26 aprel 2024 18:07
318

“ZAMANA SIĞMAYAN LİDER: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi”

Almaniya Təbiət Elmləri Akademiyasının akademiki, MTU XPİ Elmi Parkının direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, həyerlimiz Eldar Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “ZAMANA SIĞMAYAN LİDER: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı kitabı haqda yazıb.

“Bu gün Azərbaycan sürətli inkişaf mərhələsindədir. Dünya dövlətlərinin uzun illər boyu həll edə bilmədikləri problemləri özü həll etdi. Bütün bunları, təbii ki, sıradan bir hadisə kimi qiymətləndirmək olmaz. Bunu dəqiq düşünülmüş və hesablanmış siyasət və strategiyanın, həmrəyliyin, güclü iqtisadiyyatın və digər faktorların son nəticəsi kimi qiymətləndirilmək lazımdır.

Mən bir azərbaycanlı kimi deyə bilərəm ki, Heydər Əliyev dünya siyasətinə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük işlər görmüşdür. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir.

Heydər Əliyevi tədqiq etmək, onun siyasətinin fəlsəfi mahiyyətini açıb göstərmək olduqca vacib və əhəmiyyətlidir. Belə ki, Heydər Əliyevin siyasi strategiya və metodologiya problemləri, dövlətçilik və milli ideologiya ilə bağlı baxışları, dünya ictimai-fəlsəfi və siyasi fikrinin inkişafına təsir edən və xüsusi mərhələ təşkil edən istiqamətləndirici və çox dəyərli düşüncə dünyasıdır. Hörmətli Prezident cənab İlham Əliyevin böyük ehtiramla söylədiyi və diqqət çəkən bu qiymətli sözləri daim öz yüksək dəyərini saxlayacaqdır: “Heydər Əliyevin düşündüyü ideyalar indi də yaşayır. Onun siyasəti davam etdirilir, fəlsəfi fikirləri müasir Azərbaycanımızın qüdrətlənməsi proqramının əsas istiqamətlərini göstərməkdədir.”

Sovetlər dövründə Azərbaycanda müstəqil dövlət olmasa da dövlətçiliyin müəyyən atributları saxlanılmışdı. Bunların saxlanılması Heydər Əliyevin şəxsi təşəbbüsləri ilə olmuşdur. Məsələn, Azərbaycan dilinin saxlanması, orduda milli kadrların hazırlanması və.s. Təbii ki, mənin yaşım icazə verir ki, bunların hamısını sizə çatdırım. Amma şəxsiyyətinə dərin hörmət bəslədiyim dos. Sadiq Qurbanovun “ZAMANA SIĞMAYAN LİDER: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi“ adlı elmi monoqrafiyası bu sahədə gözəl tədqiqat işidir. Bir akademik olaraq bu kitabı çox maraqla oxumuşdum. Azərbaycan internet saytlarından dövlət mükafatına təqdim olunan kitablar arasında bu kitabın da olduğunu oxudum, hesab edirəm ki, mən də bir xaricdə yaşayan azərbaycanlı alim kimi öz fikrimi bildirməliyəm.

Kitab çox sanballı yazılıb və vətəndaş olmasam da, bir akademik kimi dəstəyimi ifadə edirəm. Dostum Sadiq Qurbanova isə yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.