04 may 2024 18:43
359

Bakı sülhün qarantı rolunda

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir sıra aspektlərdən ölkəmiz, region və ümumilikdə dünyamız üçün xüsusi əhəmiyyət daşıyır. Qlobal parçalanma ilə bağlı olan siyasi reallıq göstərir ki, bəşəriyyət üçün sülh, təhlükəsizlik məsələləri önəmlidir. Təəssüflər olsun ki, müxtəlif coğrafiyalarda baş verən və ilbəil artmaqda olan kiçikli-böyüklü münaqişələrin gerçəkləşməsi, etnik və dini ayrı-seçkilik, sivilizasiyalararası fərqlilik amilindən getdikcə daha çox istifadə olunur. Bunun qarşısının alınması üçün siyasi birlik, vahid mövqedən çıxış etmək kimi nüanslar günümüzün əsas prioritetləridir ki, məhz Bakı Forumunda da bu və ya digər məsələlər ətrafında ciddi fikir mübadiləsi aparıldı və önəmli qərarlar qəbul olundu.

Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bir sıra beynəlxalq tədbirlərin, siyasi məsləhətləşmələrin Bakıda keçirilməsi də buna əyani sübutdur. Bu bir daha onu deməyə əsas verir ki, Azərbaycan dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır.

Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra məsələlər barəsində önəmli fikirlər səsləndirdi. Dövlət başçısı bildiridi ki, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub: “Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.

Forumda Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilməsinin önəmindən bəhs edən ölkə başçısı cənab İlham Əliyev COP29-un əsas amalı həmrəylik və qarşılıqlı etimada əsaslandığını vurğuladı, bu yöndə həyata keçirilən işlərdən danışdı: “Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq”.

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı