27 aprel 2024 20:02
379

Prezidentin Almaniya səfəri münasibətlərin inkişafına yeni impus verəcək - RƏY

“Son vaxtlar Azərbaycan-Almaniya münabətləri yeni müstəvidə inkişaf edir. Ölkələrimizin bir-birinə yaxınlaşması Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir. Qeyd etmək istəyirəm ki, son illər Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi artır, qarşılıqlı sərmayələr yatırılır və yeni əməkdaşlıq imkanları müəyyənləşdirilir”.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O xatırladıb ki, 26 apreldə Berlində Prezident İlham Əliyev çox yüksək səviyyədə qarşılandı. Almaniyada hər bir dövlət başçısının şərəfinə bu cür yüksək hörmət və ehtiram göstərilmədiyini deyən deputat əlavə edib ki, Dövlət başçımızın səfəri çərçivəsində “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı ölkəmizdə keçiriləcək COP29-a hazırlıq prosesi kimi qiymətləndirir: “Dövlət başçımız Petersberq İqlim Dialoqunda etdiyi çıxışında Azərbaycanın bərpa olunan enerji potensialı, iqlim dəyişikliklərinə qarşı verdiyimiz töhfələr və ölkəmizin bu tədbirə uğurla ev sahibliyi ilə bağlı məsələləri geniş qeyd etdi”.

A.Badamov deyib ki, Almaniyanın Federal Kansleri Olaf Şoltsla mətbuat konfransı keçirərək bir sıra məsələlərə aydınlıq gətirdi və jurnalistlərin suallarına cavablar verildi: “Hesab edirəm ki, mətbuat konfransına dəvət olunmuş jurnalistlər xüsusi tapşırıq əsasında təxribatyönümlü suallar hazırlamışdılar. Amma Prezident İlham Əliyev bütün sualları çox diplomatik və əsaslandırılmış şəkildə cavablandırdı. Suallardan biri mətbuat azadlığı və demokratiya ilə bağlı idi. Dövlət başçımız ölkəmizdəki senzurasız internet və media azadlığı haqqında cavab verərək, “Bütün fəaliyyətlər qanunlar çərçivəsində olmalıdır” – deyə açıq şəkildə bildirdi. Həm də neft gəlirlərinin ədalətli bölüşdürülməsinin nəticəsi olaraq ölkəmizdə yoxsulluğun 50 faizdən 5 faizə endirilməsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə sərf olunan vəsaitlərin şəffaf xərcləndiyini, 6 min keçmiş məcburi köçkünün öz yurdlarına qayıtdığını və bu ilin sonlarınadək bu rəqəmin 20 minə çatacağına bildirdi. Dövlət başçımız həm Petersberq İqlim Dialoqunda, həm də mətbuat konfransında ölkəmizin bərpa olunan enerji potensialının yüksək olduğunu, 2030-cu ilədək 5 qiqavat “yaşıl enerji” istehsal edəcəyimizi və Qara dənizin dibi vasitəsilə çəkiləcək kabel xətti ilə 4 qiqavat ixrac edəcəyimizi bildirdi. Həm də “yaşıl enerji” mənbələrimizdən səmərəli istifadə etməyimiz Avropaya əlavə olaraq 5 milyard kubmetr təbii qazı ixrac etmək imkanına malik olmağımızı qeyd etdi. Dövlət başçımız Azərbaycanla Avropa İttifaqı arasında formalaşmış yüksək əlaqələrə toxundu. Belə ki, 2022-ci ildə Avropa Komissiyasının Prezidenti ilə imzalanmış memarandumu xatırlayaraq 2027-ci ilədək 20 milyard kubmetr qaz ixrac etməyi plandırdığımızı bildirdi. O cümlədən Avropa İttifaqına daxil 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrimizin olduğunu qeyd edən dövlət başçımız gələcəkdə bu əlaqələri daha da genişləndirmək niyyətində olduğumuzu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə toxunaraq ölkələrimiz arasında baş tutmuş ikitərəfli görüşləri müsbət dəyərləndirdi. Həm də Ermənistanla sülh müqaviləsinin imzalanmasına daha yaxın olduğumuzu, Almaniyada keçirilmiş xarici işlər nazirlərinin rəhbərlərinin görüşünün bu prosesə töhfə verdiyini, 4 kəndimizin qaytarılmasını, sərhədlərin delimitasiyası prosesinə start verildiyini və Qazaxıstanda yenidən görüşərək sülh müqaviləsi layihəsinin müzakirə ediləcəyini bildirdi. Təbii ki, Azərbaycan-Ermənistan danışıqlarına kənar qüvvələr müdaxilə etməzsə, regiona tezliklə sülh və əməkdaşlığın gələcəyinə şübhə yoxdur. Dövlət başçımızın Almaniya səfərini çox yüksək dəyərləndirirəm və bu səfərin Cənubi Qafqaza sülh və əməkdaşlığın gəlməsinə yeni bir impuls verəcəyini hesab edirəm”. 

Cavid Əkbər, “İki sahil”