25 aprel 2024 02:58
376

İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq Forumun keçirilməsi dünya ictimaiyyətinin diqqətini yenidən dialoq məkanı olan Azərbaycana yönəldib

Dünya siyasətinin təhlili və araşdırmaları ilə məşğul olan beyin mərkəzləri cəmiyyətlərə innovativ ideyalar təqdim edir,
informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda fəaliyyət göstərirlər. Əsasən siyasətçilərin elmi araşdırma ilə məşğul olduğu bu mərkəzlərin əsas funksiyaları ictimai əhəmiyyət kəsb edən məsələlərdə qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə mövzularını təhlil etməkdir.

Dünya siyasətinin qaynar, önəmli məkanı olan Cənubi Qafqazda son illərdə bu cür mərkəzlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər sayca artdığı kimi, fəaliyyət istiqamətləri baxımından da diqqəti cəlb edir. Azərbaycanda fəaliyyət göstərən, beş əsas istiqamət üzrə araşdırmalar aparan beyin mərkəzləri «big data» (böyük verilənlər) və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və araşdırmalar, texniki-elmi təhlillər, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan «data»ların obyektiv təhlili ölkəmizə diqqəti artırıb.

Ümumiyyətlə, dünyada 6500-dən artıq beyin mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin bir çoxu effektiv kommunikasiyanın qurulması, onların təsir imkanlarının artırılması və nəticənin əldə edilməsində ölçü meyarları barədə standartlar müəyyənləşdirmək üçün araşdırmalar aparır. Bu beyin mərkəzləri son 30 ildə qloballaşma və idarəetmə, beynəlxalq iqtisadiyyat, ətraf mühit problemləri, beynəlxalq sülh və təhlükəsizlik, yoxsulluğun azaldılması, səhiyyə və qlobal sağlamlıq, informasiya və cəmiyyət kimi mühüm sahələrdə bilik və siyasət arasında körpü yaratmağa kömək edən bir sıra qlobal təşəbbüslər irəli sürüblər. Beyin mərkəzləri beynəlxalq əməkdaşlıq səylərini artırmaqla bütün dünyada vətəndaş cəmiyyətlərini gücləndirir, siyasi qərarların qəbul edilməsi prosesini təkmilləşdirir, regional və beynəlxalq şəbəkələr yaradırlar.

Hər hansı bir ölkənin daxili və xarici siyasətində, vətəndaş cəmiyyətində iqtisadi siyasəti təhlil edən tədqiqat mərkəzləri daha önəmli rola malikdirlər. Beyin mərkəzlərində dünyanın aparıcı alimləri və mütəxəssisləri çalışırlar, həlli vacib məsələlər üzrə siyasi sənədlər hazırlayırlar.

Ölkəmizdə beyin mərkəzlərinin iştirakı ilə beynəlxalq forumların, konfransların təşkili ənənə halını alıb. Cənubi Qafqazın lider dövlətlərindən olan, dünyanın siyasi arenasında əhəmiyyəti artan, bölgədə sabitliyin yaranması üçün liderlik vəzifəsini yerinə yetirən Azərbaycanda 2022-ci il sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Beyin Mərkəzlərinin I Forumu keçirilib. Forumun keçirilməsində əsas məqsəd politoloqların birləşdiyi mərkəzlərin fəaliyyətinin stimullaşdırılması və onun dövrün tələblərinə uyğun təşkili, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın, əməkdaşlığın qurulmasının təmin olunması idi. Bu cür forumlarda aparılan müzakirələr və verilən təkliflərin müzakirəsi proqnozların istiqamətləndirilməsi baxımından çox əhəmiyyətlidir.

Belə ki, 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq», bir il sonra Şuşada başlayan, daha sonra işini Bakıda davam etdirən «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfranslar da iştirakçıların sayının artması xüsusilə diqqəti cəlb edir. 23 ölkəni təmsil edən 40 iştirakçı ilə keçirilən konfransda ölkəmizin mədəniyyət mərkəzi sayılan bu şəhərdə aparılan quruculuq və bərpa mövzusuna həsr edilmiş konfransın «Əməkdaşlıq, imkanlar və çağırışlar» adlı panel müzakirələr xüsusilə diqqəti cəlb etmişdi. Xarici ekspertlərin iştirakı ilə keçirilən paneldə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin formalaşması, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisi, təhlükəsizliyi və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Ekosistemin qorunmasına xidmət edən “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycanın iqtisadi və eyni zamanda, “yaşıl inkişafa” yönəlmiş siyasətinin beyin mərkəzləri tərəfindən öyrənilməsi və dəstəklənməsi «qlobal ictimai» əhəmiyyət daşıyır.

Aprelin 23-də ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə «COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq Forumun keçirilməsi dünya ictimaiyyətinin diqqətini yenidən dialoq məkanı olan Azərbaycana yönəldib.

Xuraman İsmayılqızı, “İki sahil”