26 aprel 2024 23:17
285

Təhsilimizin bugünkü reallıqları: Hazırlıq kursları, repetitorlar və…

İndiki dövrdə fərdi müəllim yanına getmədən universitetə hazırlaşan və tələbə adını qazanan abituriyent tapmaq demək olar ki, müşkül məsələdir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, uşaqlar məktəbə qədəmlərini qoymadan repetitor yanına getməli olurlar. Repetitorluğun məktəb mühitinə hansı mənfi təsirləri mövcuddur və bunun qarşısını almaq üçün nə etməliyik?  Repetitorluq ləğv olunarsa, təhsilin səviyyəsi aşağı düşərmi? Niyə abituriyentlər repetitor olmadan universitetə qəbul oluna bilməyəcəklərini düşünürlər? 

Biz sözügedən mövzu ilə bağlı mühüm məqamlara aydınlıq gətirməyə çalışdıq.

Valideynlərdə belə bir düşüncə var ki, övladı repetitor yanına getməsə ali məktəbə qəbul oluna bilməz 

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu gün Azərbaycan cəmiyyətində repetitorluq çox yüksək yayılıb. Valideynlərdə belə bir düşüncə yaranıb ki, övladı repetitor yanına getmədən  ali məktəbə qəbul ola bilməz. Bu gün yüksək bal qazanan abituriyentlərin də böyük əksəriyyəti daha çox repetitor yanına gedənlərdir. Bu baxımdan, hazırda bizim qarşımızda çox böyük vəzifə var.

Ceyhun Məmmədov qeyd etdi ki, biz çalışmalıyıq bu formada davam etməsin. Yəni, bu gün təhsil məktəbdə deyil, daha çox başqa istiqamətlərdə özünü göstərdiyinə şahidik. Zənnimcə, bu istiqamətdə əlavə addımların atılmasına böyük ehtiyac var. Yəni, biz məktəbdə təhsilin səviyyəsini gücləndirməli, valideynlər arasında geniş təbliğat aparmalıyıq. Eyni zamanda, zəruri olarsa, gələcəkdə müəyyən inzibati tədbirlərin həyata keçirilməsi də nəzərdə tutula bilər. Çünki biz bunu etməsək hələ uzun illər təhsilimiz bu çətinliyi yaşayacaq. Bu problemdən xilas olmaq istəyiriksə, dediyimiz  məsələni mütləq nəzərə almalıyıq və həyata keçirməliyik.

Hazırlıq kurslarına, repetitorlara müaciət etmədən yaxşı nəticə əldə etmək mümkün deyil?

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, nəinki Azərbaycanda, postsovet ölkələrinin əksəriyyətində də təhsil sisteminin bugünkü durumunun səbəbləri kifayət qədər dərindir. Fikrimcə, ilk öncə bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şübhə yox idi.  Danılmaz faktdır ki, orta məktəb şagirdlərinin dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müaciət etmədən yaxşı nəticə əldə etmələri inandırıcı deyil.

Pul verdikləri üçün nəzarət də edirlər

Ekspertin sözlərinə görə, əslində təhsildə kütləvi şəkildə repetitorluq  modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər  orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə  daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə  həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin.

İki repetitora 200 manat verməkdənsə...

Həmsöhbətimiz vurğuladı ki, son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır.  Yəni, illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər.  Valideynlər isə daha ucuz xidmət haqqına meyil edirlər. Yəni, valideyin iki repetitora 200 manat verməkdənsə,  övladını 5 fəndən kursa  göndərir ,həmin tədris mərkəzinə iki repetitora verdiyi xidmət haqqını ödəyir.  Bundan başqa, son dövrlədə qəbul imtahanlartında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müraciət etməli olurlar.  Bundan başqa, şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər. 

TƏKLİF: Repititor fəaliyyəti üçün lisenziya alınsın

Müsahibimiz hesab edir ki, repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün  bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı: “Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi , İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəliklərinin daxil olacağı bir komissiya yaradıb orada təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir.

Kamran Əsədovun sözlərinə görə, repetitorluq hər zaman olub. Maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmək halları da istisna deyil.

Bəs fərdi qaydada hazırlıq keçən, repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlər gəlir vergisini necə ödəməlidirlər?

İqtisadçı-ekspert Xalid Kərimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, repetitorluq fəaliyyəti ilə məşğul olanlar gəlir vergisi verməlidirlər: “Ümumi təhsil məktəbində işləyən müəllimlərlə özəl məktəblərdə işləyən müəllimlərin 2026-cı ilə qədər ödəyəcəyi vergilər fərqlidir. Dövlət məktəbində fəaliyyət göstərən müəllimin gəlirindən 200 manat çıxılıb, qalan hissəsindən  14 faiz  vergi tutulur. 2500 manatdan yuxarı gəlirin hissəsindən isə müəllimlər 25 faiz vergi verirlər. Özəl sektorda işləyən müəllim isə 2026-cı ilə qədər 8000 manata qədər əmək haqqıdan vergi vermir, amma gəlirin 10 faizi qədər pensiya  fonduna  ödəniş edir. Dövlət sektorunda isə müəllimin pensiya ödənişi 3 faizdir. Bu 2026-cı ilə qədər qeyri-dövlət və qeyri-neft sektoruna yaradılmış şəraitlə əlaqədardır. Fərdi repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslər  dövlətdən VÖEN almalıdırlar, daha sonra onlar kiçik sahibkarlıq, yəni mikrosahibkarlıq subyektinə çevriləcəklər. Mikrosahibkarlıq subyektində onların dövriyyəsinin 20 faizi qədərində vergi var. Yəni, repetitorluq fəaliyyəti ilə məşğul olanlar qanunla VÖEN almalıdırlar, hesabatlarını təqdim etməlidirlər və dövriyyələrinin də mikrosahibkarlıq subyekti olaraq 20 faizini vergi şəklində ödəməlidirlər. Çünki onlar  faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Mikrosahibkarlarda əgər 3-dən aşağı işçi varsa, vergi 20 faizdir.

Yaqut Ağaşahqızı, “İki sahil”