18 may 2024 10:43
226

IV sinif şagirdləri üçün monitorinq keçirilir

Dövlət ümumi təhsil müəssisələrinin IV sinif şagirdləri üçün monitorinq keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, monitorinqlər tədris dili və riyaziyyat fənləri üzrə təşkil olunur.

Tapşırıqlar IV siniflərdə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edir. İmtahanın müddəti 120 dəqiqədir. Tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 27 qapalı və 3 açıq sual təqdim olunacaq.

Xatırladaq ki, mayın 19-da VI sinif şagirdləri üçün monitorinq təşkil olunacaq.

VI siniflərdə monitorinqlər tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunur. VI siniflərdə tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz məzmun xətlərini əhatə edir. İmtahanın müddəti 150 dəqiqədir. Tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunacaq.

Hər cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir göstərmir.

Monitorinqlərdə istifadə edilən qiymətləndirmə vasitələri IV və VI siniflər üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanır. Monitorinqdə ümumilikdə 300 minə yaxın məktəbli iştirak edəcək. Bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə onlar monitorinqdə iştirak etməyə bilərlər.

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılmasıdır.

Bu monitorinqlərin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.