16 aprel 2024 02:58
300

İran yenə də aranı qarışdırdı...

İrimiqyaslı müharibə olsa görək "şir"in quyruğu daha hansı ölkələrə dəyəcək

Yaxın Şərqdə daim aranı qarışdıran, müsəlmanların qanının axıdılmasına rəvac verən molla rejimi haqq etdiyi sonluğunun bir addımlığındadır. İslamın üz qarası olan ləbbadəli şeytanlar  başqalarına qazdıqları quyuya  düşüblər. Son vaxtlar özünü ərköyün aparan İran başçıları silah və pulla təmin edib ortaya atdığı terrorçuları müdafiə etmək üçün İsraillə münasibətləri müharibə həddinə çatdırıb. Artıq hərbi əməliyyatlara start verilib. Cinayətə bulaşmış hakimiyyət öz qatillərini hifz etmək üçün ətrafındakılara diş qıcayır. Gözlənilən kimi, İran HƏMAS siyasi lideri İsmail Haniyənin ailə üzvlərinin qisası üçün 4-5 saatlıq havadan hücum təşkil edib. Ancaq uzunmüddətli əməliyyatlar üçün ona nə daxili, nə də xarici faktorlar imkan vermir. Bu, İranın guya HƏMAS yanında nüfuzunu qorumaq üçün məcburi atmalı olduğu addım idi. Bu, açıq göstərir ki, İranın irticaçı rejimi terrora nəinki dəstək verir, hətta onu maliyyələşdirir, muzdlu başkəsənləri silahlandırır, insan qanı axıdanlara hamilik edir.

Amma İran srağagün gecə Qüds şəhərində bütün müsəlman, xristian və yəhudilərin müqəddəs hesab etdikləri məbədləri də raket atəşinə tutub. Belə ki, müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri "Həram əs-Şərif" məscidinin yerləşdiyi müqəddəs məbəd kompleksini, İslam dünyası üçün əhəmiyyətinə görə üçüncü ibadət yeri sayılan "əl-Aqsa" məscidini, xristianlar üçün ən müqəddəs yer olan "Müqəddəs Məzar Məbədi" yerləşən kompleksi, yəhudilərin ən müqəddəs yer saydığı "Ağlama Divarı" nı atəşə tutub. Üç dinin müqəddəs məkanlarının raket atəşinə məruz qoyulması mollaların hər dindən uzaq olduğuna, hətta bütün dinlərə hörmətsizlik etməsinə nə ilə bəraət qazandıra bilər?

Müqəddəs məbədlər ona görə dağılmayıb ki, İsrailin “Dəmir Qübbə” və digər havadan müdafiə kompleksləri İranın atdığı raketləri məhv edib. Əslində İranın məscidləri vurmaq kimi namərd hərəkətlərinə təəccüblənmək lazım deyil. Çünki işğal illərində Qarabağda və ətraf rayonlarımızda 68 məsciddən 65-i dağıdılanda, yerdə qalan 3-ündə isə donuz  və mal-qara saxlamaqla təhqir olunanda İran heç səsini belə çıxarmadı. Bundan əvvəl isə İrəvan xanlarının tikdikləri məscidləri fars məbədləri kimi qələmə verəndə əmmaməli şeytanlar utanıb-qızarmadılar. Dindaşları olan azərbaycanlıların əvəzinə ermənilərə açıq dəstək verdikləri, haylara “qardaşlıq” etdikləri yaddaşımızdan çıxmayacaq. Necə unuda bilərik ki, otuz il gərginlikdə yaşadığımız illərdə Qarabağa ermənilər  tərəfdən döyüşən dəstələr göndərmişdi. Hayların işğal etdikləri ərazilərimizdən narkotik daşınmasını təşkil etmişdi. Ölkəmizin 2020-ci ildəki möhtəşəm qələbəsini həzm etməyən, Araz çayının sahillərinə ordu yığan molla rejimi Azərbaycanı hədələmiş, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə qarşı çıxmışdı. Bizə qarşı “qırmızı cizgi” çəkən fars-molla hakimiyyəti daim Ermənistanın yanında olacağını bəyan edirdi.

Bəs, İranın hazırkı ağır günlərində “qardaşağası” Ermənistan nə edir?

Bu barədə İranın haypərəst  politoloqlarından Poya Hüseyni  təəccüblü açıqlama verib. Əvvəla, o, ermənilər arasında İranın uğursuzluğunun şadyanalıqla qarşılanması və rəsmi Tehranın ünvanına sərt sözlər işlədilməsindən “narahat” olub. Politoloq haylara işarə ilə qəzəbini sualla ifadə edib:  “Deyəsən, İran onların ata evinə hücum edib” kimi kəskin ifadə işlədib.  Çox güman ki,  canı-dildən Ermənistana dəstək göstərən İran ermənilərin bu cür namərd yanaşmasını anlamaqda “çətinlik çəkir” və əsəbiləşir,  digər tərəfdən isə guya bu hücumun hədəflərinə çatdığını açıqlayır, qalib gəldiyini uydurur,  özü özündə yalançı inam yaradır.

Aqoniya vəziyyətində olan fars-molla hakimiyyəti başqalarına qurduğu tələlərə özü düşüb. Elə bir düşünülməmiş və sərsəm addım atıb ki, irəli getsə faciələrdən yaxa qurtara bilməyəcək, geri çəkilsə də ondan əl çəkməyəcəklər. Çünki dünyada cəmi iki imperiya qalıb və onladan biri dörd millətə zillət yaşadan İrandır.  Sivil dövlətlər uzun illərdir ki, bu imperiya qalığını aradan götürmək, ərazisindəki millətlərə azadlıq və seçim hüququ vermək üçün fürsət axtarırdılar. İş elə gətirib ki, qudurmuş molla rejimi bu fürsəti rəqiblərinə özü verib. İranın üç dinin müqəddəs məkanını raket atəşinə tutması müharibənin miqyasının daha da genişlənməsinə səbəb ola bilər. Belə olan halda münaqişə qətiyyən İranın xeyrinə qurtarmayacaqdır. Onun qazandığı düşmən ölkələr başda ABŞ və İsrail olmaqla sürətlə birləşəcək və dünyaya şər yayan cinayətkar hakimiyyəti süpürüb atacaqdır.

Görünən odur ki, başından zərbələr alacaq "şir"in quyruğu daha bir neçə ölkəyə dəyəcək. Özləri artıq bu barədə danışmağa başlayıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl İran parlamentinin üzvü Kuçi adlı deputat İsrailin Bakıdakı səfirliyinə raket zərbələri endirilməsini təklif edib. Bunun ağıllısı belədirsə, gör  dəlisi nə gündədir?..

Əgər İran Azərbaycandakı İsrail elçiliyinə hər hansı zərbə endirərsə, bu,  molla rejiminin və əmmaməli respublikanın sonu olacaq. Çünki Tehran rejiminin belə bir hərəkəti təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region üçün bir təhdiddir. Molla rejimi bu cür açıqlamalarla təkcə Qərbi deyil, regionda maraqları olan müttəfiqlərini də özünə qarşı çevirəcək. Ona görə də fars şovinist hökuməti bu barədə düşünərkən sonra başına nələr gələcəyini də hesablamalıdır. Tehrandan Bakı istiqamətində bircə raketin atılması isə İranın regionda blokadaya düşməsinə gətirib çıxaracaq. Hətta özünə "qardaş" saydığı Ermənistan da ondan üz çevirəcək. Üstəlik, Güney Azərbaycanda və İranın digər bölgələrində 40 milyon Azərbaycan türkü faktoru da unudulmamalıdır. Bununla İranın daxili yenidən qarışacaq və sözün əsl mənasında qan çanağına dönəcək.

Azərbaycan heç zaman arzulamayıb ki, İsrail İranla müharibə etsin. Baxmayaraq ki, uzun illərdir İran molla rejimi bütün imkanları ilə müstəqil Azərbaycan dövlətinə qarşı şərəfsiz fəaliyyət göstərir, düşmən Ermənistana hər cür dəstək nümayiş etdirir. Hər kəsin xislətində nə varsa onu nümayiş etdirir. Biz heç yerdə, o cümlədən İranda müharibə olmasını  istəmirik.

Buna görə də Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatlıq keçirir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial  şəbəkəsindəki paylaşımında da bildirilib. "Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - məlumatda qeyd olunub. Güman ki, döyüş əməliyyatlarının böyük müharibəyə çevrilib-çevrilməyəcəyi yaxın br neçə gündə və bəlkə də bir neçə saatda məlum olacaq.

Vəli İlyasov, “İki sahil”