10 aprel 2024 02:59
685

Gələcək nəsillər üçün daha sağlam mühit uğrunda...

Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti bu enerji növünün istehsalı üçün geniş imkanlar yaradır

Dünyanın ən nəhəng qazıntı yanacağı ölkələrindən olan ABŞ 20-ci əsrin əvvəllərində ətraf mühitlə bağlı ciddi problemlər yaşayırdı. Havaya buraxılan karbon qazı o dərəcədə çox idi ki, burada turşulu yağışlar yağır, ekosistemi, biomüxtəlifliyi məhv edirdi. Karbon emissiyasının azaldılması üçün təklif edilən çözüm yolu ABŞ tərəfindən ilk dəfə təklif edilən “cap and trade” adlı sənədin imzalanması ilə oldu. Bu yol karbon emissiyasına məsul olan qurumların vəsait ödəməsi idi. Yəni, karbondan istifadənin artıq qiyməti vardı və bu vergi mexanizmi ilə tənzimlənirdi. Çirkləndiricilər emissiyalarının planetə vurduğu mənfi xarici təsirin əvəzini ödəyəcəklərdi. Bu mexanizm tətbiq edilməyə başlandıqdan 8 il sonra ABŞ-da turşulu yağışlar bir daha yağmadı. Bu illər ərzində şirkətlər təmiz enerji yollarını axtarmağa başladılar və “yaşıl enerji”yə keçid strategiyaları belə yarandı.

Bu fikirləri “Sağlamlığa Xidmət” İctimai Birliyinin direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva “İki sahil”ə açıqlamasında bildirdi.

Qlobal istiləşməni 1.5 dərəcəyədək məhdudlaşdırmaq...

Pərvanə Vəliyevanın sözlərinə görə, ekoloji aktivistlər düşünürlər ki, karbon emissiyasına məsul bizneslər öz mənfəətlərini ətraf mühit proqramlarının inkişafına və “yaşıl enerji”yə keçid üçün fəaliyyətlərə sərf etməlidir. “Yaşıl enerji”dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. Hazırda dünya dövlətləri Paris Razılaşmasının tələblərini yerinə yetirərək qlobal istiləşməni 1.5 dərəcəyədək məhdudlaşdırmaq üçün bütün mövcud səyləri səfərbər edirlər. Bu razılaşmanın öhdəliyini yerinə yetirməyin əsas yolu enerji istehsalında alternativ və bərpaolunan enerji resurslarından istifadə edərək, qazıntı yanacağı yandırmağı azaltmaq və yaşıl iqtisadiyyata keçməkdir.

Çıxış yolu - Enerji istehsalında alternativ və bərpaolunan enerji resurslarından istifadə etmək, qazıntı yanacağını azaltmaq və yaşıl iqtisadiyyata keçməkdir

Həmsöhbətimiz vurğuladı ki, “yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır. Regionlarda Günəş enerjisinin istifadəsi üzrə yaradılan “solar” parklarda region əhalisi üçün əlavə iş yerləri açılır. Bu da regionların inkişafı  və davamlı inkişaf üçün vacib amillərdən biridir. Təmiz hava və təmiz sudan istifadə sağlamlığımız üçün faydalıdır və uzunömürlülük deməkdir. Bu, əhalinin əsas rifah göstəricilərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyondan çox ölüm halları havanın çirklənməsi ilə bağlıdır. “Yaşıl enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Beləliklə, qazıntı yanacağı istismarı zamanı suyun çirklənməsi hallarının da qarşısı alınmış olur. Həmçinin dövlətlər və böyük bizneslər “yaşıl enerji”yə keçid zamanı elmin və texnologiyanın ən son yeniliklərinə, innovasiyalara müraciət edirlər. Bu da bu sahədə yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır. Eyni zamanda, yeni yollar axtarmaq elmin inkişafına da təkan verir.

“Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərdən biridir

COP29-un Təşkilat Komitəsinin üzvü diqqətə çatdırdı ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Külək, Günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. “Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilmiş və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür. “Yaşıl enerji”yə keçid istiqamətində dövlətlərin bütün addımları qlobal olaraq dəstəklənməlidir. İqlim dəyişikliyinin adaptasiya və təsirlərə uyğunlaşma üzrə təşəbbüsləri dəstəkləyən ən böyük fond - Yaşıl İqlim Fondu bu istiqamətdə dövlət və ayrı-ayrı özəl qurumlar tərəfindən təklif edilən “yaşıl layihə”ləri maliyyələşdirir. Bununla bərabər, ölkəmizdə fəaliyyət göstərən digər xarici donorlar da davamlı ətraf mühit üzrə öz dəstəyini artırmalıdır. Ekoloji çirklənmənin qarşısının alınmasına, karbon emissiyalarının azaldılmasına xidmət edən yaşıl enerjidən istifadə dünya dövlətlərinin iqtisadi baxımdan inkişafına da səbəb olur.

Yaqut Ağaşahqızı, “İki sahil”