KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Özünə umac ova bilməyən Mak(a)ron

15 mart 2024 22:43
1162

Günün nəbzi

Bu ağılnanmı özgələrə əriştə kəsmək sevdasına düşüb?..

Azərbaycan xalqı arasında çox populyar olan belə bir deyim var: “Harada aşdı, orada başdı.” Yəni, dəvət edilib-edilməməsindən asılı olmayaraq filankəs haradan plov iyi gəlirsə utanıb-qızarmadan, abır-həya etmədən özünü ora dürtür. Bu ifadəni, necə deyərlər, nöqtə və vergülünə belə toxunmadan Fransanın bugünkü üzdəniraq Prezidenti Emmanuel Makrona şamil etmək olar.  Təkcə  bu ifadənimi? Təbii ki, yox. Yuxarıdakı deyimdən əlavə, xalqımızın eynilə Makrona şamil olunası  o qədər zərb-məsəli var ki, saymaqla bitməz. Məsələn,  “Özünü yuyulmamış çömçə kimi atır ortaya”, “Evində yox urvalıq, könlündən keçir darğalıq”, “Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə”,”Özünə umac ova bilmir, özgələrə əriştə kəsir” və sair və ilaxir.

Bu günlərdə “Euronews” telekanalında rus dilində dəfələrlə  yayımlanan bir araşdırma-reportajı dönə-dönə diqqətlə izlədikdən sonra  belə qəti qənaətə gəldim ki, sadaladığım  xalq deyimləri arasında sonuncusu, yəni “Özünə umac ova bilmir, özgələrə əriştə kəsir” zərb-məsəli  sanki təpədən dirnağa qədər müsyö Makronun boyuna biçilib. Bu barədə bir az sonra...

Başlayaq Azərbaycanın yuxarıda adını çəkdiyimiz “Harada aşdı, orada başdı” atalar sözünün Fransanın başabəla Prezidenti Emmanuel Makrona nə dərəcədə dəxli olub-olmamasından.  Bəri başdan ərz edim ki, dəxli var. Özü də lap çox.  Müsyo Makronun haradan plov iyi gəlirsə, utanıb-qızarmadan, abır-həya etmədən özünü ora dürtməsinə dair çeşidli faktları bir-bir sadalayım, siz də diqqətlə qulaq asın. Əvvəlcə ondan başlayım ki,  bu Makron deyilən zat planetin hər hansı nöqtəsində baş verən istənilən hadisəyə imper təfəkkürlə münasibət bildirməyi çox sevir. Yəni, Yer kürəsinin hər hansı nöqtəsində problemli sitiuasiya yaranırsa, ya dərhal orada peyda olur, ya da virtual formada Fransa dövlətinin haqqı tapdalananların  yanında olduğunu  uca səslə bəyan edir.  Amma burada bir əmma var. Həmin əmma da ondan ibarətdir  ki, Yelisey Sarayının bugünkü sahibinin belə məsələlərdə fəaliyyəti boş-boş danışmaqdan, bir az da dəqiqləşdirməli olsaq mənasız çərənləməkdən  uzağa getmir. Ona görə  belə deyirik ki, az qala bütün dünyanı müdafiə etdiyi ölkələrin  köməyinə çatmağa çağırsa da konkret iş görmək məqamında  özü ustalıqla  aradan çıxır.

Götürək elə Rusiya-Ukrayna münaqişəsini. Az qala hər gün bütün dünyanı Ukraynaya dəstək göstərməyə çağıran, yenə də bizim məşhur atalar məsəlində deyildiyi kimi, “hamam suyu ilə özünə dost tutmağa” çalışan Makronun rəhbərlik etdiyi Fransanın bu ölkəyə yardımı gülünc rəqəmlərlə ifadə olunur. Belə görünür ki, Makron ancaq Ukraynanı boşboğazlıqla, yəni quru sözlərlə  “silahlandırmaqla” məşğuldur. Məsələn, bu günlərdə  müsyö Makron bütün NATO ölkələrinə müraciət edərək onları Rusiya ilə müharibə aparmaq üçün Ukraynaya qoşun yeritməyə çağırdı. Halbuki, o, nə qədər dayaz düşüncəli siyasətçi olsa da bilməmiş deyil ki, özünün rəhbərlik etdiyi dövlətin də təmsil olunduğu NATO-nun Nizamnaməsində heç bir halda Alyansın üzvü olmayan ölkəyə qoşun göndərmək nəzərdə tutulmur. Təbii ki, bu “söz pəhləvanı”nın növbəti absurd təklifi  bütün NATO ölkələri tərəfindən nəinki qeyri-ciddi, hətta son dərəcə rişxəndlə qarşılandı. Hətta onu axmaq və kütbeyin  adlandıranlar da oldu. Nəticədə müsyö Makron başçısı olduğu  Fransa dövlətini növbəti dəfə bütün dünyada rüsvay etdi.

Bəs Emmanuel Makron bu rüsvayçılıqdan sonra, necə deyərlər, abrına qısılıb kənara çəkildimi? Təbii ki, yox. Əgər abrına qısılsaydı daha Makron olmazdı ki! Fiaskoya uğrayan bu təklifindən dərhal sonra o, sanki Ukrayna cəbhəsində strateji məqsədlərinə nail olubmuş kimi indi də Moldovaya “gün ağlamağa” girişib. Yəni, Avropa İttifaqını (Aİ) özünün təbirincə desək “Moldovanı Rusiyanın gözlənilən təcavüzündən qorumaq” üçün bu ölkəyə missiya göndərməyə çağırıb və Fransanın bu prosesin önündə gedəcəyini vəd edib. Amma hələ də  heç  kimə aydın ki, bu missiyanı yaratmaqda məqsəd nədir və Paris bununla nə etmək istəyir. Belə anlaşılır ki, Fransa Prezidenti Ermənistanda “uğurla sınaqdan çıxardığı”  metodu indi də Moldovada davam etdirmək niyyətindədir. Niyə də davam etdirməsin?  Axı, ortada Ermənistansayağı ciddi biznes layihələri var və onların icrası ağıldanbəla  Makronun düşüncəsinə görə, həm beynəlxalq arenada onun nüfuzunu yüksəldər, həm də ona yaxşıca pul qazandıra bilər. Yəni, artıq heç kim üçün sirr deyil ki,  Makron “kiçik bacı”sı Ermənistanda Aİ-nin  missiyasının yaradılmasına nail olduqdan sonra  işğalçı ölkə ilə şıdırğı silah alverinə girişib. Hələ bu azmış kimi Hindistanın Fransa şirkətlərinin lisenziyası əsasında  istehsal etdiyi silahların da Ermənistana satışını həyata keçirir. Belə faktlar istənilən qədərdir və yuxarıda qeyd etdiyimiz kimi, onların hər biri Fransa dövlətini bütün dünyada rüsvay edir.

İndi isə keçək “Özünə umac ova bilmir, özgələrə əriştə kəsir” Azərbaycan atalar sözünün müsyö Makronun boyuna buçilməsi məsələsinə. Yuxarıda sadaladığımız faktlardan belə anlaşılır ki, son vaxtlar yeri gəldi-gəlmədi  özünün şəxsində dünyanın qlobal məsələlərini həll etməyə qadir lider obrazını beynəlxalq ictimaiyyətin gözünə soxmağa çalışan  Yelisey Sarayının indiki sahibi bu kimi qəribə davranışları ilə belə fon yaratmaq istəyir ki, sanki ölkəsində heç bir problem yoxdur. Tez-tez təkrar etməyi xoşladığı “demokratiyanın, bəşər mədəniyyətinin beşiyi” Fransada, necə deyərlər, qurd quzu ilə otlayır. Sanki  paytaxt Parisdə və  digər şəhərlərdə mütəmadi xarakter alan iğtişaşlar, xüsusilə  “sarı jiletli”lərin, fermerlərin və əhalinin digər təbəqələrinin  kütləvi itaətsizliklə müşayiət olunan və həftələrlə, aylarla davam edən  etiraz aksiyaları onun  “dünyanın ən demokratik və ən sivil ölkəsi” adlandırdığı Fransada deyil, hansısa “banan respublikası”nda baş verir. 

Amma yazının  giriş hissəsində qeyd etdiyimiz  “Euronews” telekanalında yayımlanan jurnalist araşdırması bir daha sübut etdi ki, bu daxili iğtişaşlar, artıq idarəolunmaz həddə çatan  etiraz aksiyaları hansısa “banan respublikası”nda deyil, məhz zəngin dövlətçilik, demokratiya, mədəniyyət ənənələri ilə öyünən bugünkü Fransada baş verir. Bu araşdırma-reportajı izləyən hər kəs  bir daha əmin oldu ki, Makron Fransanı artıq “banan respublikası” həddinə çatdırmaqdadır. Bəri başdan qeyd edək ki, Fransanın ikinci böyük şəhəri olan Marseldə baş verən tükürpədici olaylardan bəhs edən reportajı həyəcansız izləmək mümkün deyil. Konkret faktlar və rəqəmlər, canlı şahid ifadələri əsasında bu qədim şəhərdə narkomaniyanın, narkobiznesin  tüğyan etməsini, Marselin silahlı bandit dəstələri tərəfindən  idarə olunmasını gün işığına  çıxaran  araşdırma müəllifi  real kadrlar vasitəsilə bügünkü Marselin ürəkdağlayan mənzərəsini son dərəcə peşəkarlıqla təqdim edir.  Bildirilir ki, nəinki gecələr, hətta günün günorta çağı  heç bir sakin və şəhərin qonaqları Marselə  nəzarət uğrunda bir-biriləri ilə “razborka” aparan silahlı bandit dəstələrinin güllələrinə tuş gəlməkdən sığortalanmayıb. Təkcə ötən il belə “razborka”lar zamanı qəfil gülləyə tuş gələn 49 nəfər şəhər sakini həyatını itirib, 100-dən çox günahsız  mülki  şəxs yaralanıb. Qətlə yetirilən və yaralananların böyük əksəriyyətinin gənclər olması  bu şəhərdə kriminal durumun necə dəhşətli həddə çatması barədə aydın təsəvvür yaradır. Dedektiv filmi xatırladan bu  araşdırma-reportajda Marsel şəhərinin prokurorunun çarəsizlikdən doğan acı etiraflarını  isə heç bir halda soyuqqanlıqla izləmək mümkün deyil. Prokuror açıq şəkildə etiraf edir ki,  nəinki Marselin hüquq-mühafizə orqanları, hətta FRANSA DÖVLƏTİ  belə şəhərə tam nəzarəti həyata keçirən bu kriminal qruplaşmaları zərərsizləşdirməkdə acizdir. Telereportajda belə bir dəhşətli fakt da diqqətə çatdırılır ki, Prezident Makronun tərifini göylərə qaldırdığı, az qala bütün dünyaya nümunə göstərdiyi Fransada hazırda narkotik vasitələrin illik dövriyyəsi 3 milyard avronu aşır...

Özünə (oxu: ölkəsinə) umac ova bilməyən, başqalarına (oxu: bütün dünyaya) əriştə, müasir terminlə ifadə etməli olsaq özünün soyadına uyğun fiqurlu makaron kəsmək sevdasına düşən Emmanuel Mak(a)ronun  rəhbərlik etdiyi müasir  Fransanın bugünkü real mənzərəsi  bax, belədir!  Bəs sabahı necə olacaq?  Gəlin, hələlik bu aktual suala cavab axtarmağa tələsməyək...