26 aprel 2024 13:46
231

Çin ABŞ-ı ikiüzlülüyünə görə qınadı

Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Ukraynaya kömək edəndə ikiüzlülük edir, eyni zamanda, Rusiya ilə Çin arasında normal ticarət əlaqələrini əsassız olaraq pisləyir.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinqdə bildirib.

Bir müddət öncə Antoni Blinken Çin Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdə ABŞ-ın Çinin Rusiyaya verdiyi dəstəkdən narahat olduğunu bildirmişdi.

ABŞ-ın dövlət katibi Çini Rusiyanın müdafiə sənayesi bazasına “əsas töhfə verən” adlandırıb və bildirib ki, Çin Qərbin sanksiyalarından qurtulmaq üçün Rusiyaya dəzgahlar, yarımkeçiricilər və digər ikili təyinatlı mallar verir.

V.Venbinin sözlərinə görə, “Ukrayna böhranının mənbəyi Avropada regional təhlükəsizlik sahəsində uzun müddət ərzində yığılmış ziddiyyətlərdədir”.

O qeyd edib ki, yalnız dialoq və danışıqlar yolu ilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik strukturunun yaradılması onun həlli üçün düzgün yoldur.

Qeyd edək ki, Antoni Blinken  Çinə səfər edib və bu gün onun işgüzar səfəri başa çatacaq. Bu, onun 2021-ci ilin yanvarında bəri dövlət katibi kimi Çinə ikinci səfəridir.

Çinin xarici işlər naziri Van İ bildirib ki, ABŞ Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətti keçməməlidir.