19 aprel 2024 21:14
222

Prezident İlham Əliyevin daha bir siyasi və diplomatik qələbəsinin şahidi oluruq - EKSPERT

4 kəndin də bir güllə atılmadan işğaldan azad olunaraq Azərbaycana qaytarılması böyük strateji  qələbədir

Ötən ilin sonları və bu ilin əvvəllərində əslində Azərbaycan tarixdə heç vaxt  olmadığı vəziyyəti reallaşdırmışdı. Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının 7 dekabr  2023-cü il tarixində  birgə açıqlamasının şahidi olduq. 14 dekabr 2023-cü ildə üçüncü tərəfin iştirakı olmadan hərbçilərin  mübadiləsi həyata keçirildi.  Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyinə dəstəyini göstərərək jest etdi. Bütün bunlar siyasi və diplomatik baxımından Prezident İlham Əliyevin məntiqi ardıcıllıqla Azərbaycan dövlətinin maraqlarına xidmət edən siyasəti ilə əlaqədardır.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi.

Strateji uğur

Siyasi şərhçinin sözlərinə görə İkinci Qarabağ müharibəsində qarşı tərəfin kapitulyasiyaya uğraması ilə nəticələnən tarixi Zəfərimiz, 2022-ci ilin mart ayında Fərrux əməliyyatı-Fərrux yüksəkliyinin Azərbaycanın nəzarəti altına keçməsi əslində çox böyük strateji  qələbə idi. Çünki Fərrux yüksəkliyi Qarabağ və ətraf ərazilərə tam nəzarət və müşahidə  etmək üçün  Azərbaycana tam  imkan verirdi. 2022-ci ilin 3 avqust  tarixində  Ermənistan tərəfinin növbəti təxribatı və Azərbaycanın növbəti əməliyyat keçirməsi və bu əməliyyat nəticəsində  Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan bölmələri tərəfindən nəzarətə götürülüb.  2022-ci  ilin 12-14 sentyabr tarixlərində qarşı tərəfin növbəti təxribatı nəticəsində  Murovdağdan Araz çayına qədər bütün strateji yüksəkliklərdə, sərhədboyu ərazilərdə şərti sərhəd ərazilərindən Azərbaycanın nəzarəti altına keçməsi və 23 aprel 2023-cü ildə Azərbaycanın Laçın yolunda Dövlət  Sərhəd Xidməti tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsinin qurulub.
2023-cü ilin 19-20 sentyabr tarixlərində 23 saatdan bir qədər çox çəkən lokal xarakterli antiterror əməliyyatları həyata keçirərək Azərbaycan ərazisində  boz zonaya son qoyulması, terrorist meyillərin, qruplaşmaların kökünün kəsilməsi və onların Azərbaycan  ərazisindən təmizlənməsi prosesi bununla da Azərbaycanın tam şəkildə ərazi bütövlüyününün və suverenliyinin tam təmin edilməsi prosesi əslində Prezident İlham Əliyev tərəfindən  ümumilikdə  keçmiş münaqişə ilə bağlı dünya tarixində  bəlkə  də unikal hadisənin məntiqi  ardıcıllıqla həyata keçirilməsi kimi yekunlaşdı.

Siyasi uzaqgörənlik və müdrik siyasətçi bacarığı

Artıq 4 kəndin də bir güllə atılmadan düşmənin nəzarətindən çıxarılaraq Azərbaycana qaytarılması böyük strateji  qələbədir. Unutmayaq ki, İkinci Qarabağ müharibəsindən sonra təkcə 4 kənd deyil,  Ağdamın, Kəlbəcərin və Laçın rayonunun bu şəkildə bir güllə atılmadan, qan tökülmədən azad etməyimiz son 100 illiklər boyi oxşarı olmayan hadisədir. Çünki zamanında düşmən o əraziləri qan tökərək, atəş açaraq, itkilər verərək, Azərbaycan  tərəfini də itkilərə məruz qoyaraq işğal etmişdi. Amma Azərbaycan tərəfi döyüş  meydanında düşməni kapitulyasiyaya uğratmaqla  daha sonra bu prosesi siyasi və diplomatik müstəvidə davam etdirməklə döyüşmədən, qan tökmədən mürəkkəb coğrafi ərazilərə sahib  olan böyük rayonları işğaldan azad etmişdi. Bu da Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, beynəlxalq münasibətlər sahəsində müdrik siyasətçi  və diplomat olması ilə bağlıdır. Bu məsələyə maneçilik törətmək istəyən Fransa və Qərbdən olan bir sıra  dövlətlər, açıq desək ABŞ  bu prosesə maneçilik törətməyə çalışırdı. Prezident İlham Əliyev özünün diplomatik gedişləri ilə sübut etdi ki, əgər doğru xarici siyasət yürüdülərsə, praqmatik diplomatiya ortaya qoyulursa  istənilən uğura nail olmaq olar. Bunun üçün ilk öncə uzaqgörənlik, müdrik siyasətçi bacarığı, haqlı, ədalətli mövqe tutmaq, xalqının bu haqlı və ədalətli mövqeyi ətrafında sıx birləşməsi, "dəmir yumruq" kimi birləşməsi yolu ilə əldə etmək olar. Ona görə də bu prosesin də növbəti uğurlu mərhələsini  arxada qoyduq.

Maraqların toqquşduğu regiondan maraqların uzlaşdığı regiona doğru...

Əsas hədəfimiz Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqazda Ermənistanla postmünaqişə dövrünə aid olan bəzi problemlərin tam həllinə nail olmaq, Cənubi Qafqazda tam şəkildə sülhü, təhlükəsizliyi və sabitliyi bərqərar etmək və keçmiş münaqişə ilə bağlı bütün bloka düşmüş nəqliyyat və iqtisadi kommunikasiyaları bərpa etmək və bununla da Cənubi Qafqazı dünyanın maraqları toqquşan regionundan maraqların uzlaşdığı regiona çevirmək niyyətimizi həyata keçirməkdir. Bu hədəfə nail olmağa çox uzaq yol qalmayıb. Qısa müddətdə bu istəyimizə nail olacağıq.  Əslində bu, Ermənistan dövlətinin və xalqının maraqlarına da xidmət edən bir hədəfdir. Bu prosesdə Ermənistan da öz əlini  daşın altına qoymalıdır. Artıq böyük yol qət etmişik ümid edirəm ki, biz bu il ərzində Ermənistanla sülh sazişinin imzalanmasına nail olacağıq. Bu istiqamətdə artıq üfüqdə perspektivli məqamlar görünür.

Yaqut Ağaşahqızı, “İki sahil”