05 may 2024 16:34
406

Cənab səfirin və mənsub olduğu düşərgənin narahatlıqları...

Nə baş verir?

Əslində təəccüblənəcəyimiz heç nə... O zaman ABŞ-nin ölkəmizə yeni təyin olunmuş səfiri cənab Mark Libbinin diplomata yaraşmayacaq açıqlamalarına niyə təəccüblənirik? Çünki...

O zaman gəlin öncə nə baş verdiyini aydınlaşdıraq. Qısa müddətli Vətən müharibəsi. Azərbaycan kimsənin proqnozlaşdıra bilməyəcəyi çeviklik və qətiyyətlə regionda tam yeni konfiqurasiya formalaşdırır. İlk vaxtlar bu addımları diletant gedişlər hesab edən "qoca" güc mərkəzləri kiçik Azərbaycanı və onun iddialı Liderini yalnız onların qura və idarə edə biləcəkləri dərin gedişlərin həvəskar iştirakçısı kimi qiymətləndirməyə çalışırlar: Azərbaycan Prezidenti İlham Əliyev və belə dəqiq, düşünülmüş, qətiyyətli, cəsarətli gedişlər? Mümkün deyil, təsadüfi üst-üstə düşmələrdir... Belə planları yalnız Ağ Evdə, Yelisey sarayında, Brüsseldə Bayden, Makron, Borrel kimi siyasət dühaları cıza və reallaşdıra bilər...

Bölgədə dərin torlar hörmüş Qərbin bu arxayınlığından uğurla istifadə edən həmin qətiyyətli lider ağıla gəlməyən daha bir cəsarətli gediş edir: yüzillərlə Qafqaz uğrunda döyüşən Osmanlı və Rusiya imperiyalarının varislərinin Qafqaza birgə daxilomasını, müttəfiq münasibətlərini təklif və qəbul etdirir. Cənubi Qafqazı ləzzətli loxma kimi tezliklə ələ keçirəcəklərinə heç bir şübhə etməyən Qərb 10 noyabrı böyük şokla qarşılayır: daim aralarına nifaq saldıqları, müharibələr törətdikləri Türkiyə və Rusiya tarixdə ilk dəfə Qafqaza müttəfiq kimi daxil olublar.
Ayılanlar, Azərbaycanın, onun Liderinin gücünü görmək istəyənlər olur: bu kombinasiyaları qəbul etmək istəməsək də XXI əsrin böyük siyasət dühası İlham Əliyev ağılı düşünüb, formalaşdırıb və ilmə-ilmə həyata keçirir, söyləyənlər görünməyə başlayır... Özlərinin cılızlığını, İlham Əliyevin böyüklüyünü qəbul etmək istəməyənlər kontur-arqumentlər gətirməyə başlayırlar və regiondakı, xüsusilə Azərbaycandakı əlaltıları vasitəsilə bu tezisi insanların şüuruna yeritməyə çalışırlar: sülhməramlı qüvvələrə razılıq verməklə hakimiyyət Qarabağı Kremlə satıb - Rusiya daxil olduğu ərazilərdən heç vaxt çıxmır...

Fransa, ABŞ, Niderland kimi ölkələrdə soyuq başla düşünən, baş verənlərin əsl mahiyyətini dərk edənlər Azərbaycanın yeni bir güc olaraq ortaya çıxdığını, Prezident İlham Əliyevin isə onların bildiyi, tanıdığı zəif, qorxaq, ikiüzlü, qətiyyətsiz liderlərdən çox fərqləndiyini, qətiyyətli və cəsarətli, təmkinli və praqmatik, pafosdan uzaq olduğunu, yalnız edəcəklərindən danışdığını zəif səslə də olsa, səsləndirməyə başlayırlar. Azərbaycan cəzalandırılmalı, Liderinin qranit kimi sərt iradəsi əyilməlidir: Fransa parlamentinin aşağı və yuxarı palataları, ABŞ Senatı və Konqresi, Avropa təsisatları eyni ünvandan sifar almış kimi ağız-ağıza verib, bölgədə sülhü zərbə altında qoyacaq absurd qərarlarını qəbul edir, Azərbaycan əleyhinə dinləmələr keçirirlər. Planlar və gözləntilər amansız və sərtdir: Azərbaycan geriyə addım atacaq, böyük güclərin, "demokratiya beşiklərinin" ambisiyaları qarşısında boyun əyəcək...
2022-ci ilin soyuq, qarlı-şaxtalı dekabr günləri, Şuşa şəhəri, Laçın yolu... bir qrup gənc fəal ekosid əleyhinə dinc aksiyalara start verir, zərgər dəqiqliyi ilə düşünülmüş daha bir incə gediş edilir. Qərb Azərbaycanın 3 ay öncəki sentyabr və oktyabr gedişlərinin şokundan ayılmamış növbəti zərbəni alır.
Lakin, hələ ki "ümid" var, Rusiya sülhməramlıları ilə Azərbaycan arasında gərginlik yaradılaraq planlar pozulacaq... böyük ümidlə o anın çatması gözlənilir... bu gün baş vermədi, amma, bu, sabah baş verməyəcək demək deyil...

Bölgəni yenidən qan çanağına döndərməyə çalışanların böyük həvəslə gərginlik, toqquşma gözlədikləri anda İlham Əliyev daha bir gediş edir, 23 apreldə Laçın rayonunun Ermənistanla sərhədində Azərbaycan Sərhəd-Buraxılış Məntəqəsi quraşdırılır. Daha bir cavabsız nokdaun...
Qərb saraylarında emosiyalar coşur, soyuq məntiq itir, ağıl deyil, hikkə hakim olur davranışlara... "humanitar böhran", "aclıq təhlükəsi", "etnik və dini ayrıseçkilik", "etnik təmizləmə", daha nə, başqa hansı ittiham tapıb Azərbaycana hücum edə bilərik? Gecikdiklərini, Cənubi Qafqazın gələcəyini dizayn edən qatarın onların stansiyasını çoxdan keçdiyini qəbul etmək istəməyənlər - idalqolar, kolonnalar, makronlar psixoz halında açıqlamalar verir, Azərbaycanla sərhədə gəlib U dönüşü vədləri səsləndirirlər...

Azərbaycan dövləti və Lideri təmkinini pozmadan planlarını qurur, zərgər incəliyi ilə ilmələrini toxumağa davam edir, 19 sentyabrda başlayan və 24 saat belə çəkməyən anti-terror tədbirləri ilə separatizmi, terroru özünün Azərbaycan daxilində ən təsirli aləti hesab edən Qərbi daha bir nokdaun vəziyyətinə salır. Makronlar, borellər, korrupsioner parlamentarilər, senatorlar sabahı Azərbaycan ərazisində 100 illərdi böyük zəhmət və vəsaitlər hesabına formalaşdırdıqları separatizmin kökünün birdəfəlik qazılması gerçəkliyi ilə açırlar...

Bir an belə dayanmaq olmaz, Azərbaycana qarşı beynəlxalq təziq mexanizmi formalaşdırılmalı, Azərbaycan ən sərt və qətiyyətli şəkildə cəzalandırılmalıdır. Böyük güclərin maraqlarına belə ciddi zərbələrin qarşılığının nə olduğunu Azərbaycan dövləti, xalqı və lideri bilməlidir...
Avropa institutlarında, ABŞ Senatında, Konqres və Dövlət Departamentində, Fransa qanunverici orqanında ittihamlar, təhdidlər dolu, amma, beynəlxalq hüquqdan, haqdan, ədalətdən, bölgənin reallıqlarından uzaq dinləmələr, qərarlar oxunur... hətta erməni diaspor təşkilatlarının çirkli pulları hesabına maliyyələşən "təhlil institutları" tərəfindən "dəqiq məlumatlara" əsaslanaraq Azərbaycanı Ermənistana təcavüz planlamaqda, İlham Əliyevi isə bu planların ideoloqu və baş icraçısı qismində işğalçılıqda ittihamlar irəli sürülür... plan sadədir: informasiya terroru üzərindən Azərbaycanı hədəf taxtasına çıxarmaq, nüfuzdan salıb təsir imkanlarını zəiflətmək, nəticə etibarilə "dinc sakinlər" adı altında erməniləri, onların daxilində separatçıları və separatizmi yenidən Azərbaycana idxal etmək, əllərindən alınmış təsir mexanizmini geri qaytarmaq. Erməniləri geri qatmağa razı salmaq üçün isə istinad nöqtəsi kimi maraqlı görünsə də Rusiya sülhməramlıları təqdim olunur...

7 dekabr tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının müstəqillik tariximizdə ən möhtəşəm qələbələrindən biri elan olunur: İlk dəfə Azərbaycan və Ermənistan vasitəçilərsiz çox mühüm məsələlər üzərindən razılıq əldə edib, qarşılıqlı etimada xidmət edən addımlar atılıb. Qərb növbəti zərbəni alır, bu dəfə rinqdə rəqibin planlarına qarşı yalnız Azərbaycan işləmir...

Azərbaycan və Liderinə qarşı ittihamlar daha açıq xarakter alır, AŞPA, Avropa Parlamenti növbəti dəfə  anti-Azərbaycan oyunlarının alətinə çevrilir. Mübarizənin ölkə daxilinə transferinə növbəti dəfə cəhd edilir: xalq və hakimiyyət arasında böyük uçurum var, İlham Əliyev legitimliyini itirib, xalqı təmsil etmək, xalq adından qərar vermək hüququna sahib deyil... xalqına və dövlət başçısına qarşı bu planda yer almağa çalışanlar da tapılır, qanunsuz yollarla yüzminlərlə, milyonlarla vəsait ötürdükləri vətəndaş cəmiyyəti institutları, "müstəqil" media qurumları, tamamilə deqradasiyaya uğramış, nüfuzunu və elektoratını itirmiş bəzi siyasi partiya liderləri...

İlham Əliyev nə qədər müdrik və müdrik olduğu qədər də cəsarətli dövlət xadimi olduğunu qəti bir qərarı ilə növbəti dəfə nümayişkəranə şəkildə sübut edir: növbədənkənar prezident seçkiləri təyin olunur - Azərbaycanı, bölgəmizi qarışdırmağa çalışanlara növbəti nokdaun...
Müdrik və uzaqgörən xalqımız aparılan anti-Azərbaycan təbliğatına, informasiya terroruna rəğmən taleyinin, gələcəyinin öz əlində olduğunu, özünün müəyyən etdiyini bir daha sübut edir, böyük coşğu ilə seçki məntəqələrinə gedib ona tarixinin ən böyük qələbələrini bəxş edən Liderinə səs verir. Anti-Azərbaycan təbliğatı dayanmır, sülhməramlılar çıxmayacaq, işğalda qalan kəndlər qaytarılmayacaq, Ermənistan sülhə məcbur edilə bilməyəcək, bir sözlə, İlham Əliyev heç də deyildiyi kimi, "dediyini etməyi bacaran böyük lider" deyil...


Aprel 2024-cü il, Rusiya sülhməramlı qüvvələri bölgəni vaxtından əvvəl tərk etməyə başlayır, həm də Azərbaycan və Rusiya prezidentlərinin birgə razılığı əsasında...Yuxuları ərşə çəkilən qərb siyasiləri üçün növbəti nokdaun... yatsalar yuxularına belə girməyəcək hadisələr cövlan edir bölgədə, nə baş verirsə "girdiyi yerdən heç vaxt çıxmayan Rusiya" Azərbaycan ərazilərini səlahiyyət müddəti başa çatmamış tərk etməyə başlayırlar...
Zərbə o qədər gözlənilməz, dəqiq və tutarlı olur ki, maskaları taxmaq yaddan çıxır - dünyanın yerləşdiyi bütün bölgələrindən Rusiya qüvvələrini çıxarmağa çalışan Qərb Qarabağı tərk edən Rusiyanı bu addımına görə ittiham edir, hətta onu "etibarsız müttəfiq" adlandırır... zərbənin və "kontuziya"nın dərəcəsinə baxın...

Azərbaycana qarşı ittihamların, təhdid və bəyanatların sayı hesabı itir... yuxarıda qeyd etdiyim "əl buyruqçusu" QHT və media vasitələrində əvvəlcədən məqsədli şəkildə yerləşdirdikləri "hüquq pozuntusu halları"na söykənərək ABŞ insan hüquq və azadlıqları ilə bağlı hesabatda Azərbaycana qarşı açıq qarayaxma kompaniyasına start verilir. Öz əlaltılarının yaydığı məlumatları "mötəbər mənbə" kimi təqdim edən Dövlət Departamenti heç bir dəqiqləşmə aparmadan Azərbaycanı ittiham etdiyi halda, Ermənistan haqda ümumiyyətlə belə bir hesabat hazırlamır. Erməni lobbisinin maşası olan konqresmenlər Titus və Bilirakis kimilərinin əli ilə 44 azərbaycanlıya qarşı sanksiya tələbləri səsləndirilir.


Azərbaycan və Lideri dayanmır, haqlı bildiyi yolda qətiyyətli addımlarını atır, 19 aprel Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının iclasında növbəti böyük gediş edilir, işğal edilmiş anklav olmayan 4 Azərbaycan kəndinin dinc yolla geri qaytarılması razılaşdırılır...
Qərbin nəinki Azərbaycana, bütövlükdə bölgəyə, Ermənistana təsir imkanlarına zərbə vuran uğurlu razılaşma və Qərb üçün növbəti nokdaun...
Zərbələrdən gözünü aça bilməyən Qərb növbəti nokdaunu bölgədə əsas istinad nöqtəsi hesab etdiyi Gürcüstandan alır. "Xarici təsirin şəffaflığı haqqında" qanun ilə Gürcüstan hakimiyyəti 2008, 2014, 2022-ci il hadisələrində Qərb "müttəfiqlərinin" tərəfdaşlarına "sədaqətindən", 2020-ci il və ötən dövrdə Azərbaycanın düşünülmüş, ağıllı davranışlarından "dərs" aldıqlarını göstərir...

Bəs nə baş verir?
- Azərbaycanla birgə iradə nümayiş etdirmək istəyən Ermənistan süni şəkildə xaosa, münaqişəyə sürüklənir;
- Azərbaycandan "dərs" alan və bu dərsə uyğun yol müəyyən etməyə çalışan Gürcüstan vətəndaş müharibəsinə sürüklənir, siyasi böhran və xaos vasitəsilə bu ölkəni tutmağa çalışdığı müstəqil yoldan döndərməyə açıq cəhdlər edilir;
- Heç bir təhdidə, heç bir təzyiqə boyun əyməyən Azərbaycan hakimiyyətini daxildən sıxa bilməyəcəklərinə əmin olan Qərb neoimperialistləri səfirlərini "şou göstərməyə" məcbur etməklə bölgəyə və dünyanın bir çox bölgələrinə yeni dəngələr gətirən, yeni bir nümunə - güclü, cəsarətli Azərbaycan nümunəsini ortaya qoyan gücə və onun Liderinə qarşı hər riyakarlığa, hər qanunsuzluğa əl atacaqlarını göstərir.

Hesab etmirəm ki, səfir Mark Libbi "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə tanış deyil. Yaxud, beynəlxalq hüququn "dövlətlərin daxili işlərinə müdaxilə etməmək" prinsipini bilmir. Eyni zamanda, beynəlxalq siyasi terminologiyada "geri qaytarılmış" və "işğaldan azad olunmuş" ifadələrinin nə qədər ciddi və fərqli məna kəsb etdiyindən də xəbərsiz deyil. Digər tərəfdən "Diplomatik fəaliyyətin təşkili" prinsipləri haqda çox gözəl bilən səfir cənab Mark Libbi Şuşaya səfər etməməsini "mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm" kimi diplomatik etiket qaydaları ilə bir çərçivəyə sığmayan, diplomata yaraşmayan ifadə  ilə "əsaslandırarkən" növbəti təyinatlar üçün ABŞ Konqresinin ermənipərəst konqresmenləri üçün "şou" göstərdiyini də bizim nəzərimizdən qaçmadığını bilməlidir.

Beləliklə, baş verənlər tək bir səbəbdən qaynaqlanır: Azərbaycan dövləti və onun Lideri müstəqil siyasət yeridir, Rusiya ilə münaqişəyə getmədən, hətta anlaşaraq milli maraqları təmin etməyin mümkünlüyü alternativini təqdim edir, Prezident İlham Əliyevin iradəsi nəinki Azərbaycanda və bölgəmizdə, eləcə də dünyanın bir çox bölgələrində fərqli, Qərb neoimperialistlərinin planlarına uyğun gəlməyən situasiya formalaşdırır, proseslərə fərqli yön verir. Bunu qəbul etməyən, planları pozulan qüvvələr isə ən çirkin metodlardan, oyun qaydalarına zidd metodlardan belə istifadə edib köhnə qaydaları bərpa etməyə çalışırlar. Amma, unudurlar ki, tarixin çarxını geri çevirmək hələ heç kimə nəsib olmayıb!

Anar Əliyev,
"Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq