08 noyabr 2018 22:46
3149

Mərhəmətli olmağa tələsin!

7 noyabr 2018-ci il tarixində SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi (İB) Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə “Mərhəmətli olmağa tələsin!” devizi altında növbəti xeyriyyə aksiyasına start verib.

Birliyin akt zalında keçirilən tədbirdə “Azərikimya” İB-nin struktur bölmələri ilə yanaşı, YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri, “Qartal” tikinti firmasının rəhbəri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri, Karbamid zavodunun, Sumqayıtda yerləşən digər idarə, müəssisə, təşkilat, bank və sığorta şirkətlərinin rəhbərləri, “Kimyaçı” poliklinikasının və özəl klinikaların baş həkimləri, “Sumqayıt” futbol klubunun nümayəndələri də daxil olmaqla - ümumilikdə 50-dən artıq qurumu təmsil edən nümayəndə iştirak edib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 8 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın indiyə qədər əsas qayəsini şəhərimizin ümumtəhsil müəssisələrində təhsil alan, sağlamlıq və maddi imkanları məhdud olan uşaqların isti qış geyimləri ilə təmin olunması təşkil edib. Hər il bu aksiya nəticəsində yüzlərlə insana yardım edilib. Ötən illərdən fərqli olaraq, bu il yardım veriləcək insanların bir neçə kateqoriyaya bölünməsi nəzərə alınıb. Belə ki, bu aksiyadan hər iki valideynini itirmiş uşaqlar, əlil arabasına ehtiyacı olan insanlar və əlillər təşkilatının digər ehtiyaclı üzvləri, aztəminatlı ailələrin üzvləri, tənha və kimsəsizlər, baxıma, dəstəyə və yardıma ehtiyacı olan digər insanlar yararlana biləcəklər. Vurğulanıb ki, noyabrın 25-nə qədər davam edəcək aksiyada əldə olunan paltarlar, əlil arabaları və gündəlik tələbat vasitələri “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsində toplanacaq, məqsədyönlü şəkildə və aksiyaya qoşulanların bilavasitə iştirakı ilə yekun tədbirində nəzərdə tutulmuş insanlara paylanılacaq.

Orxan Vahidoğlu, “İki sahil”