26 aprel 2024 13:19
200

Misir nümayəndə heyəti “Mossad”lə görüşəcək

Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel Qəzza zolağında müvəqqəti atəşkəs və əsir mübadiləsi ilə bağlı danışıqlar aparmaq üçün bu gün Təl-Əvivə gedəcək.

Bu barədə “İki sahil” "NTV"yə istinadla xəbər verir.

İsrailin Hərbi Nazirlər Kabineti dünən danışıqlar qrupuna Misir nümayəndə heyəti ilə görüşdə “çevik yanaşma” qəbul etməyə icazə verib.

Qətər mətbuatının məlumatına görə, Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea və Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaçi Haneqbi ilə görüşmək üçün İsrailə gedir.

Məlumatda Qahirənin də təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha planlaşdırılan hücumun qarşısını almağa çalışdığı bildirilib.

Eyni zamanda, İsrailin danışıqlar qrupu Qəzzada israilli məhbusların azad edilməsini təmin etmək məqsədi ilə Təhlükəsizlik Kabinetinə təklif təqdim edib.

Təklifdə “İsrailin qadın, qoca və səhhətində ciddi problemlər olan xəstələrin də olduğu 20 əsirin azad edilməsini tələb edəcəyi” iddia edilib.

İsrailin bunun müqabilində köçkün fələstinlilərin Qəzza zolağının şimalına qayıtmasına icazə verəcəyi gözlənilir. Lakin İsrailin məhbusların azad edilməsi müqabilində edəcəyi güzəştlərin təfərrüatları tam açıqlanmayıb.