəri başdan qeyd edək ki, dünyada baş verən hadisələri nəzərə alsaq, bu Forum çox yerinə düşən tədbir idi. Belə ki, hazırda dünyada cəmiyyətlər arasında, eləcə də cəmiyyətlər daxilində bir çox məsələlər - gərginliklər, bölünmələr, müharibələr mövcuddur. Bu mənada bu Forum hamı üçün sülh və təhlükəsizliyin əldə olunmasının mümkün yolları barədə fikir yürütmək və müzakirələr aparmaq üçün çox gözəl fürsət yaratdı. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da məqsədi bu çətin vəziyyətdən çıxış yollarının -tapılması idi. Azərbaycan dünyaya bu yolun axtarışında yardımçı olmaq, xalqları, millətləri, dövlətləri onları gözləyən bəlalardan xilas yolunu tapmağa öz töhfəsini vermək niyyəti ilə növbəti belə bir tədbir keçirdi.

Bəli, 110  ölkənin 700 nəfər nümayəndəsinin iştirakı ilə keçirilən bu tədbirdə Azərbaycan bəyan etdi ki, bu gün də dünyada yeni münaqişələr, qeyri-sabitlik məkanları, təhdidlər mövcuddur. Məhz buna görə də qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılmalıdır. Bununla da rəsmi Bakı bir daha dünyaya sülh, həmrəylik çağırışı etdi. Bildirdi ki, əsas məqsəd dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Bir sözlə, dünyanın xilas yolunun dialoqdan keçdiyini diqqətə çatdırdı. Forum çərçivəsində keçirilən tədbirlərdə daha inklüziv dünya və sülh, mədəniyyət, təhsil, din, iqlim, o cümlədən bu il Bakıda keçiriləcək COP-29 kimi dünyanın ən nüfuzlu tədbirindən də söz açıldı. Bir sözlə, yüksək səviyyədə baş tutmuş Forumda müzakirə olunan problemlər, beynəlxalq aləmə ünvanlanan mesajlar bu gün bəşəriyyətin qarşılaşdığı və həlli vacib, həm də aktual məsələlər idi. Çox diqqətəlayiqdir ki, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri  çıxışlarında, həm də müsahibələrində bu tədbirin bəşəriyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Məsələn, mayın 2-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının direktoru xanım Nihal Saad Forumun  növbəti uğura çevrildiyini bildirib: “Forumun bəşəriyyətin sivilizasiyasında vacib yer tutduğunu düşünürəm. Tədbirdə qlobal çağırışlar da edildi”.
Malayziya Senatının sədri Mutang Tagal deyib ki, son illərdə qloballaşma zəifləyib, dövlətlər arasında böyük aşılmaz sədlər qurulur, irqçilik artır. Buna görə də düşünürəm ki, belə bir Forumun keçirilməsi ölkələr arasında mədəniyyət diplomatiyasının - qarşılıqlı etimadın, sülhün və dostluğun yayılmasında əvəzsiz rol oynayır.  Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver bildirib ki, mədəniyyət diplomatiyası sayəsində dünyamızda sülh və əmin-amanlıq şəraitində yaşaya bilərik: “Çoxmədəniyyətli coğrafiya yaratmalıyıq. Dinlər dinləri, mədəniyyətlər mədəniyyətləri, dillər dilləri yalnız dialoq vasitəsilə anlaya bilər”. Amerikalı hüquqşünas İrina Tsukerman vurğulayıb ki, hesab edirəm ki, apardığımız müzakirələr dünyada gərginliyin azalmasına gətirib çıxara, həmçinin yeni ideyaların meydana gəlməsinə töhfə verə bilər. 

Yeri gəlmişkən qeyd edək ki, VI Mədəniyyətlərarası Dialoq Forumunda başa çatsa da, onun müzakirə etdiyi mövzular barədə bu gün dünyanın aparıcı mətbuat orqanları, televiziya kanalları münasibət bildirməkdədir. Həmin mətbuat orqanlarında Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə başlanmış və aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi “Bakı prosesi” və onun  tərkib hissəsi olan bu Forum təqdir olunur və təşəbbüskarı Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti təqdir olunur. Üstəlik, birmənalı vurğulayırlar ki, məqsəd dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Bildirirlər ki, Forum təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malikdir. Məqalələrdə dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışında ölkəmizin əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olması, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruması, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, hər iki ölkənin müvafiq komissiyalarının delimitasiya və demarkasiya işlərinə başladığı və özü də bu prosesin vasitəçilərin iştirakı olmadan aparılması ilə bağlı fikirləri  də diqqətə çatdırılıb.
Forum çərçivəsində qonaqlar Ağdam və Füzulidə də olublar. Bununla onlar işğaldan azad edilmiş ərazilərimizdə  erməni vandalizminin vəhşiliklərini görməklə yanaşı, aparılan yenidənqurmaya şahidilik ediblər. Bu mənada Çənubi Qafqazda yeni reallıqlar yaradan, sülhün bərqərar olması məqsədilə bütün imkanlarından yararlanan və bu istiqamətdə yorulmadan çalışan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına önəmli rol oynadı.  

Qvami Məhəbbətoğlu, “İki sahil”