20 aprel 2024 00:15
314

Hərdəmxəyallıq havası

Özlərinin belə film adlandırdıqları «mitinqin» «ölü canları», «siyasi meyitlər»i yenə də xarici havadarlarından aldıqları sifarişləri yerinə yetirmək üçün «meydan» xəyallarından ayılmaq istəmirlər

Özlərini «Demokratik Qüvvələrin Milli Şurası» adlandıranların aprelin 21-nə təyin etdikləri mitinqin vaxtını dəyişərək mayın 5-i tarixinə keçirmələri növbəti sərsəmlik oyunudur. Səbəb əvvəlki tələblərə yenilərinin əlavə edilməsi kimi göstərilir. Xatırladaq ki, aprelin 21-nə təyin edilən mitinqin əsas tələbləri olmayan «siyasi məhbus»lara azadlıq, seçki islahatları (təbliğat mitinqlərinin keçirilməsinə maneə törədilməməsi, seçki komissiyalarında real müxalifətin təmsilçiliyinin təmin olunması), əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması (uşaq pulunun verilməsi, müavinət, pensiya və maaşların artırılması), quru sərhədlərin açılması və Rusiya ordusunun Azərbaycandan çıxarılması olub.

Populizmdən, daha çox işsizlikdən qaynaqlanan, qrant, əcnəbi iyi gələn AXCP-nin, «Milli Şura»nın, Müsavat Partiyasının şinelindən çıxan bu tələblərin hər biri özlüyündə əsası olmayan, qərəzdən qaynaqlanan sayıqlamadır. Çünki illərdən bəri Avropa Şurasının (AŞ) qapısını su yoluna döndərən bataqlıq təfəkkürlü, şəxsi ambisiyalarının əsirinə çevrilən AXCP sədri Əli Kərimlinin trollarının, «islahatçı sədr»in yaxından əməkdaşlıq etdiyi erməni lobbisinin saxta siyahılarına əsasən həmin qurumun «siyasi məhbus» məsələsi ilə bağlı ayırdığı missiyaların üzvləri etiraf etdilər ki, Azərbaycanda əqidəsinə, siyasi mənsubiyyətinə görə azadlıqdan məhrum edilənlər yoxdur. Əli Kərimlinin saxta siyahısında adları yazılan «məhbuslar» törətdikləri cinayətlərinə, dövlət malını mənimsədiklərinə, Vətənə xəyanətlərinə, korrupsiya və rüşvətxorluğa görə həbs olunublar. Əvvəlki illərdə qondarma « siyasi məhbus» bazarında öndə gedən, müxtəlif cinayətlərdə əli olanların yaxınlarından pul alaraq onları « siyasiləşdirən» «insan hüquqları»nın fırıldaqcı müdafiəçisi , Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla alverləri çəp gələn Əli Kərimli deyəsən «bazar»ını yeniləmək istəyir. Radikalların cızma-qaradan ibarət digər tələblərinin də əsassız olduğunu düşərgədə hər kəs bilir. Çünki Azərbaycanda MDB ölkələrinin heç birində həyata keçirilməyən sosial islahatlar paketində nəzərdə tutulan maaşların, təqaüdlərin, digər imtiyazların artırılması mövsümi kampaniya deyil, davamlı prosesdir. Siyasi kampaniyalarla əlaqədar «demokratik islahatlar»la bağlı iddiaların da əsası yoxdur. Bu ilin 7 fevralında ölkəmizdə keçirilən prezident seçkilərindəki seçici fəallığını etiraf edən xarici müşahidəçilərin açıqlamaları radikalların bu utopiyalarının da əsassız olduğunu təsdiqləyir. Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri iki ölkə başçılarının qarşılıqlı razılıqları əsasında ərazini tərk edir. Özlərini «demokrat zümrə» adlandıranların şou- mitinqlərini mayın 5-nə keçirmələri «Toydan sonra nağara, xoş gəldin Bayram ağa» sərsəmləmələrinin daha bir təzahürüdür. Mitinq üçün məkanın 28 May, Nəriman Nərimanov metro stansiyalarının qarşısındakı meydanların seçilməsi də Əli Kərimli ilə Cəmil Həsənlinin siyasi hiyləgərliyinin təzahürüdür. Çünki mitinq üçün sosial bazaları olmayan, Azərbaycan xalqının xarakterik xüsusiyyətlərindən xəbərdar sözdə demokratlar bilirlər ki, metrodan istifadə edənlər ayaqüstü də olsa maraq üçün toplaşan beş-üç nəfərə yaxınlaşacaq. Beləcə «mitinq iştirakçılar»nın sayı artacaq. Lazım gəlsə pul müqabilində əvvəlcədən hazırlaşdırılan trollar bilərəkdən asayişi qoruyan polislərlə qarşıdurma yaradacaq. Çəkilən şəkillər milli xəyanətkarlara qrant ayıran ağalara, anti-Azərbaycan dairələrə göndəriləcək. Bəllidir ki, mitinq iştirakçılarının sayının çoxluğu əlavə qrant deməkdir.

Deyilənlərin məntiqi nəticəsi budur ki, Əli Kərimlinin və digərlərinin mitinq şousu ölü vəziyyətə düşmüş zümrəyə suni nəfəs verib, yaşayır görüntüsü yaratmaq, «mitinqə icazə verilmədi» bəhanəsi ilə özlərinə haqq qazandırmaqdır. Amma vicdanlarını, ləyaqətlərini itirənlər qapılarında nökər kimi çalışdıqları ağalarının Cənubi Qafqazda gərginliyi artırmaq üçün Azərbaycana qarşı apardıqları təxribatları görüb arabir də olsa milli mənliklərini xatırlamalıdırlar. İnsanların onlara etinasızlığından, nifrətindən qəzəblənən, mitinq xəstəlikləri yenidən baş qaldıran AXCP-nin etikadan məhrum mənsubları uğursuzluqlarının səbəblərini xalqa xəyanətlərində deyil, başqa səbəblərlə izah etməklə özlərinə haqq qazandırmağa çalışırlar. Bu dəfə daha irəli gedərək xalqı hədəf seçən Əli Kərimli tayfası jarqon ifadələr işlətməkdən belə çəkinmir. «Yurdu» viran qalan Əli Kərimli, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı, «Azərbaycan saatı» proqramının boşboğaz müəllifi, adı müxtəlif cinayətlərdə hallanan Qənimət Zahid kimi digərləri də sosial şəbəkələrdə Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr işlədərək siyasi oyunlarına- mitinq çağırışlarına məhəl qoymayanları «cahil kütlə» adlandırırlar. Amma özlərinə sərf edən zaman bu gün «kütlə» adlandırdıqlarının arxasında gizləndikləri məqamları, insanlara yaşatdıqları məşəqqətləri, xaosu unudurlar.

Qarşıdurmalar, qlobal problemlər, çəkişmələr məngənəsində çabalayan dünyamızda siyasi əqidəsindən asılı olmayaraq hər kəsin bir məqsəd naminə birləşməsinin həyati əhəmiyyətli olduğu bir məqamda milli xəyanətkarlarımızın qul bazarında hərraca qoyulan vicdanları oyanmır. Cənubi Qafqazda gərginliyin artırılmasında maraqlı olanların bölgədə söz sahibi Azərbaycana qarşı eyni mənbədən qaynaqlanan təxribatların qarşısının milli birlik və həmrəyliklə alınmasının zərurətə çevrildiyi indiki mürəkkəb məqamda «Osmaqızı TV»dən, «Azərbaycan saatı» kimi satqınlar yığıncağı olan ruporlardan istifadə edənlərin bir adı var: Vətən xainləri. İşğal altında qalan kəndlərimizin qaytarılması istiqamətində müzakirələrin aparıldığı, Zəngəzur dəhlizinin bərpası ilə bağlı ziddiyyətlərin artdığı mürəkkəb zamanda belə xəyanətlərini davam etdirənlərin ölkədə qarışıqlıq yaratmaq cəhdləri Ermənistana və havadarlarına yeni nəfəs yolu açmaqdır. İnformasiya-kommunikasiya texnologiyalarından, internetdən, sosial şəbəkələrdən istifadə üçün hər cür şəraitin yaradıldığı müasir dövrümüzdə mitinq tamaşasına ehtiyac yoxdur. Onsuz da Əli Kərimlinin trolları illərdən bəridir ki, mitinq iştirakçılarının sayından dəfələrlə çox olan sosial şəbəkələr vasitəsi ilə böhtan və yalanlarını tirajlayırlar. Xarici ölkələrdən, anti-Azərbaycan ruhlu təşkilatlardan qaynaqlanan sifarişlər əsasında mitinq keçirmək həvəsi əslində müxalifətin xarici ölkələrdəki himayədarları, erməni lobbisi qarşısında götürdükləri öhdəlikdir. Bu xəyanətkarlar unudurlar ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən sonra daha da güclənən, bir yumruq kimi birləşən Azərbaycan xalqına Qərbin Cənubi Qafqaza sırımaq istədiyi ermənisayaq məğlub, itaətkar «demokratiya» lazım deyil. Əli Kərimlinin ssenarisi əsasında formalaşdırmağa çalışdıqları mitinq «dərnək həvəkarları»nın siyasi şousudur. Sosial bazası olmadığı, namizədlər üçün ölkəmizin Konstitusiyasında nəzərdə tutulan qanunvericilik əsasında nəzərdə tutulan seçici imzasını topla bilməyəcəklərini əvvəlcədən dəqiqləşdirən siyasi oyunbazlar «mitinqlərə icazə verilmədi» bəhanəsi ilə qarşıdakı parlament seçkilərində iştirakdan imtina üçün qabaqcadan «əl yeri» hazırlayırlar. Özlərinin belə film adlandırdıqları mitinqin «ölü canları», «siyasi meyitlər»i hələ ki, rəhmətlik Mirzə Babayevin kəpənəyi qovduğu kimi, qaçdı-tutdu oyunlarını davam etdirirlər. Azərbaycanın müsiqi tarixində özünəməxsus dəst-xətti olan sevimli sənətkarımız kimi, onlar da istədiklərinə çata bilməyəcəklər. Tələblərində , iddialarında məntiq, tutarlı səbəb olmadan siyasi şou üçün ssenarilər cızanların qaçdı- qovdu oyununu Azərbaycan xalqı birliyi, həmrəyliy ilə pozacaq. Şəxsi ambisiyalarının qurbanı olanlar, xarici havalara oynayanlar bilməlidirlər ki, kimlərisə aldadıb meydanlara yığmaq cəhdi kif atmış metod kimi 1990-cı illərdə qaldı. Siyasi ambisiya düşgünləri, aksiya şousu ilə suyu bulandırmağa, siyasi sabitliyi pozmağa çalışanların, milli təəssüb keşliklərini, vicdanlarını xəyanət bazarına çıxaranların pərdəarxası məqsədləri AXC-Müsavat iqtidarı dövründə yaratdıqları xaosu təkrarlamaqdır. Amma onların bəd niyyətləri çabaladıqları çirkab üfunəti verən satqınlıq bataqlığında çürüyəcək.

Xuraman İsmayılqızı, «İki sahil»