26 aprel 2024 17:04
267

Kəmaləddin Heydərov Göygöl şəhərində vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göygöl şəhərində vətəndaşları qəbul edib.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 26 aprel 2024-cü il tarixində Göygöl şəhərində, Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Göygöl və Daşkəsən rayonları sakinlərinin qəbulunu keçirib.

Əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Göygöl şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Göygöl və Daşkəsən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.