KÖŞƏ

Vəli İlyasov

"Südünüzə görə mələyin", haylar!

14 dekabr 2023 01:15
1889

Tarixdən məlumdur ki, çar Rusiyası sərgərdan həyat keçirən erməniləri xarici ölkələrdən yığışdırıb Azərbaycan ərazilərində məskunlaşdırdıqdan sonra onlara dövlət də qurub. Təbii ki, yeni qondarılacaq dövlətin müəyyən qədər ərazisi olmalı idi. Ona görə də çar hökuməti azərbaycanlıları sıxışdırıb öz yurdlarından çıxarır, hayların məkunlaşdıqları əraziləri mümkün qədər genişləndirməyə çalışırdı. Təsadüfi deyil ki, 1918-ci ildə elan edilən Ermənistan dövlətinin paytaxt şəhəri olmadığına görə Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya bolşevik hökumətinin təzyiqi ilə İrəvan şəhərini 100 il müddətinə oyuncaq dövlətə icarəyə vermişdi. O zaman ardıcıl törədilən erməni-azərbaycanlı qırğınlarının əsas məqsədi bölgədə hayların mütləq üstünlüyünü yaratmaq məqsədi güdürdü. Əvvəllər çar Rusiyası, sonra Sovet hökuməti erməniləri silahlandırır, onlara planlar cızır, onları reallaşdırmaqda hər cür kömək edirdilər. Son məqsəd isə Cənubi Qafqazdakı yeganə türk-müsəlman dövlətini yox etmək idi. 1948-1953-cü illər deportasiyası da bu məqsədə qulluq edirdi. O zamankı məcburi köçkünlərin sayı 150 min nəfəri keçmişdi. Növbəti deportasiya isə 1988-1993-cü illərdə baş verdi. 300 minə qədər soydaşımız evini, əmlakını orada qoyub qaçaraq canını qurtardı. Qarabağın və ona bitişik rayonların da əhalisi məcburi köçkün düşdü. Nəticədə qaçqın və məcburi köçkünlərin sayı 1 milyona çatdı. Eyni zamanda, Birinci Qarabağ müharibəsi başlandı. Son nəticədə köməksiz və zəif Azərbaycan ərazisinin 20 faizini itirdi. İşğal 28 il çəkdi. Nəhayət, həlledici müharibəyə ciddi hazırlaşan Azərbaycan 2020-ci il sentyabrın 27-də noyabrın 9-dək davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək ərazilərini işğaldan xilas etdi. Ancaq o vaxtdan keçən üç ildə məğlub Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Bəhanələrdən biri deportasiya olunan azərbaycanlıların geri qayıtmalarıdır. Ermənilər buna qətiyyən razılıq vermək istəmirlər.

“Azərbaycanlıların Ermənistana qayıtması gələcəkdə saatlı bombaya çevriləcək.”

Bu fikri Ermənistan mediasına erməni siyasi şərhçi Vigen Akopyan Bakının hər iki tərəfin milli azlıqları ilə bağlı sülh müqaviləsində oxşar ifadələrin olması bəyanatını şərh edərkən deyib.

O, ermənilərin Qarabağa qayıtması qarşılığında azərbaycanlıların da öz yurdlarına – Qərbi Azərbaycana qayıtması tələbinə bu cür reaksiya verib: "Bu, kifayət qədər həssas məsələdir, azərbaycanlılar bu məsələdə çoxdan mövqe ortaya qoyublar. Onlar 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıları geri qaytarmağa çalışırlar. Onların sayı, müxtəlif mənbələrə görə, 300 minə çatır. Onlar çox gözəl başa düşürlər ki, bu, gələcəkdə Azərbaycanın yumşaq gücü olacaq və Ermənistanın altında basdırılmış minaya çevriləcək”.

İblis ermənidən bundan artıq nə gözləmək olar? Şübhələnir, qorxur, təşviş keçirir. Çünki başqalarını da öz arşını ölçür.

Onun iddiasına görə Azərbaycan müharibədən sonra “güzgü prinsipi” tətbiq edir: Laçın varsa, Zəngəzur olmalıdır, Qarabağa ermənilər qayıdırsa, Ermənistana da azərbaycanlılar qayıtmalıdır.

Əlbəttə, belə olmalıdır. Başqa nə cür olmalıdır ki? Ermənilər Qarabağa qayıdacaqlarsa onda azərbaycanlılar da öz doğma yurdlarına qayıtmalıdırlar. Bunun alternativi yoxdur.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində də deyib:  “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini sənəddə əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni təkcə ermənilərin Azərbaycana qayıtması yox, azərbaycanlıların da Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır.”

Hər zaman olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev yenə də ədalət prinsipini əsas götürür və bu, qarşı tərəfin heç bir etirazına səbəb ola bilməz. Axı, düşmənçilik toxumlarını Ermənistan səpib və necə səpibsə o cür də aradan qaldırmalıdır. Çünki Azərbaycanla sonadək düşmənçilik aparmağa onun nə gücü var, nə də potensialı. Ona görə də bizdə el içində deyildiyi kimi "südünüzə görə mələyin!"