12 noyabr 2018 20:31
2778

Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib

YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib

Noyabrın 12-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə fləşmob keçirilib.

AZƏRTAC xəbər verir ki, fləşmob Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahının önündə təşkil olunub.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, yüz il bundan əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı təsis olunub. Lakin 1920-ci ildə bolşeviklərin ölkəmizi işğal etməsi nəticəsində müstəqilliyimizi itirdik 70 il müstəmləkə altında yaşadıq.

Milli Məclisin deputatı qeyd edib ki, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması dövlətimizin başçısının tarixi irsə sahib çıxmasının bariz nümunəsidir.

Son illər müstəqil Azərbaycan dövlətinin inkişaf edərək dünyanın aparıcı ölkələri arasında böyük nüfuz sahibinə çevrildiyini bildirən deputat zəfər bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliyini ifadə edib.

YAP Nəsimi rayon təşkilatının sədri vurğulayıb ki, ölkəmizin dövlət müstəqilliyinin bərpa olunmasında, hüquqi-demokratik dövlət quruculuğu prosesində, xüsusilə dünyanın sivil ölkələri tərəfindən də yüksək qiymətləndirilən Konstitusiyamızın işlənib hazırlanmasında və qəbul olunmasında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri var. Onun sözlərinə görə, Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Azərbaycan Respublikası Konstitusiyanın hazırlanması işini həyata keçirdi. Konstitusiyamız tam demokratik şəkildə ümumxalq referendumu ilə 1995- il noyabrın 12-də qəbul olundu.

Deputat vətəndaşların konstitusion hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin bərqərar olması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlərdən də danışıb.

Məlahət İbrahimqızı bildirib ki, bu cür aksiyaların keçirilməsində məqsəd gənc nəsli Azərbaycanın dövlətçilik tarixi ilə bağlı məlumatlandırmaq, gənclər arasında təbliğatın aparılması işinə dəstəkdir.

Tədbir YAP Nəsimi rayon təşkilatının bir qrup gənc fəalları tərəfindən Azərbaycan Dövlət Himnin səsləndirilməsi ilə yekunlaşıb.