09 may 2024 18:05
452

Paşinyan hökuməti ikibaşlı oyun oynayır və eyni vaxtda 3 stulda əyləşib - RƏY

Heç kəsə sirr deyil ki, Paşinyan hökuməti ikibaşlı oyun oynayır və demək olar ki, eyni vaxtda 3 stulda əyləşib. Bir stul Moskva, digərləri Brüssel və Vaşinqtonda yerləşir. Ancaq son zamanlar bir stuldan daha çox imtina xəttini seçib, yəni Moskva stulundan imtina edir və daha çox üzünü Qərbə tutub. Bu dövlət Brüssel və Vaşinqtonla əməkdaşlığı genişləndirir. KTMT-də fəaliyyətini de-fakto dayandırıb və yalnız de-yurye fəaliyyəti qalıb. Ancaq o da zaman məsələsidir. Amma bir yandan da Avrasiya İqtisadi İttifaqına sədrlik edir və artıq Rusiya ilə mal dövriyyəsi 7 milyard dollara gəlib çatıb. Yəni bugünkü Ermənistanın yaşamı, iqtisadiyyatı və əhalisinin dolanışığı birbaşa Rusiya ilə bağlıdır.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.

Deputat bildirdi ki, Ermənistan bir yandan Qərblə siyasi-hərbi əməkdaşlıq xəttini gücləndirir və bu baxımdan Rusiyaya xəyanət edir. Amma Rusiya ilə də ticarət dövriyyəsini gücləndirməklə Qərbə xəyanət edir. Yəni, özü üçün belə bir status müəyyən edib. Amma nə vaxta kimi...Yəqin ki, bu əsas məsələdir. İstisna deyil ki, Rusiyaya qarşı xəyanət yolunu seçən Ermənistanın Qərblə yaxınlaşması daha da kəskinləşsə və praktiki məzmun kəsb etməyə başlasa, yəni Rusiyanın strateji müttəfiqlik münasibətlərindən imtina ediləcəyi, Rusiya sərhədçilərinin Ermənistandan tam çıxarılacağı, həmçinin KTMT-dəki fəaliyyətini tam dayandıracağı təqdirdə, söhbət ilk növbədə de-yurye dayandırmaqdan gedir. Belə olan halda yəqin ki, Moskvanın çox ciddi təzyiqləri ilə üz-üzə qalacaq.

Nəzərə alsaq ki, bu gün Ermənistandakı ermənilərin sayı Ermənistandakı ermənlilərin sayından çoxdur. Bunun çox ciddi bir iqtisadi faktor, həm də siyasi təzyiq elementi olduğunu da nəzərdən qaçırmaq olmaz. Demək olar ki, Ermənistan iqtisadiyyatı Rusiyanın əlindədir. Belə olan təqdirdə Rusiyanın iqtisadi təsir mexanizmlərini total şəkildə işə salması Ermənistan siyasi hakimiyyətini iflic vəziyyətinə gətirib çıxara bilər. Bu reallığı nəzərə alan Paşinyan hələ də tam şəkildə Moskva stulundan imtina etməyib. 

Cavid Əkbər, “İki sahil”