KÖŞƏ

Cavid Əkbərov

Siyasi tullantı

01 iyun 2022 02:38
3820

AXCP sədri Əli Kərimli xislətinə sadiq qalaraq konkret cinayət əməlinə görə ittiham olunan quldurları müdafiə edir

Azərbaycanın dünyada  nüfuzu günü-gündən artdıqca müxalifətin dərdi-qəmi də artır. Dünya dövlətləri Prezident İlham Əliyevin uğurlu təşəbbüslərinə, yürütdüyü güclü siyasətə dəstək verdikcə radikal müxalifət, xüsusilə  ermənipərəst  Əli Kərimli, qondarma “Milli Şura”nın sədri Cəmil Həsənli və onların trolları - Azərbaycana həmişə mənfi münasibət bəsləyən Qənimət Zahid, Sevinc Osmanqızı və digərləri dövlətimizə şər-böhtan atmaqda davam edirlər.

Qarayaxma kampaniyasını “uğurla” davam etdirən AXCP sədri Əli Kərimli artıq bu tip əməlləri ilə bütün ölkədə “ad” çıxarıb. 30 ilə yaxındır ki, Ə.Kərimli antimilli fəaliyyətlə məşğuldur və buna görə də Azərbaycan xalqının üzqarası olan dağıdıcı müxalifət düşərgəsində ən çox nifrət edilən adamdır. Adam ifadəsini təsadüfən işlətmədik. Ona görə ki, beləsinə insan demək insanlığa ən ən böyük hörmətsizlikdir. Çünki hamı adamdır, amma hər adam insan olmur.

Yaramaz əməlləri ilə insanlıq adına ləkə olan AXCP sədri şəxsi “Facebook” səhifəsində həyasız, mənasız, iftiralarla dolu statuslar yazmaqda davam edir. Ə.Kərimlinin bu üzdəniraq statusları hər bir sağlam düşüncəli azərbaycanlıda qəzəb, ikrah hissi doğurur.

AXCP sədri Əli Kərimlinin şəxsi “Facebook” səhifəsindəki növbəti iftirası da təbii ki, bu qəbildəndir. O, mayın 31-də şəxsi “Facebook” səhifəsində paylaşdığı məlumatda Azərbaycan hökumətinə qarşı növbəti dəfə böhtan atıb. O, hökuməti sifarişli həbslərdə və demokratiyanı boğmaqda günahlandırıb. Qeyd edib ki, AXCP Gəncə təşkilatının fəalı Razi Alışova qarşı qondarma narkotik ittihamının irəli sürülməsi də guya bu qəbildəndir. Təbii ki, hökumətə şər atmaq Ə.Kərimlinin köhnə şakəridir.

Göründüyü kimi, Razi Alışov da Ə.Kərimlinin müdafiə etdiyi növbəti cinayətkardır. AXCP sədri ənənəvi olaraq konkret cinayət əməlinə görə ittiham olunan quldurları müdafiə etməkdə ad çıxarıb. Belə ki, cəmiyyətdə dələduzluqda, quldurluqda, oğurluqda, narkomaniyada ad çıxarmış cinayətkarların AXCP-yə üzv olması da adi hala çevrilib. Onlar bu yolla öz cinayət əməllərini ört-basdır etməyə çalışırlar. Təbii ki, Azərbaycan hüquqi, dünyəvi, unitar, demokratik respublikadır və ölkəmizdə heç kim qanundan üstün ola bilməz. Təbii ki, bu cür saxtakarlara öz çirkin siyasi məqsədləri üçün “day-dayı”lıq etmək Ə.Kərimlinin ən böyük rüsvayçılıqlarından biridir.

Torpaqlarımızın işğaldan azad edildiyi vaxtdan il yarımdan artıq vaxt keçsə də, düşmən üzərində qələbəmizə sevinməyən, “güclənən Ermənistan ordusu”, “gözlənilən üçüncü müharibə” kimi təxribat dolu anonsları ilə Zəfərimizə kölgə salmaq xislətinə sadiq qalan Əli Kərimli insanlarda Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışır.

AXCP sədri siyasi cəhətdən tam iflas olduğunu anlayır. Ona görə də bu antimilli ünsür hakimiyyətə gəlmək üçün tək çarəni cəmiyyəti aldatmaqda görür. O, hay-həşirdədir, ancaq artıq alınmır. O, səbəbdən ki, dağıdıcı dəstənin “başbiləni”nin hər bir şər-böhtanı xalqımızda böyük nifrət yaradır. Xalq hökuməti dəstəkləyir, Ə.Kərimlinin həyasız davranışlarını, onun siyasi mövqeyini pisləyir, qəti şəkildə rədd edir. Nankor məqsədi ürəyində qalan Ə.Kərimli uzun müddətdir ki, nə qədər çox çalışsa da cəmiyyətdə çaşqınlıq yarada bilmir.