06 may 2024 11:33
340

Qarşılıqlı etimad və həmrəylik əsasdır

Azərbaycanın ənənəvi ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdən biri də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Qeyd edək ki, mayın 1-də Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak etdi. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəldilər. Üç gün davam edən Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutuldu. Müzakirə olunan mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə etdi. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərləri də təşkil edildi. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaları keçirildi. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsəti oldu.

Tədbirin gündəliyi olduqca zəngin idi. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamı xüsusi qeyd etdi. “Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq?” fikirlərinin davamı olaraq cənab İlham Əliyev vurğuladı ki, 2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun dünya təhlükəsiz olmayıb. Biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük: “Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın.”

Gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın öz təcrübəsi var. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Ölkəmizin coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməsi bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir.

Gündəliyə uyğun olaraq COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparıldı, təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə nəzər salındı, dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim təhlükəsizliyi problemlərinə diqqət yönəldildi. Dövlət başçısı İlham Əliyev çıxışında tədbir iştirakçılarına belə müraciət etdi ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Tərəfdaşlarımızla iqlim dəyişikliyi ilə bağlı danışdıq. Bu, qaçılmazdır. Çünki biz neft hasil edən ölkəyik və neft-qazımızın olması günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var: “Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək.”

Cənab İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, sülh və təhlükəsizlik münaqişədən sonrakı vəziyyətlə bağlı olan məsələlərdir. Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Bu, lazımınca nəzərdən keçirilməlidir. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qaldı və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün oldu,  etnik təmizləməyə məruz qaldı. İndi biz azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə isə Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar ölkəmizin təkliflərinin layihəsi üzərində aparılır.

Reallıq budur ki, Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində həm tarixi Zəfərə imza atdı, həm də ötən il ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu gün onların yaratdığı reallıqları yaşayırıq. Azərbaycan qalib ölkə olaraq yeni reallıqların qəbul etdirilməsi istiqamətində mühüm addımlar atır və buna nail olub. Baxmayaraq ki, Ermənistana havadarlıq edən bəzi dünya gücləri vəziyyəti gərginləşdirmək üçün cəhdlər edirlər qarşısı qətiyyətlə alınır. Azərbayanın tarixi həqiqətlərə, beynəlxalq hüquqa söykənən siyasəti belə cəhdlərin qarşısının alınmasında mühüm faktordur. Ölkəmizin sözünün imzası qədər dəyərli olması günümüzün əsas reallıqlarındandır. 

Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri