04 may 2024 19:25
321

Samir Şərifov: Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır

Azərbaycanın dəmir yolu nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri üçün vəsaitin cəlb edilməsi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) illik toplantısı çərçivəsində jurnalistlərə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"Azərbaycanın Asiya İnkişaf Bankı ilə həyata keçirdiyi layihələr bir sıra sektorları əhatə edir. Bunlar həm mobillik, həm də infrastruktur layihələridir. Söhbət əsasən nəqliyyat infrastrukturundan gedir. Dəmir yolu nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanda dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması və bu proseslərin idarə olunması üçün müəyyən layihələrə vəsait ayrılması nəzərdə gözlənilir", - deyə nazir qeyd edib.

Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi üçün vəsaitin toplanmasından danışan S.Şərifov qeyd edib ki, Azərbaycan bir dövlət olaraq bu prosesdə fəal iştirak etmir:

"Hesab edirik ki, bu layihədə kifayət qədər varlı səhmdarlar var. Layihə işləyir, pul gətirir, yəqin ki, dövlət dəstəyi olmadan, dövlətin iştirakı olmadan özləri vəsait cəlb edə biləcəklər".