KÖŞƏ

Qvami Məhəbbətoğlu

Revanşistlər unutmasınlar ki...

02 mart 2021 17:24
2732

Otuz il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan 44 günlük müharibədə minlərlə itki verərək darmadağın edildi. Bu, Ermənistanın yaxın 100 ildə ən böyük məğlubiyyəti kimi tarixə düşdü. Buna baxmayaraq,  bu gün də Ermənistanda köhnə iqtidar klanlarına, hərbi xuntaya məxsus bəzi siyasi qüvvələr revanş niyyətindədirlər. Daha doğrusu, Ermənistanda məğlubiyyətlə razılaşa bilməyən işğal və terror xislətli dairələr ölkənin imza atdığı kapitulyasiyaya qarşı çıxır,  Azərbaycanı növbəti təxribatlarla, müharibə ilə hədələməyə çalışırlar. Şübhəsiz, onların hakimiyyət uğrunda mübarizələrinin təməlində də  revanş məqsədi dayanır. Sadə ermənilər tərəfindən rəğbətlə qarşılanmayan və Ermənistanı ağır duruma gətirib çıxaran Robert Koçaryan-Serj Sarkisyan cütlüyünün və onların tör-töküntülərinin baş nazir Nikol Paşinyanın istefası tələblərinə qoşulan bir qrup hərbçini dəstəkləmələri də bunu bir daha sübut edir.

Şübhəsiz, onların belə açıqlamaları, belə niyyətləri gülüş doğurur. Çünki   Vətən müharibəsində ordusu tar-mar edilən, hazırda böhran içində çabalayan bir ölkənin “siyasilər”inin revanş sözünü dillərinə gətirmələri  başa düşülən deyil. Ona görə də onların həmin çağırışlarını yalnız xam xəyal kimi yozmaq olar.

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha bu məsələyə toxunaraq bildirmişdir ki, Ermənistanda siyasətçilər hər zaman hakimiyyətə gəlmək üçün populist çıxışlar ediblər, sonra real vəziyyətlə üzləşəndə onlar bunun əziyyətini çəkiblər.

“10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir” deyən dövlətimizin başçının fikrincə, bölgədə quruculuq işləri, bir sözlə,  hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Dövlətimizin başçısı, həmçinin vurğulamışdır ki, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır: “Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək.” Bununla da Azərbaycan Prezidenti Ermənistanda revanşizm fikrinə düşənlərə bir daha  öz açıq mesajlarını vermişdir.

Şübhəsiz, Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi erməni vəhşilərindən təmizləməklə, erməni ordusunu, erməni faşizmini məhv etməklə öz tarixi missiyasını yerinə yetirdi və sözün həqiqi mənasında Ermənistanın dərsini verdi. Mütəxəssislərin fikrincə,  əgər erməni faşizmi bir daha baş qaldırsa Ermənistanın bir dövlət kimi varlığına son qoyula bilər. Unutmasınlar ki, Vətən müharibəsində düşmənə qan udduran Azərbaycanın dəmir yumruğu hazır vəziyyətdədir və bu missiyanı da yerinə yetirməyə qadirdir.

Siyasətçilər, həmçinin bildirirlər ki, hazırda belə bir fkirə düşənlərin elə bir dəstəyi də yoxdur. Əvvəl arxalarında duran qüvvələr var idi. Amma Vətən müharibəsində Azərbaycanın qüdrətini görən həmin qüvvələr daha onları dəstəkləmirlər. Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində faşist xislətli revanşistlərin çağırışları bütün hallarda havada qalacaq və  heç bir qüvvə bizi bundan sonra azad etdiyimiz  torpaqlardan tərpədə bilməyəcək.