25 aprel 2024 15:59
358

COP29 sülh prosesinin nəticəsidir

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı göz qabağındadır. Uğurlarımızı şərtləndirən əsas amilllərdən biri xarici siyasətimizin prinsiplərinin dəyişməzliyidir. Belə ki, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur və illər keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Təbii ki, bu uğurlarımız Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyində əhəmiyyətli rol oynayır. Ölkəmiz hazırda iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqqətindədir. Müxtəlif mövzularda konfransların və forumların Azərbaycanda keçirilməsi ölkəmizin xarici siyasət uğurlarının, eyni zamanda, hər bir sahədə zəngin təcrübəyə, potensiala malik olmasının təqdimatıdır. Bu baxımdan artıq ADA Unuversitetində keçirilməsi ənənə halını alan beynəlxalq konfransları və forumları qeyd etmək istərdik. Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi.  Universitetdə bu günədək keçirilən beynəlxalq konfranslara diqqət yetirdikdə həm müzakirəyə çıxarılan hər bir mövzunun həmin dövrün çağırışlarını özündə əks etdirdiyini, həm də tədbir iştirakçılarının marağının ilbəil artdığını onların say tərkibinin genişlənməsində aydın ifadəsini tapdığını görərik. Builki tədbirdə 30 ölkədən 64 iştirakçı vardı. Onu da qeyd edək ki, Prezident Əliyevin şəxsi təşəbbüsü və dəstəyi sayəsində iştirakçılar forumdan sonra Ermənistanın işğalından azad olunmuş və artıq məcburi köçkünlərin qayıdışına şahidlik edən gözəl Laçın şəhərinə səfər etdilər. Əvvəlki forumlarda iştirakçılar Şuşada, Ağdamda və Zəngilanda olmuşdular. Bu mühüm addımın reallıqlarımızın təbliğində böyük rolu vardır.    

Cənab İlham Əliyev forumdakı çıxışında sonuncu dəfə görüşün ötən ilin  dekabrının  əvvəlində olduğunu önə çəkərək bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurları  diqqətə çatdırdı. “O vaxtdan bəri Azərbaycanda və ətrafda bir çox hadisələr baş verib və deyərdim ki, bütün bu hadisələr müsbət məcrada cərəyan edib” söyləyən  dövlətimizin başçısı bildirdi ki, buraya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sərhədlərin delimitasiyası daxildir. COP29-a gəldikdə isə, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Bu mötəbər tədbirə hazırlığın fəal mərhələsindəyik. Yaxşı nəticələr əldə etmək üçün biz olduqca fəal və səmərəli çalışmalıyıq: “Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.”

Bu mühüm məqam da xüsusi qeyd edildi ki, COP29 sülh prosesinin nəticəsidir. Dövlət başçısı İlham Əliyev bu fikri təsdiqləyən amilləri də qeyd etdi. Birincisi,  məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. İlk dəfə idi ki, beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni, qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi.

Ölkə Prezidenti atdığımız addımların nəticələrinin daha bir nümunəsi olaraq sərhədin delimitasiyasındən bəhs etdi: “Əlbəttə, iki ölkə, xüsusilə də iki xalq arasında daha çox etimadın artırılması üçün görüləcək işlər çoxdur. Lakin burada əsas məsələ tendensiyanın nədən ibarət olması, hansı istiqamətdə irəliləməyimizdir və söylədiklərimin bariz nümunələri var. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.”

COP29 Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun göstəricisi olmaqla yanaşı, ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensiala malik olmasının, həmçinin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə davamlı töhfələr verməsinin və onları daha da artırmaq istəyinin təqdimatıdır. Azərbaycan zəngin neft və qaz resurslarına malik olmasına baxmayaraq yaşıl enerjiyə keçidin prioritet məsələ olduğunu açıqlayır. Cənab İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırarkən  bu məqamlara xüsusi diqqət yönəltdi ki, artıq Azərbaycan 30 ildir beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkə Azərbaycan olub və gələcəyimiz daha da parlaqdır. Qazıntı yanacağından istifadəni dayandırmayacaq, lakin, diqqəti yaşıl gündəliyə yönəldəcək.

Cənab İlham Əliyev dayanıqlı inkişaf və enerji məsələsinə gəldikdə, bildirdi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız gəlirlərin ədalətli şəkildə paylanmasını təmin etmək üçün neft və qaz vəsaitlərini yoxsulluq və işsizlik kimi məsələlərin həllinə yönəltdiyimizi aydın şəkildə göstərir. Enerji əməkdaşlığımıza başlayanda və neft satışından ilk gəlirləri əldə edəndə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi. Yəni, hər iki adamdan biri yoxsul idi. Qaçqınlar arasında bu göstərici 75 faizi ötürdü. Hazırda həmin göstərici 5 faizə qədər azaldılıb. Eyni vəziyyət işsizlikdə müşahidə olunur. Hazırda Qarabağda sosial infrastruktur yaradılır, genişmiqyaslı tikinti gedir. Müasir xəstəxanaların, klinikaların, universitetlərin, məktəblərin tikintisi üzrə xüsusi proqram var. Bir sözlə, sosial infrastruktur ən vacib məsələlərdən biridir. Məşğulluğa aid məsələ hər zaman diqqət mərkəzində olub. Çünki əhali artır. İlbəil on minlərlə vətəndaşımız dünyaya gəlir və beləliklə, məşğulluq məsələlərində hər zaman diqqətli olmalıyıq. Dövlətimizin  başçısı vurğuladı ki, işsizliyin bu qədər aşağı səviyyədə olması bizi rahat etməli deyil: “Əgər siz inkişaf məsələsini həll etməsəniz, çətin olacaq. Xüsusən də indi - dördüncü sənaye inqilabı zamanı bir çox ixtisas və peşələrə ehtiyac qalmır. Beləliklə, biz ciddi çağırışla üzləşəcəyik. Buna görə biz gənc nəslimizi hələ mövcud olmayan, lakin iki-üç ildən sonra yaranacaq yeni işlərə hazırlamalıyıq.”

Prezident İlham Əliyevin forumdakı çıxışı və iştirakçıların suallarına cavabları gələcəklə bağlı aydın təsəvvürlərin yaranmasında əhəmiyyətli rol oynayan çağırışlarla zəngindir. Dövlətimizin başçısı regional təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan, tarixi Zəfərimizin reallıqları əsasında dünya siyasətində baş verən yeniliklərdən də bəhs etdi. Dövlətlərarası münasibətlərdə etimadın qorunması əsas hədəf kimi qarşıya qoyuldu.  Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biri məhz etimad və səmimi münasibətin qurulmasıdır.

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri