KÖŞƏ

Elçin Zaman

Artıq İranın molla rejimi anlamalıdır ki…

27 dekabr 2022 23:57
9769

Ölkəmiz müstəqillik qazandığı gündən bu yana İran İslam (?) Respublikası həm açıq, həm də gizli şəkildə bizimlə düşmənçilik edib. Bu, daha çox Azərbaycanın torpaqlarını 30 ildir işğal altında saxlayan Ermənistana hərbi və siyasi dəstəklə reallaşıb. Hətta bu dəstək 44 günlük İkinci Qarabağ müharibəsində daha açıq şəkildə hiss edildi. Özünü müsəlmanların təəssübkeşi kimi qələmə verən İran rejimi işğal müddətində Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə göz yumaraq Ermənistanla iş birliyini daha da möhkəmləndirdi. Hətta Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də İran Ermənistan üçün siyasi, hərbi və iqtisadi «nəfəslik» funksiyasını üzərinə götürmüşdü.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatında Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb ki, onlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Lakin Ermənistandan daha çox İran Zəngəzur dəhlizinin reallaşmasına əngəl törədir. İddia edir ki, bu dəhlizin açılması onun təhlükəsizliyinə təhdiddir.

Bəli, İran əvvəllər pərdələməyə çalışdığı riyakar xislətini gizlədə bilmir. Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa, ölkəmizə qarşı təxribat hərəkətləri törətməyə cəhd göstərir.  Dekabrın 26-da Azərbaycan hüquq- mühafizə orqanları İranın dövlətimiz əleyhinə hazırladığı təxribatçı-terrorçu qrupun bir üzvünü-Yusifov Taleh Rəşid oğlunu ölkəmizə ekstradasiya etdi. Təxminən iki ay öncə isə Bakıda  fəaliyyət göstərən beş İran casusu ifşa olunaraq həbs edildilər. Bütün bunlar bir daha göstərir ki, İran terrora dəstək verən təhlükəli ölkədir.

Azərbaycanın güclənməsini özünün faciəsi kimi qəbul edən molla rejiminin xarici siyasəti kimi, daxili siyasəti də iflasa uğrayıb və xalqın səbrini daşdırıb. Artıq 100 gündən çoxdur ki, İranda davam edən üsyanlar səngimək bilmir. Burada ən çox hüququ pozulanlar isə 35 milyonluq Azərbaycan xalqıdır. İrandakı 50 minlik erməni toplumunun erməni dilli məktəbləri, mətbuatı olduğu halda azərbaycanlıların öz ana dillərində təhsil alacağı bir məktəbi də yoxdur.

Bu gün molla rejimi Azərbaycanı onda ittiham etməyə çalışır ki, İsraillə geniş əməkdaşlıq və dostluq münasibətlərimiz var. Təbii ki, bu müstəqil Azərbaycan dövlətinin öz  seçimidir. Milli maraqlarımıza uyğun olaraq istənilən dövlətlə dostluq əlaqələri qura bilərik. Ancaq İrandan fərqli olaraq İsrail 44 günlük müharibədə Azərbaycanın haqq savaşında yanımızda oldu. Həmçinin İranın molla rejiminə xatırlatmaq lazımdır ki,  BMT Təhlükəsizlik Şurası (TŞ)1993-cü ilin aprelin 30-da Ermənistanın işğal etdiyi Kəlbəcər rayonundan qoşunlarını qeyd- şərtsiz çıxarılması haqqındakı  822 saylı qətnaməni qəbul edəndə İsrail TŞ-nin sədri idi. Həmin qətnamənin qəbul edilməsində məhz İsrailin xüsusi xidmətləri olmuşdu. Ancaq İsraildən fərqli olaraq İran 1992- ci ilin mayında Şuşa və Laçının işğal edilməsində Ermənistanın əsas yardımçılarından biri idi.

İranı narahat edən digər məsələ Azərbaycanın istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də dünyanın 120 dövlətini özündə birləşdirən Qoşulmama Hərəkatında nüfuzunun artmasıdır. Həmçinin Çinin, Rusiyanın, ABŞ və Avropa İttifaqı dövlətlərinin,  eyni zamanda. müsəlman ölkələrinin böyük əksəriyyətinin şiə-müsəlman ölkəsi olan dünyəvi Azərbaycanla əməkdaşlığa böyük maraq göstərməsi fonunda İran nüfuzunun azaldığını hiss edir və ölkəmizə qarşı qabaqlayıcı tədbirlər görməyə çalışır.

Molla rejimi unudur ki, artıq Azərbaycan  heç kimə boyun əyməyən və dünya güclərinin hesablaşdığı qüdrətli dövlətdir. Ona görə də bu gün bizimlə düşmənçilik edənlər yox, dostluq edənlər qazana bilər.