25 aprel 2024 15:35
343

“Check up” nə üçün və kimlərə vacibdir? - Ekspert AÇIQLAYIR

“Check up” hərtərəfli müayinələrin keçirilməsi vasitəsilə sağlamlıq vasitələrinin yoxlanılması üzrə proqramın ümumi adıdır.  “Check up” proqramları xəstəliklərin erkən diaqnostikasında və müalicəsində böyük əhəmiyyət kəsb edir.

Bu fikirləri “İki sahil”ə  özəl açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev söyləyib.  

Ailədə tez-tez rast gəlinən xəstəliklər varsa...

Terapevtin sözlərinə görə, insan əgər uzun müddət yaşamaq istəyirsə və daha sağlam yaşamaq istəyirsə mütləq “Check up” proqramlarından keçməlidir. Və yaxud da ailəsində tez-tez rast gəlinən xəstəliklər varsa, tutaq ki, bir insanın ailəsində gənc yaşda mədə-bağırsaq xərçəngindən,  ürək-qan-damar sistemi xəstəliyindən cavan yaşda ölən insanlar varsa, bu zaman mütəmadi olaraq bu insanlar  “Check up” müayinəsindən keçməlidir. Və yaxud da ailədə şəkərli diabet varsa, insanlar bunun üçün risk qrupudur, buna görə də mütləq “Check up” proqramı keçməlidir. Xəstənin özündə hər hansı bir narahatlıq yaradan simptom varsa, “Check up” proqramından keçməlidir. Sağlam olub-olmadığınızı bilmək istəyirsinizsə, “Check up” proqramından  keçməkdə fayda var.

Mütəxəssis diqqətə çatdırdı ki, “Check up” proqramından keçməyin əhəmiyyəti odur ki, ilk növbədə  vaxtında xəstəliklərin  diaqnostikası qoyulur. Bu, bizim üçün niyə önəmlidir? Tutaq ki, bir xəstəliyin müalicəsi ilk mərhələdə çox rahatkən sonrakı mərhələdə bu ciddi şəkildə problem yaradır və müalicə bizim üçün çətinləşir. Ona görə də vaxtında xəstəliklərin diaqnostikasını qoyub, müalicəsinə başlamaq lazımdır.

Ümumi müayinədən sonra uyğun “Check up” paketi hazırlanmalıdır

Zakir Quliyevin sözlərinə görə, “Check up” müayinəsindən öncə mütləq həkimlə görüşülməlidir. Çünki  bəzən görürük ki, “Check up” müayinəsinin nəticələrinə əsasən həkimlə görüşülür. Əslində, isə öncə həkim “Check up”  etdirəcək şəxslə görüşməlidir. Ümumi müayinədən sonra həmin şəxsə uyğun “Check up” paketi hazırlanmalıdır. “Check up” müayinəsi hər hansı laborator, qan analizlərindən ibarət deyil. “Check up” müayinəsi xəstə ilə danışıqdan başlayır. Xəstənin həkim tərəfindən müayinə edilməsi ilə davam edir, eyni zamanda, bura analizlər, instrumental müayinə daxildir.

Yaqut Ağaşahqızı, “İki sahil”