24 aprel 2024 23:58
244

Diplomatik müstəvidə də qələbələrimiz davam edir

Azərbaycan rasional və şəffat addımları ilə regionda tənzimləyici, etibarlı, güvənli aktor kimi öz xarici siyasətini ildən-ilə inkişaf etdirir. Ermənistan istisna olmaqla öz qonşuları ilə qarşılıqlı hörmətə və beynəlxalq qanunlara əsaslanan əlaqələri ölkəmizin qlobal imicinə də müsbət təsir edir. Bu baxımdandır ki, bəzi Qərb dövlətlərinin qeyri-dost münasibətlərinə rəğmən ümumilikdə Azərbaycanın Qərblə də münasibətləri normaldır.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri də ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək. Səfərin Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılmasının təsdiqlənməsindən bir neçə gün sonra reallaşması bu addımın iki ölkə liderinin qarşılıqlı anlaşma və qərarı əsasında, qarşılıqlı hörmət və etimad şəraitində baş verdiyini göstərir.

Hər zaman sabitliyə, mehriban qonşuluğa, əməkdaşlığa önəm verən Azərbaycan Qərb, Rusiya və digər güclər arasındakı balansı qoruyub. Hər hansı üçüncü tərəfin təkidləri və tövsiyələri əsasında öz ərazisində heç bir dövlətə qarşı cəbhə yaradılmasına imkan verməyib. Bu da qlobal təhlükəsizlik üçün yerinə yetirilməli olan başlıca faktorlardan biri kimi diqqəti cəlb edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi fəaliyyət regional sabitlik və mehriban qonşuluq əlaqələrinə də müsbət təsir edir. Dövlətimizin başçısının Rusiyaya səfəri də dünyada cərəyan edən qeyri-sabitliklər, müharibələr, ölkələrarası münasibətlərin korlanması kontekstində Azərbaycana siyasi dividendlər qazandırır. Bu səfər həm də bölgədəki problemlərin region dövlətləri tərəfindən həll edilməsinin zəruriliyini göstərir, Cənubi Qafqazı daha da təhlükəsiz bir regiona çevirir ki, bu da tranzit yollarının uzunmüddətli fəaliyyəti üçün etibarlı formuldur.  Əks halda münaqişlər, müharibələr ticarətin inkişaf dinamikasına mənfi təsir edər, ciddi böhrana yola aça bilər. Bu da onu deməyə əsas verir ki, regional sabitliyin qorunması həssas məsələ olmaqla bərabər, böyük səy tələb edir,  Azərbaycan da bu məsələdə ciddi addımlar atan ölkə kimi tanınır.

Prezident İlham Əliyevin Rusiya səfəri həm də ağıllı, məntiqli siyasətin tərkib hissəsidir. Azərbaycan bütün tərəfdaşlar, xüsusilə də qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan münasibətləri inkişaf etdirir. Həmçinin Azərbaycan özü üçün potensial təhlükə yarada biləcək heç bir prosesə qoşulmamaqla yanaşı, qonşuları- Türkiyə, İran, Rusiya, Gürcüstanla bərabərhüquqlu və qarşılıqlı etimada əsaslanan münasibətlər qurub. Bundan əlavə, ölkəmiz bir-birinə əks qütbdə dayanan qüvvələr ilə münasibətlərində neytrallığını qoruyub, hər hansı siyasi, hərbi bloka qoşulmayıb. Çünki bu addım Azərbaycanı müəyyən mənfi çağırışlarla üz-üzə qoysa da, regional əməkdaşlığı və sabitliyi üçün əsas xüsusiyyətlərdəndir. Necə ki, uzun illər ərzində Rusiyanın himayəsində olan Ermənistan hazırda Qərbə meyillənməklə ərazisində yeni cəbhə formalaşdıraraq, özünə ciddi təhdidlər yaradır. Bəlkə də buna görədir ki, heç bir region dövlətinə qarşı koalisiyaya qoşulmayan Azərbaycana müəyyən təzyiqlər edilir, iradəsinə təsir edilməyə çalışılır. Yəni, kollektiv Qərbin Ukraynada Rusiyaya qarşı müharibəsi fonunda rəsmi Kremlin əhatə dairəsinin daraldılması üçün Azərbaycandan da istifadə edilməsi planları işə yaramadı. Ölkəmiz böyük güclərin Cənubi Qafqazla bağlı düşüncələrinə bələd olduğu üçün bu gün həmin dairələrin  Azərbaycanla əlaqədar istəkləri alt-üst olub. Bütün bunlar regonal təhlükəsizlik mühitinin qorunması və gələcək təhdidlərin zərəsizlşdirilməsi baxımından uzaqgörən addımdır ki, dövlətimizin başçısı tərəfindən uğurla həyata keçirilir. 2020-ci ildə baş verən ikinci Qarabağ müharibəsi zamanı bügünkü uğurlarının əldə olunması üçün zəmin yaradan Azərbaycan hərbi sahədə olduğu kimi, diplomatik müstəvidə də qələbələr qazanmaqda davam edir.

Bir il əvvəl-2023-cü ilin aprelin 23-də Azərbaycan-Ermənistan şərti Laçın dövlət sərhədində Laçın nəzarət-buraxılış məntəqəsi qurulmuşdu. Yenə də təqribən bir il sonra 2024-cü ilin aprel ayında növbəti uğurlarımız –Qazaxın 4 kəndinin Azərbaycanın ərazisi kimi tanınması və Rusiya sülhmərəmalılarının vaxtından əvvəl Qarabağı tərk etməsi barədə qərarın verilməsi reallşadı. Bundan əvvəl isə ötən ilin 19 sentyabr antiterror əməliyyatı ilə Qarabağda separatizmin kökü kəsildi və ərazilərimiz cinayətkarlardan təmizləndi.

Dünyada cərəyan edən xaoslar, münaqişlər fonunda Azərbaycanın əldə etdiyi uğurlar bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Qarşımızda duran növbəti siyasi hədəflərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır ki, Azərbaycan bunun reallaşması istiqamətində əməli fəaliyyət həyata keçirir. Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması məsələsinə toxundu, Ermənistanı kommunkasiyaların açılmasına mane olmamağa çağırdı. İrəvana 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı xatırladan dövlətimizin başçısı bu məsələnin də həll edilməsinin normallaşma və gələcək əməkdaşlıq üçün zəruri olduğunu vurğuladı.

Azərbaycan Prezidentinin qərarlılığı və verdiyi vədləri yerinə yetirməsi artıq Ermənistanda da şübhə doğurmur. Bir vaxtlar “Qarabağ Ermənistandır” deyən Nikol Paşinyan hazırda mövcud reallıları qəbul etmək məcburiyyətində qalıb. Ona görə də zaman uzatmaq əvəzinə götürdüyü öhdəliklərə əsasən dəhliz mövzusunda da razşlaşması Ermənistanın xeyrinə olacaq. Əks halda isə Ermənistan əsasən Qərbin maraqları naminə suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

Elmir Səftərov,
Siyasi şərhçi