25 aprel 2024 12:01
174

Vətəndaşların Dövlət Vergi Xidmətinə müraciətləri azalıb

Bu ilin I rübündə vergi orqanlarına ümumilikdə 32 459 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır.

"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, müraciətlərdən 96,3 %-i ərizə, 3,6 %-i şikayət, qalan hissəsi təklif olub. 50 müraciətin icrası nəzarətə götürülüb.

Müraciətlərin 93,8 %-nin baxılması 2024-cü ilin I rübündə başa çatdırılıb, 6,2 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 66,8 %-i həll olunub, qalanları barədə qanunamüvafiq tədbirlər görülüb.

Müraciətlərin tərkibində faktiki şikayətlərin sayı 2 588 olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,2 % azalıb. Həll edilmiş şikayətlərin 76,3 %-i kameral vergi yoxlamaları, qalan hissəsi isə vergi borcları, vergi ödəyicisinin qeydiyyatı, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, maliyyə sanksiyasının silinməsi, operativ vergi nəzarəti, vergi mükəlləfiyyəti və digər məsələlərlə bağlı olub.

I rübdə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 119, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 11 vətəndaşın qəbulunu təşkil edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.